Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

Məlahət İbrahimqızı: '...AXC qurucuları davam gətirə bilmədilər'


Məlahət İbrahimqızı
Məlahət İbrahimqızı

Prezident yanında Dövlət İdarəçilik Akademiyasına mərhum prezidentin adı verilsin. Belə bir təkliflə hakim Yeni Azərbaycan Partiyasının üzvü, deputat Məlahət İbrahimqızı Milli Məclisin Heydər Əliyevin 95 illiyinə həsr olunmuş xüsusi iclasında çıxış edib. O, AzadlıqRadiosuna müsahibəsində bu təklifini belə əsaslandırır:

M.İbrahimqızı: 'Heydər Əliyevin qurduğu bu dövlət ADR qurucularının ruhunu şad edir'
Gözlə

No media source currently available

0:00 0:07:08 0:00
Direct-ə keçid

- Bilirsiniz də, o Akademiya necə adlanır? Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası. Ötən dövr həm Azərbaycanda, həm regionda, həm də dünyada gedən proseslər göstərdi ki, Heydər Əliyevin dövlət idarəçiliyinin alternativi yoxdur. Heydər Əliyevin qoyduğu bu siyasətin nəticəsidir ki, Azərbaycan, maşallah, gündən-günə inkişaf edir, inkişaf etməkdə olan ölkələrin ən önündə gedənlərdəndir. Onun siyasətinin nəticəsidir ki, istər regionda, istərsə də Avrasiya məkanında beynəlxalq səviyyəli çox ciddi layihələr həyata keçirir. 30 il keçəcək, hər şey yenə bu siyasətin üzərində qurulacaq. Ona görə də təklif etdim ki, Prezident yanında Dövlət İdarəçilik Akademiyasına Heydər Əliyevin adı verilsin.

- Amma Azərbaycanda universitetlərdən, ali məktəblərdən adlar götürülüb. Sizcə...

- Adlar götürülüb. Amma mən də təklif verdim. Bu, mənim haqqımdır, hüququmdur, söz azadlığımdır və istəyimdir. DİA dövlət idarəçiliyinə aid Akademiyadır. Bura Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan yolu ilə qəbul olunan da var, ancaq daha çoxu dövlət qurumlarında çalışıb öz ixtisasını artırmaq üçün burda təhsilini davam etdirənlərdir. Ona görə bu təklifi verdim. Məncə, təklifim də məntiqə çox uyğundur. Arzulayıram, əminəm və dua edirəm ki, təklifim reallaşsın.

- Məlahət xanım, başqa universitetlərdən tanınmış, görkəmli şəxslərin adları götürüldüyü halda niyə məhz Heydər Əliyev istisna təşkil etsin? Niyə Cümhuriyyət qurucularının adları ali məktəblərə, başqa qurumlara verilməsin?

- Mən izah etdim. Siz nəsə fitnə çıxarmaq istəyirsinizsə, mən də fitnə çıxara bilirəm. İzah etdim ki, nəyə görə bu ali məktəbə Əliyevin adının verilməsini istəyirəm. Görürsünüz, başqa ali məktəbin adını çəkmədim. Dövlət İdarəçilik Akademiyası bu gün həqiqətən də onun adını daşımalıdır. 1991-1992-ci illərdə xaosun, fəlakətin içindəydik, quyunun dibindəydik. Bu gün Yaxın Şərqdə və ya bizim ən yaxın dostumuz, strateji əməkdaşımız Ukraynada vəziyyət göz qabağındadır. Azərbaycan xalqı öz seçimini edib, Heydər Əliyev siyasətinin davamçısına 11 apreldə yekdilliklə səs verib. Mən də dövlət idarəçiliyinə aidiyyəti olduğu üçün DİA-ya Əliyevin adının verilməsini təklif etdim.

- Amma Azərbaycan Xalq Cümhuriyyətini yaradanlar da yoxdan bir dövlət qurublar. Niyə onların adları harasa verilməsin?

- Bəli, onlar xalqımızın dəstəyi ilə dövlət qurublar. Amma müstəqil dövlət qurmaq nə qədər çətindirsə, müstəqilliyi qorumaq ondan da çətindir. Heydər Əliyevin qurduğu bu dövlət də həmin o qurucuların ruhunu şad edir. Onların, o dövrdə yaşayan nənələrimizin, babalarımızın, dədələrimizin, o cümlədən bu dövlətin, bu hökumətin qurucularının ən böyük arzusu olub ki, Azərbaycan xalqı müstəqil dövlətdə yaşasın. Amma görürsünüz, onlar davam gətirə bilməyiblər. Bu gün, elə bilirsiniz, Azərbaycana təzyiq yoxdur?! Bu gün də çox ciddi təzyiq var. Amma dövlət siyasəti elə qurulub ki, təzyiqlərə davam gətirə bilir.

- Sizcə, Heydər Əliyev 1920-ci ildə rus-sovet işğalına qarşı çıxa biləcəkdi? Bu tarixi şəraitdə başqa çıxış yolu vardımı?

- Mən hansısa dövlətin adını çəkmək istəmirəm. Hansısa dövləti, ölkəni tənqid etsəm, populist olaram. Amma istənilən halda, həmin supergüclərin o dövrdə həqiqətən çox ciddi təzyiqləri olub. Razıyam bununla. Ancaq hər halda, bu gün durum ondan da betərdir. Bu gün biz XXI əsrdə yaşayırıq, sosial şəbəkələr əsrində yaşayırıq. Bu gün Lənkəranın və ya Yardımlının ucqar kəndində biri asqıranda okeanın o tayında eşidilir. Amma o vaxt belə şey yox idi. Demək istəyirəm, bu gün dövləti qorumaq da, saxlamaq da daha çətindir. Yenə də Heydər Əliyevin zəngin təcrübəsi, biliyi, bacarığı, diplomatiyası bu dövlətin müstəqilliyini qorumasına imkan verib, bu dəfə dövlətimiz dözüm gətirə bilib. Əsrin əvvəlində burda oyun oynayan qüvvələr artıq bunu edə bilməz. Bu gün xarici siyasət elə qurulub ki, hegemon dövlətlər də Azərbaycanla əməkdaşlıq edirlər. Yadımdadır, 1997-ci ildə Amerikada olanda Heydər Əliyev xəritədə göstərməklə qədim İpək Yolunun həm vaxt, həm də maliyyə baxımından ən qənaətcil dəhlizi - Azərbaycan dəhlizinin prezentasiyasını edirdi. Beynəlxalq təşkilatlar, bir sıra ölkələr də söz verdilər ki, buna dəstək verəcəklər. Amma sonra təzyiqlər başladı ki, niyə Bakı-Tbilisi-Ceyhan Ermənistandan keçmədi? Bakı-Tbilisi-Qars layihəsinə dəstək üçün söz verənlər də sonradan geri çəkildilər, kredit vermədilər. Azərbaycan özü layihəni maliyyələşdirdi, Gürcüstan tərəfin də xərcini çəkdi. Şükür Allaha, artıq o layihə gerçəkləşib. Bu da Heydər Əliyev siyasətinin uğurlu şəkildə davamının nəticəsidir.

- Bunlar öz yerində, Heydər Əliyevə də, İlham Əliyevə də tarix öz qiymətini verəcək.

- Əlbəttə.

- Məlahət xanım, bəs Cümhuriyyət qurucularının qiymətini vermək vaxtı çatmayıbmı?

- Onların da qiyməti verilir. Cümhuriyyət abidəsi açılıb İqtisad Universitetinin yanında. Onun adıyla bağlı əbədiləşmələr var. İndi siz hər şeyə başqa prizmadan baxırsınız. Mənim bu qədər sorğu-sual olunmağıma da ehtiyac yoxdur. Sualınıza da cavab verdim, hesab edirəm ki, nə dediyimi başa düşdünüz. Oldu, çox sağ olun.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG