Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:13

Xədicə İsmayıl üzərindəki məhkumluğun götürülməsini istəyir


Xədicə İsmayıl
Xədicə İsmayıl

Araşdırmaçı jurnalist Xədicə İsmayılova üzərindəki şərti məhkumetmənin ləğvini, məhkumluğun götürülməsini istəyir. Jurnalist bundan ötrü Binəqədi Rayon Məhkəməsinə ərizə verib.

Ərizədə yazır ki, ona verilən 2 il 3 aylıq şərti cəzanın müddəti çoxdan başa çatıb. Şərti cəza ilə əlaqədar ona təyin edilən beş illik sınaq müddətinin də yarıdan çoxu geridə qalıb.

Xədicə İsmayıl Cinayət Məcəlləsinin 71.1 maddəsinə istinad edir. O maddədə yazılıb ki, “şərti məhkum edilən şəxs sınaq müddətinin azı yarısı keçəndən sonra öz davranışı ilə islah olunduğunu sübut etsə, məhkəmə şərti məhkumluğun ləğvi barədə qərar qəbul edə bilər”.

“Mən şərti məhkum edilmiş şəxs kimi, üzərimə qoyulmuş vəzifələrin icrasından yayınmamışam”, - Xədicə İsmayıl belə deyir.

İyulun 30-da Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayev Xədicə İsmayılın ərizəsinə baxmalıydı. Amma məhkəmə avqustun 9-na saxlanıb. Hakim jurnalistdən onun işi ilə əlaqədar əvvəlki məhkəmə hökm və qərarlarını alıb, onlarla tanış olmalıdır.

2014-cü il dekabrın 5-də həbs olunan Xədicə İsmayıl vergidən yayınma və qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il yarım azadlıqdan məhrum edilmişdi.

Ali Məhkəmə 2016-cı il mayın 25-də qərarı 3 il yarım şərti cəza ilə əvəz edərək onu azadlığa buraxıb. Sonradan bu müddət 2 il 3 aya salınıb.

Jurnalist bütün ittihamları rədd edir, prezident ailəsinin biznesi barədə araşdırmalarına görə cəzalandırıldığını bildirir.

XS
SM
MD
LG