Keçid linkləri

Təcili xəbərlər
2021, 24 Yanvar, bazar, Bakı vaxtı 14:20

Xədicə İsmayıl: 'Ehtiyacım olanda öz vəsaitimdən istifadə edə bilmirəm'


X.İsmayıl

Araşdırmaçı-jurnalist Xədicə İsmayılın «Kapitalbank»da olan hesabının üzərində bir ildir ki, həbs var. Jurnalist hesabının açılması üçün 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi Aidə Hüseynə müraciət edib.

«Bir ilə yaxındır ki, hesabımın üzərində həbs var. Mən ehtiyacım olanda öz vəsaitimdən istifadə edə bilmirəm. Siz də məhkəməni bir ildir ki, uzadırsınız», – X.İsmayıl məhkəmədə deyib.

Hesaba Vergilər Nazirliyinin ərizəsi əsasında 2017-ci il noyabrın 8-də həbs qoyulub. Jurnalistin AzadlıqRadiosunun Bakı bürosunun rəhbəri olduğu dövrdə vergidən yayındığını iddia edən nazirlik ondan 63 min 138 manat tələb edir və bu məqsədlə məhkəmədə iddia qaldırıb. Hakim A.Hüseyn 11 aydır ki, həmin iddiaya baxır.

X.İsmayıl oktyabrın 18-də məhkəmədə hesabının üzərindən həbsin götürülməsi, AzadlıqRadiosu ilə bağlı istintaqın gedişi haqda məlumat almaq üçün prokurorluğa sorğu göndərilməsi və ondan tələb olunan 63 min 138 manatın nəyə əsasən müəyyənləşdirildiyinin araşdırılmasını istəyib.

«Vergilər Nazirliyi Xədicə İsmayıldan tələb etdiyi məbləği AzadlıqRadiosundan da tələb edir və buna görə onların arasında məhkəmə çəkişməsi var. Ancaq nazirlik Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində AzadlıqRadiosu ilə bağlı istintaqın davam etdiyini əsas gətirib, məhkəmə baxışının dayandırılmasını istəyib. Məhkəmə də işi dayandırıb. Xahiş edirik, prokurorluğa bununla bağlı sorğu göndərin. Çünki onun birbaşa bizim bu işə də aidiyyəti var», - jurnalistin nümayəndəsi Yalçın İmanov bildirib.

Hakim jurnalistin vəsatətlərinə oktyabrın 23-nə təyin olunan növbəti iclasda cavab verəcək.

Vergilər Nazirliyi iddia edir ki, X.İsmayıl büro rəhbəri olduğu dövrdə işçilərlə əmək müqaviləsi yox, xidməti müqavilə bağlayıb, bununla da əməkhaqqıdan 14 yox, 4 faiz vergi ödənilib. Nəticədə büdcəyə 17 min 992 manat az vergi ödənilib. Qalan 45 min 145 manata gəlincə, Vergilər Nazirliyinin iddiasına görə, X.İsmayıl büro rəhbəri olduğu dövrdə radio bu qədər mənfəət vergisindən yayınıb.

X.İsmayıl isə bildirir ki, AzadlıqRadiosu kommersiya təşkilatı olmadığına görə ümumiyyətlə, mənfəət vergisi ödəyicisi deyil. 17 min 992 manatlıq israf etməyə gəlincə, Ali Məhkəmə bu ittiham üzrə X.İsmayıla bəraət verib.

Xatırlatma

X.İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. O, CM-in 179.3.2 (külli miqdarda mənimsəmə və israf etmə), 192 (qanunsuz sahibkarlıq), 213.1(vergidən yayınma) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələriylə 7 il 6 ay azadlıqdan məhrum edilib.

Jurnalist bütün ittihamları rədd edib, məhz korrupsiya araşdırmalarına görə həbs olunduğunu bəyan edib.

X.İsmayıl Ali Məhkəmənin qərarıyla 2016-cı il mayın 26-da buraxılıb. Ali Məhkəmə Jurnalistə CM-in 179 və 308-ci maddələriylə bəraət verilib. Qanunsuz sahibkarlıq və vergidən yayınma ittihamları üzrə 3 il 6 ay şərti cəza təyin edilib.

XS
SM
MD
LG