Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:34

Xərçəngi bir neçə saniyəyə aşkarlayan qələm


«MasSpec Pen»
«MasSpec Pen»

Texasın Ostin şəhərində xərçəngi daha tez aşkarlamağa imkan verən yeni texnologiya işlənib hazırlanıb. «MasSpec Pen» adlanan bu cihaz, eyni zamanda, şişlərin daha dəqiqliklə kəsilərək götürülməsinə imkan verir. Alimlərin sözlərinə görə, «MasSpec Pen» sadəcə bir toxunuşla xərçəngi aşkarlaya bilir.

«Bu ixtira hər şeyi dəyişdirir... O gün mən cərrahla birlikdə bir xəstənin üzərində işləyirdim və hazırkı metodlar çox zaman aldığından biz əlavə iki saat gözləməli olduq», – tibb fakültəsinin tələbəsi, «MasSpec Pen»in yaradıcılarından biri Aydin Zahedivash deyir. Onun sözlərinə görə, qələm nəticələri cəmi 20 saniyə içərisində göstərir və xəstəyə ziyanı ənənəvi diaqnoz metodlarından daha azdır.

Biopsiyaya ehtiyac yoxdur

«Bu proses zamanı, adətən, toxumadan nümunə götürülməsi tələb olunur, bu isə xəstənin bədənindən bir hissənin kəsib götürülməsi deməkdir. Bizim texnologiya isə xərçəngi toxumanın içərisində, onu kəsib götürmədən, yaxud dəyişdirmədən aşkarlamağa imkan verir», - Zahedivash deyir.

Əməliyyat zamanı qələmin ucundakı bir damcı su şübhəli toxumadan molekulları götürür. Sonradan «kütlə spektrometri» adlı alət həmin toxumada xərçəng xəstəliyinin olub-olmadığını müəyyən etmək üçün içərisində molekulların olduğu suyu analiz edir. Bu, xəstəliyin aşkarlanması prosesini daha dəqiq edir. Cərrahlar cəmi bir neçə saniyəyə toxumanın məhz hansı hissəsini, nə qədər toxumanı kəsib götürməli olduqlarını, nəyə toxunmalı olmadıqlarını biləcəklər. Beləcə, salamat toxuma zədələnməyəcək.

«Biz xəstələrdən götürülmüş toxuma ilə təcrübə aparmışıq və bu təcrübələr nəticəsində 96% dəqiqliklə xərçəngin xərçəng olmayan xəstəliklərdən ayırd edildiyi üzə çıxıb», – Zahedivash deyir.

Sürətli inkişaf

Tədqiqatçı qrup yeni texnologiyalar sayəsində «MasSpec Pen»i cəmi 2 il yarıma işləyib hazırlaya bilib. Alim komandası cihazın prototipini 3D printerlə çap edib. Bu da onlara effektiv dizaynı daha sürətlə işləyib hazırlamaq imkanı verib.

Zahedivash-ın sözlərinə görə, «MasSpec Pen» bir ilə Ostindəki Texas Universitetinin Dell Tibb Məktəbində əməliyyatlarda sınaqdan keçiriləcək. Bundan başqa, yeni texnologiyanı Texas Universitetinin MD Anderson adına Xərçəng Mərkəzində və Hyustondakı Beylor Tibb Kollecində sınaqdan keçirmək planlaşdırılır.

Yeni cihazın geniş istifadəyə verilməsindən öncə ABŞ Qida və Dərman Administrasiyası tərəfindən təsdiqlənməsi lazım gələcək.

Xəstəxanalara yeni cihazın qiyməti də maraqlıdır. Qələmin özünün hazırlanması ucuz başa gəlsə də (o, 3D printerdə çap olunur), xəstəxanalar yüksək dəqiqliklə çalışan kütlə spektrometrinə öncədən böyük məbləğ ödəməli olacaqlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG