Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:52

'Xaricdə olub, bizdə olmayan çox peyvənd var'-media icmalı 


Uşaqlara peyvənd vurulması, arxiv foto
Uşaqlara peyvənd vurulması, arxiv foto

Xarici risqlərə qarşı tədbirlər, məktbəqədər müəssisələrdə vəziyyət, bəzi peyvəndlərin olmaması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

“ 505 bağça müdirinin ali təhsili yoxdur”

“Modern.az” saytı-nda “Bağçalarda bərbad durum: ali təhsilsiz müdirlər, yaşlı tərbiyəçilər, qanunsuz ödənişlər... - deputat və təhsil ekspertindən etiraz” sərlövhəli yazı oxumaq olar.

Yazının əvvəlində Dövlət Statistika Komitəsinin məktəbəqədər təhsil müəssisələri ilə bağlı bəzi rəqəmləri yer alır:

“... Dövlət bağçalarında işləyən 16099 pedaqoji işçinin 31,8 faizi ali, 61,7 faizi orta ixtisas, 6,3 faizi isə tam orta təhsillidir. 1679 dövlət bağçasının müdirlərindən 69,9 faizi ali, 28,6 faizi orta ixtisas, 1 faizi isə tam orta təhsillidir.Ümumilikdə isə rəsmi statistikaya əsasən, 505 bağça müdirinin ali təhsili yoxdur”.

Bakı icra hakimiyyətinin binası
Bakı icra hakimiyyətinin binası

Müəllifin qeyd etməsinə görə, Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat katibi İsrafil Kərimov onlara bildirib ki, paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində ali təhsilsiz bağça müdiri yoxdur:

“ Bir neçə il bundan qabaq Təhsil Nazirliyi bütün bağça müdirlərinin diplomlarını yığıb və onların uyğun olub-olmadığını yoxlayıb. Bakı şəhəri üzrə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində bir nəfər də olsun nə diplomsuz, nə də diplomu bağça təhsilinə yaramayan bağça müdiri var”.

Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Asim Mollazadə isə deyib ki, məktəbəqədər təhsil müəssisələrinin sayı artmalı, bu şəbəkə genişlənməlidir:

“...Bu gün bağçalarla bağlı problemlər hamını narahat edir. Dövlət bağçalarında olan rüşvət faktları ilə bağlı sərt mübarizə aparılmalıdır...”.

Etibar Əliyev, 18 iyun 2010
Etibar Əliyev, 18 iyun 2010

Təhsil eksperti Etibar Əliyev isə düşünür ki, məktəbəqədər təhsil müəssisələri mütləq Təhsil Nazirliyinin tabeliyinə verilməlidir.

E.Əliyevə görə, məktəbəqədər təhsil müəssisələrinin kadr təminatında çox böyük problemlər var:

“Araşdırsanız görərsiniz ki, böyük əksəriyyəti qiyabi təhsil alıb. Qiyabi təhsilin vəziyyəti haqqında hamımız məlumatlıyıq. Buna görə də bağçaların səviyyəsi çox aşağıdır”.

Ekspertə görə, təhsilin bu mühüm həlqəsində islahatlara ehtiyac var...

“Valideynlərin peyvənd dərdi”

Vaksinlər
Vaksinlər

“Yenisabah.az” saytı-nda “Valideynlərin peyvənd dərdi -bunlar dövlət

xəstəxanalarında niyə yoxdur?” sərlövhəli yazı diqqət cəlb edir.

Müəllif dövlət xəstəxanalarının peyvəndlərlə təminat məsələsi ilə bağlı pediatr Günay Rəsulova ilə şöhbətləşib. Yazıda bildirildiyinə görə, bütün dünyada AKDS (tetanus) kimi tanınan GDT peyvəndi Azərbaycanda iki fərqli şəkildə vurulur:

“Sosial şəbəkələrdə yayılan məlumata görə, özəl klinikalarda bu peyvənd zəiflədilmiş şəkildə istifadə olunduğu halda, dövlət xəstəxanalarında isə adi formada vurulur. Ancaq dünya həkimləri də GDT peyvəndinin yüngülləşdirilmiş formada vurulmasını tövsiyə edirlər”.

Müəllif daha sonra sual edir :

“Bəs bu peyvəndi özəl xəstəxanalarda vurdurmağa imkanı çatmayanlar hansı fəsadlarla üzləşə bilərlər?”

Günay Rəsulova da syta deyib ki, peyvəndin zəiflədilməsi onun əks təsirlərinin üzə çıxması ehtimalını azaldır:

“ Lakin bu zəiflədilmə, onun immunitet yaradıcı xüsusiyyətini dəyişmir. Misal üçün, göy öskürək əleyhinə antigen özəldə asellular, dövlətdə sellular formadadır. Belə izah edim. Birinci, mikrob hüceyrəsinin kiçik hissəcikləri, digəri bütöv hüceyrənin özüdür. Bütöv hüceyrə olanda əks təsirləri, yeni peyvənddən sonra yaranacaq əlavə təsirlərin - qızdırma, yerli şişkinlik kimi halların müşahidə olunması ehtimalı artır. Digərində isə bu ehtimal daha azdır. İmmunitet isə hər 2 peyvenddə eyni cür əmələ gəlir. Nəticə dəyişmir”.


Pediatr dövlət xəstəxanalarında suçiçəyi peyvəndinin olmamasından da danışıb.

“Dövlətdə suçiçəyi peyvəndi heç vaxt olmuyub, elə indi də yoxdur. Amma xarici ölkələrdə var. Xaricdə olub da, bizdə olmayan tək su çiçəyi deyil, çox peyvənd var. Bunlara rotavirus, ,hepatit A, meningit peyvəndlərini misal göstərə bilərik. Bunların bizdə olmamasının səbəbi isə maliyyə-iqtisadi çatışmazlıqlarla əlaqəlidir”, - deyə pediatr əlavə edib.

“Qabaqlayıcı tədbirlər, xarici risklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini neytrallaşdırır”

“Azərbaycan” qəzeti-ndə isə “Mütərəqqi nümunə” sərlövhəli yazı dərc edilib.

Müəllif yazır ki, indi dünya ölkələrində iqtisadi problemlər yaşanmasına, regional səviyyədə gedən mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirlərinə baxmayaraq, Azərbaycanda təmin olunan dayanıqlı inkişaf aparılan islahatların uğurlu nəticələr verdiyini bir daha təsdiqləyir. Yazıda vurğulandığına görə, elə bunun səbəbidir ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının hazırladığı "Doing Business 2019” hesabatında Azərbaycan ən islahatçı ölkə kimi göstərilib:

“Ölkə iqtisadiyyatının inkişafı üçün həyata keçirilən praqmatik islahatlar bütövlükdə ardıcıl uğurlar qazanmağa təkan verir. Eyni zamanda, görülən qabaqlayıcı tədbirlər, xarici risklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirini neytrallaşdırır, ölkənin dayanıqlı inkişafını təmin edir”

İlham Əliyev, hökumətin iclası, 11 yanvar 2019
İlham Əliyev, hökumətin iclası, 11 yanvar 2019

Müəllifin fikrincə, prezident İlham Əliyev-in iqtisadi islahatlar paketi çərçivəsində sahibkarlığın inkişafı ilə bağlı verdiyi qərarlar strateji xarakter daşımaqla yanaşı, son bir neçə ildə ölkədə özəl sektorun inkişafında yeni dövrün başlanğıcına zəmin yaradıb:

“Biznes mühitinin əlverişliliyinin daha da artırılması üçün vergi və gömrük islahatları davam etdirilir, onlayn vahid ixrac ərizəsi, "yaşıl dəhliz”, biznesə başlama, kreditlərə əlçatanlıq sahələrində mühüm islahatlar aparılır.”

Sonda da müəllif yazıb ki, istənilən ölkədə iqtisadi azadlıq mövcuddursa, dövlət xarici güc və amillərdən asılı olmayaraq xalqın layiqli yaşayışını təmin edə bilir, maddi, mənəvi ehtiyatlarını qorumağa qadir olur:

“ Məhz ölkənin iqtisadi azadlığı şəraitində azad iqtisadiyyat, yəni fəaliyyəti kənar qüvvələrin təsirinə məruz qalmayan sağlam və sərbəst rəqabətə əsaslanan iqtisadiyyat mümkündür. Bu gün Azərbaycanın da adı həmin ölkələr sırasında çəkilir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG