Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 13:11

İki cəbhəçinin həbs edildiyi bildirilir


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) iki fəalının inzibati qaydada həbs edildiyi bildirilir.

AXCP-dən Turan-a verilən məlumata görə, saxlanılanlardan biri partiyanın Qazax rayon təşkilatının üzvü Tahir Mustafayevdir. Onu polis dünən, iyulun 10-da saxlayıb. Qazax rayon polis şöbəsindən gün ərzində cəbhəçinin yaxınlarına onunla bağlı heç bir informasiya verməyiblər.

İyulun 11-də yaxınları öyrənib ki, Tahir Mustafayev yerli rayon məhkəməsinin qərarı ilə 10 sutkalığa inzibati qaydada həbs edilib. Cəbhəçinin həbs qərarı polisin qanuni tələbinə əməl etməmə ilə əsaslandırılıb.

Daha bir AXCP üzvünün isə Lənkəran Məhkəməsinin qərarı ilə həbs edildiyi deyilir.

AXCP-dən bildiriblər ki, partiyanın Binəqədi təşkilatının fəallarından olan Ramin Əhmədovun yaxınları iyulun 9-da Binəqədi rayon Polis İdarəsinin 7-ci polis bölməsinə çağırılıb. Cəbhəçinin atasının, qardaşının, qaynatası və kürəkəninin bölmədə tutulduğu, onların Ramin Əhmədov bölməyə getdikdən sonra sərbəst buraxıldıqları bildirilir.

AXCP-nin məlumatına görə, Ramin Əhmədov dünən, iyulun 10-da qeydiyyatda olduğu Lənkəran şəhərinə aparılıb. Ardınca Lənkəran rayon Məhkəməsi qarşısına çıxarılan cəbhəçiyə 25 sutka inzibati həbs cəzası verildiyi bildirilir. Məhkəmə onu da polisin qanuni tələbinə əməl etməməkdə günahkar bilib.

AXCP üzvlərinin həbs edilməsinin heç bir qanuni əsası olmadığını, məhz siyasi fəaliyyətlərinə görə, həbs edildiklərini bəyan edir.

AXCP üzvlərinin həbsi ilə bağlı rəsmi qurumların münasibətini almaq mümkün olmayıb.

Ancaq hakimiyyət təmsilçiləri müxtəlif vaxtlarda Azərbaycanda heç kimin siyasi səbəblərə görə həbs edilmədiyini, təqibə məruz qalmadığını bəyan ediblər.

XS
SM
MD
LG