Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 03:40

Xankəndidə mitinq olub


Xankəndində mitinq, 25 dekabr 2022
Xankəndində mitinq, 25 dekabr 2022

Dekabrın 25-də Azərbaycanın Xankəndi şəhərində erməni sakinlər mitinq keçirib. Bu barədə AzadlıqRadiosunun erməni xidməti - "Azatutyun" məlumat yayıb. Aksiya iştirakçıları Laçın yolunun açılmasını tələb ediblər.

Mitinqdə çıxış edən Qarabağdakı separatçı qurumun "dövlət naziri" Ruben Vardanyan bildirib ki, yerli erməni əhalisinin qarşısında üç seçim var: "Birinci variant ondan ibarətdir ki, biz tabe olaq və gec-tez yavaş-yavaş Azərbaycana inteqrasiya edək. İkinci seçim - biz buradan ayrılırıq. Üçüncüsü - biz döyüşürük".

"Mən buradayam, döyüşürəm və Azərbaycanın şərtlərinə tabe olmayacağam. Biz onlara qarşı durmalıyıq, gücümüzlə müqavimət göstərməliyik", - "Azatutyun" Vardanyanın mitinqdəki çıxışından sitat gətirir.

Xəbərə görə, aksiya iştirakçılarının müraciətində qeyd olunub ki, "Qarabağla Ermənistan arasında quru yolun fasiləsiz işləməsi heç bir danışıqlar və sövdələşmə mövzusu ola bilməz".

Xankəndidə səslənən bu fikirlərə, hələlik, Azərbaycan rəsmilərinin münasibəti bəlli deyil.

Şuşanın girişindəki blok-post ləğv edilir

Bundan əvvəl isə bildirilmişdi ki, Rusiya sülhməramlıları dekabrın 24-dən başlayaraq Şuşanın girişindəki nəzarət-buraxılış məntəqəsini bağlamağa başlayıblar (hazırda fəalların aksiyası keçirilən yerlə üzbəüz). Əvvəlcə iki böyük çadır, bazar günü, dekabrın 25-də səhər isə iki metal konteynerin söküldüyü deyilirdi. Nəticədə sülhməramlıların keçid məntəqəsinin onlara aid hissəsini ləğv etdikləri və orada yolun özündə yalnız bir neçə beton plitə qaldığı deyilir.

Son baş verənlərə Sülhməramlı Kontingentin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.

Laçın yolunda yaşananlar…

Dekabrın 12-dən Azərbaycan vətəndaşları Ermənistanı Qarabağla birləşdirən Laçın dəhlizində növbəli aksiya keçirir. Ermənistan tərəfi Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və "humanitar böhran" yaratmaqda ittiham edir. Rəsmi Bakı isə bildirir ki, aksiyaçılar sərbəst toplaşmaq hüququna malikdirlər. Etirazçıların sözlərinə görə, onlar yolu bağlamayıblar, humanitar və təcili tibbi yardım maşınlarının keçməsinə imkan yaradırlar.

Aksiyaçılar bundan əvvəl Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirdilər. Bakı Qarabağda tanınmayan qurumu və Ermənistanı Azərbaycanın təbii sərvətlərini qanunsuz istismar etməkdə günahlandırıb.

Qarabağ separatçılarının "dövlət naziri" kimi təqdim olunan Ruben Vardanyan isə AzadlıqRadiosunun Erməni xidməti – "Azatutyun"a söyləyib ki, "bu, ekoloji yox, siyasi məsələdir".

Xatırlatma

2020-ci ildə 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olub. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG