Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:02

Xələf Xələfov Xəzər Konvensiyasını tərifləyib


Xələf Xələfov
Xələf Xələfov

Xarici işlər nazirinin müavini Xələf Xələfov AZƏRTAC-a avqustun 12-də Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı ölkənin (Azərbaycan, İran, Qazaxıstan, Rusiya, Türkmənistan) dövlət başçılarının Xəzərin statusu ilə bağlı imzaladıqları konvensiyanı şərh edib.

O deyib ki, Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın imzalanması region və Azərbaycandan ötrü mühüm addımdır.

“Zirvə toplantısında çıxışı zamanı dövlətimizin başçısının qeyd etdiyi kimi, konvensiya Xəzər dənizində hərtərəfli hüquqi rejimi müəyyənləşdirir. Eyni zamanda, bu sənəd fundamental hüquqi baza rolunu oynamaqla, sahilyanı dövlətlər arasında sahəvi əməkdaşlıq üçün çərçivə formalaşdırır, onlarınarasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu baxımdan, sənəd ölkəmizin müstəqilliyinə və Xəzər dənizində suveren hüquqlarının təsbitinə əhəmiyyətli dərəcədə töhfə verir”

Xələf Xələfov deyib ki, Xəzərin hüquqi statusuna dair konvensiyanın ilk konseptual layihəsini məhz Azərbaycan hazırlayıb və tərəflərə təqdim edib.

“Bundan əlavə, hazırda konvensiyada öz əksini tapmış Xəzər dənizinin akvatoriyasında sahilyanı dövlətlər üçün müəyyən edilən 15 millik ərazi suları və 10 millik balıqçılıq zonası üzrə razılıq 2010-cu il noyabrın 18-də Bakıda keçirilmiş Xəzəryanı dövlətlərin üçüncü Zirvə toplantısında əldə olunub”

Xələf Xələfov daha sonra deyib:

"Bu sənəd ölkəmizin maraqlarına tam cavab verməklə, onun dənizdə həyata keçirdiyi karbohidrogen hasilatı ilə bağlı layihələrinin, eləcə də digər növ təsərrüfat-iqtisadi fəaliyyətlərinin davamlılığını və təhlükəsizliyini təmin edir. Konvensiya bu tip fəaliyyətlərin həyata keçirilməsini nəinki məhdudlaşdırmır, hətta onların daha da genişləndirilməsinə münbit zəmin yaradır”

Nazir müavinin deməsinə görə, konvensiyada dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət edilməsi təməl prinsiplərdən biri kimi müəyyən olunub:

“Sənəddə Xəzər dənizinin dibinin beynəlxalq hüququn norma və prinsipləri nəzərə alınmaqla sektorlara bölünməsi qaydası təsdiq olunur. Sektorlarda aparılan təsərrüfat-iqtisadi fəaliyyətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə orada yerləşən təsərrüfat obyektlərinin müvafiq təhlükəsizlik zonalarına malik olduğunu göstərir. Bundan başqa, konvensiya hər bir dövlət üçün onların suveren, müstəsna hüquqlara malik olduğu ərazi suları və balıqçılıq zonalarını müəyyənləşdirir”

Xələf Xələfov həmçinin bildirib ki, Konvensiya sahilyanı dövlətlərin dənizin dibi ilə kabel və kəmərlər çəkmək hüququnu tanıyır:

“Bu zaman belə boru kəmərlərinin keçəcəyi yollar yalnız onun keçəcəyi sektorun məxsus olduğu sahilyanı dövlətlə razılaşdırılır. Eyni zamanda, belə layihələr sahilyanı dövlətlərin tərəfi olduğu ekologiya sahəsində beynəlxalq sənədlərə uyğun olmalıdır. Konvensiyanın bununla bağlı müddəaları Xəzər dənizi regionunda Azərbaycanın da iştirak etdiyi mövcud layihələrin inkişafı və genişləndirilməsində böyük rol oynayacaq. Ölkəmiz üçün yeni perspektivlər yaradacaq”

Nazir müavini vurğulayıb ki, konvensiya əsasında tərəflər Xəzərdə beynəlxalq terrorçuluqla, silah, narkotik vasitələrin qanunsuz dövriyyəsi, brakonyerliklə mübarizə, miqrantların qanunsuz gətirilməsinin, eləcə də digər cinayətlərin qarşısının alınması sahəsində əməkdaşlıq edirlər.

Xatırlatma

Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalanıb.

Sənədi Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri imzalayıblar.

Konvensiyaya Azərbaycanda münasibət birmənalı deyil. Bəziləri hesab edirlər ki, 20 ildən çox danışıqlardan sonra nəticə yenə Rusiyanın istədiyi kimi oldub. Onlar deyirlər ki, Xəzərə Azərbaycanın istəyinin əksinə olaraq dəniz statusu verilməyib.

Üstəlik, Konvensiyaya görə Xəzəryanı dövlətlərdən başqa heç bir dövlətin hərbi bazası burada yerləşdirilə bilməz. Bəzi ekspertlərə görə, bu Rusiyanın yenə də regonda hegomonluğunu qorumağa imkan yaradır.

Ekspertlərə görə, sənəddə açıq qalan başqa məsələlər də var.

Onlar vurğulayırlar ki, Xəzərin şimal hissəsi Azərbaycan, Rusiya və Qazaxıstan arasında orta xətt prinsipi ilə bölünüb. Amma Xəzərin cənub hissəsi ilə bağlı hüquqi razılaşma yoxdur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG