Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:26

Xaricdə təhsil üçün 6 yer iqtisad, 13 yer incəsənət ixtisaslarına ayrılıb


İllüstrasiya
İllüstrasiya

Azərbaycan Gənclər Fondu xarici universitetlərdə magistr təhsilinin maliyyələşdirilməsi üzrə müsabiqə elan edib. Təqaüdçülər yalnız Fond tərəfindən qeyd edilən ölkələr və elan edilən prioritet ixtisas istiqamətləri üzrə müraciətçilər sırasından seçilir. Müsabiqəyə Azərbaycan Respublikasının 16-29 yaş arasında vətəndaşları qatıla bilər. Bu haqda Fondun mətbuat katibi Şəfa Mehmanqızı AzadlıqRadiosu-na məlumat verib.

O, bunun pilot layihə olduğunu, bu səbəbdən, istər-istəməz, say məhdudiyyətinin olduğunu, çox sayda gəncin, məsələn, 500 ya 1000 nəfərin layihədən yararlana bilməyəcəyini də qeyd edir:

“Xaricdə magistr təhsili almaq istəyən, Gənclər Fondunun siyahısında adı göstərilən ali təhsil müəssisələrində, 74 ixtisas üzrə universitetə qəbul olunmuş hər bir şəxs bizim müsabiqədə iştirak edə bilər”.

Şəfa Mehmanqızı 200 universitetdə 74 ixtisas üzrə magistr təhsili almaq imkanı yarandığını qeyd edir: “Avropanın ilk 500-lüyündə, ABŞ-da və Böyük Britaniyada isə ilk 100-lükdə yer alan universitetlər siyahıya salınıb. Avropada təqaüd qazanmış, magistr oxumaq istəyən tələbələrin bütün təhsil haqları ödəniləcək. Amerikada və Böyük Britaniyada magistr təqaüdü qazanmış şəxslərin isə yaşayış və nəqliyyat xərcləri Fond tərəfindən ödəniləcək”.

Yaş məhdudiyyətindən, universitetlərin sayından narazılıq var

Xaricdə təhsil almış Nərmin Rəhimli AzadlıqRadiosu-na deyir ki, bu elanda onun diqqətini iki məsələ çəkib, biri universitetlərin siyahısı, ikincisi yaş həddi. O, xarici universitetlərdə, xüsusən də qabaqcıl universitetlərdə adətən magistr təhsili üçün müəyyən iş təcrübəsi qazanan şəxslərin müraciətinə “daha isti” baxıldığını söyləyir.

“Amma həmin elanda 29 yaş məhdudiyyəti qoyulub. Bu, məni birinci növbədə narahat edən məsələdir”, – Nərmin Rəhimli əlavə edir.

Onu narahat edən ikinci mühüm məsələ Təhsil Nazirliyinin 2007-2015-ci illərdə gerçəkləşdirdiyi dövlət proqramı ilə müqayisədə universitetlərin sayının xeyli azaldılması və məhdudlaşdırılmasıdır. Keçmiş məzunun fikrincə, bəzi universitetlər ilk yüzlükdə olmasa da, “mövzu üzrə reytinqlərdə top yüzdə olan universitetləri xeyli üstələyir”.

Nərmin Rəhimli
Nərmin Rəhimli

Nərmin Rəhimli bir məqama da diqqət çəkir, o hesab edir ki, tək magistr yox, bakalavr və hətta doktorantura təhsili üzrə müsabiqə keçirilməlidir:

“Hətta mən deyərdim ki, Gənclər Fondu doktorantura ilə bağlı universitetlərlə əməkdaşlıq proqramları təklif etsin. İkincisi, bu gün kənd təsərrüfatı bizim ölkədə prioritet sahələrdəndir, yaxşı olardı ki, bu sahə üzrə gənclərin bakalavr təhsili almasına imkan yaradılsın. Bu sahə üzrə ön tarixçəsi olmayan şəxsin gedib xarici universitetdə təhsil alması problem olacaq. Siyahıya kənd təsərrüfatı üzrə xeyli ixtisas əlavə olunub. Amma burdakı zəif təhsillə gedib Avropada, ABŞ-da magistr təhsili almaq mümkün deyil. Elə bunu tibb sahəsinə də aid etmək mümkündür. Bir çox sahələr üzrə bakalavr təhsilinin olması daha effektivdir. Tək magistr təhsili üzrə müsabiqə keçirilməsi məhdudlaşdırıcıdır. Amma yəqin, ayrılan büdcə sadəcə magistr təhsilinə bəs edir. Bir neçə il qabaq xaricdə təhsil proqramının dayandırılmasına etirazlar vardı. Məqsəd görünür, bu etirazların qarşısını almaqdır”.

Fond: “Magistr oxumaq istəyənlərin sayı azdır”

Gənclər Fondunun sözçüsü Şəfa Mehmanqızı bakalavr təhsili üzrə deyil, magistr təhsilinə vəsait ayrılmasına aydınlıq gətirir:

“Magistr oxumaq istəyənlərin sayı müəyyən qədər azdır. Təhsil Nazirliyi də bakalavr təhsili ilə yetərincə məşğul olub. Gənclər Fondu isə gənclərin xaricdə magistr təhsilini pilot layihə kimi təqdim edir”.

Təhsil eksperti Kamran Əsədov Azərbaycanda bakalavr sahəsində yox, magistr pilləsində təhsilə ehtiyac olduğunu düşünür. O, ölkədə aparılan elmi tədqiqat işlərinin dünya səviyyəsində olmadığını bildirir: “Bakalavr səviyyəsində təhsil alıb qayıdanda da burda elmi tədqiqat işi apara bilmirlər. Amma magistr və doktorantura təhsilini xaricdə aldıqda daha böyük uğur qazanmaq mümkündür”.

Xoreoqrafiya, muzeyşünaslıq, musiqişünaslıq…

AGF-nin siyahısında xoreoqrafiya, solo ifa, muzeyşünaslıq, instrumental ifaçılıq, musiqişünaslıq kimi sahələr üzrə magistr təhsilinə də yer ayrılıb. Bununla bağlı yanaşmalar fərqlidir. Məsələn, Nərmin Rəhimli incəsənət sahəsində gənclərin xaricdə təhsil haqqı olduğunu qeyd etsə də, dövlət büdcəsindən ayrılan maliyyənin daha prioritet sahələrə ayrılmasını vacib sayır.

Kamran Əsədov bu sahələr üzrə xaricdə magistr oxuyanların ölkədə “müasir çağırışlara cavab verəcək işlər görəcəyini, sovet standartlarından uzaqlaşacaqlarını” düşünür. Təhsil eksperti Nabatəli Qulamoğlu isə bu cür ixtisas seçimini “kommersiya maraqları” ilə izah edir.

“Bu gün Azərbaycana bu sahələr üzrə magistr təhsili alacaq şəxslər lazım deyil… Şübhələrim var ki, bu ixtisas seçimində müəyyən kommersiya məqsədləri var. Hansı ölkələrlə gizli-aşkar əlaqələri var, onlarla iş görürlər. Bu iş şəffaf deyil. Necə aparıldığı şəffaf deyil. Bəzən daha yaxın adamları göndərirlər. Bundan qabaq da görmüşük”, – ekspert iddia edir.

Gənc fəal Zaur Qurbanlının da gözləntisi böyük deyil, xüsusən də layihə “verdiyi qrantların korrupsiya yemi olması haqda hər zaman ehtimallar səslənən” Gənclər Fonduna tapşırıldığına görə.

AGF sözçüsü Şəfa Mehmanqızı Qulamoğlunun fikirlərini əsassız sayır, o, seçim aparılarkən ölkənin əmək bazarında tələbat olan ixtisasların seçildiyini deyir:

“Fond öz istəyinə uyğun seçim aparmayıb. Tələbat olan sahələr üzrə prioritet kimi 74 ixtisası siyahıya daxil edib”.

O, müsabiqənin şəffaf keçirildiyini, qərarları Müşahidə Şurasının verdiyini, bir şəxsin qərarına söykənmədiyini söyləyir. Şübhə edənlərə isə müsabiqəni izləməyi tövsiyə edir, “tələblərə, meyarlara uyğun gələnlərin” keçəcəyini söyləyir.

Zaur Qurbanlı: “Məqsəd aydın idi”

Zaur Qurbanlı
Zaur Qurbanlı

Gənc fəal Zaur Qurbanlı bu cür layihələri reallaşdırarkən dövlətin “daha çox qazanclı çıxdığını, fərdlərin itirdiyini” söyləyir. Buna görə də təhsillə bağlı layihələrin birbaşa dövlətin maliyyələşdirməsini doğru saymır, bu halda ayrıseçkiliyə yol verildiyini düşünür:

“Ümumiyyətlə, siyasi fəalların, dövlətin təqib etdiyi, bəlkə də siyasi məhbus olmuş şəxslərin bu cür proqramlarda maliyyələşdirildiyini görməmişəm. Bundan başqa, 4 il qabaq dayandırılmış proqramın son illərində Qərb ölkələrinə humanitar sahələr üzrə təhsil almağa tələbə göndərmirdilər. Humanitar sahə üzrə təhsillə bağlı gəncləri Rusiyaya, Çinə və başqa ölkələrə göndərirdilər. Məqsəd aydın idi: insanlar texniki fənləri Qərbdə öyrənsinlər, insan hüquqları, ictimai idarəetmə, sosiologiya, politologiyanı öyrənməsinlər. Qərbin siyasi, ictimai institutlarının Azərbaycana beyinlərdə gəlməsini istəmirlər. Bu da ayrıseçkilikdir. Ona görə dövlətin keçirməsini istəməzdim”.

Hərçənd bu dəfə ixtisas siyahısında “dövlət siyasəti”, “sosiologiya”ya da yer ayrılıb. İqtisadiyyat üzrə ixtisasların sayı 6 olduğu halda mədəniyyət və incəsənət sahəsində 13-dür.

“Hökumətin çaldığına oynamayacaq çox az adam ola bilər”

Amma bununla belə, AzadlıqRadiosunun müsahibləri gənclərin ABŞ və ya Avropada istənilən sahə üzrə təhsil almasını yüksək dəyərləndirirlər, onların ölkə üçün faydalı olacaqları qənaətindədirlər.

“Sadəcə, fayda əmsalı aşağıdır. Göndərilən 1000 nəfərin içində hökumətin çaldığına oynamayacaq çox az adam ola bilər. Keçmiş təcrübəmə söykənərək deyim ki, ayrıseçkilik davam edə bilər, onların işlə təminatı yüksək olmayacaq”, - Zaur Qurbanlı əlavə edir.

Təhsil eksperti Kamran Əsədov isə bədgüman deyil. O, Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq standartlara cavab verən kadr yetişdirmədiyinə görə xaricdə təhsili vacib sayır:

“Bizim 51 təhsil ocağımızda 164 min kadrın hamısı əmək bazarının tələblərinə cavab vermir. Buna görə də ali məktəbi bitirənlərin məzunların 42 faizi işlə təmin olunur”.

Prezidentin sərəncamı ilə 2007-2015-ci illərdə xaricdə təhsillə bağlı dövlət proqramı reallaşdırılıb. Rəsmi rəqəmlərə görə, buna təxminən 90 milyon manat ayrılıb. Amma sonradan onların çoxu ölkəyə qayıtmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG