Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:22

'Xəbər saytına gündə milyonlarla insan girir, amma o saytlar çökmür'


İnternetdə xəta
İnternetdə xəta

Təsəvvür edin ki, istənilən bir dövlət qurumuna müraciət edəndə sizdən hər hansı sənəd istəmirlər, öncədən nəyinsə surətini çıxarmağa, başqa bir quruma yollanmağa, orda gözləməyə ehtiyac yoxdur. Sadəcə, adınız və soyadınızı söyləyirsiniz və bütün məlumatlar özü çıxır.

Mərkəzləşdirilimiş elektron informasiya sistemi belə bir şeydir.

Prezident İlham Əliyev Əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində elektron xidmətlərin tətbiqinin genişləndirilməsi haqqında fərman verib. Sistem nazirliyin informasiya sistemləri əsasında yaradılmalıdır.

«Filankəsin oğlun olduğunu isbatlamaq üçün notariusda imzayla təsdiqlətməyə məcbur deyilsən»

«Belə bir sistemi Azərbaycanda çoxdan yaratmaq lazımdır. O, artıq bir çox ölkələrdə 20-25 il qabaq yaradılıb. Biz çox-çox geridə qalırıq», – informasiya texnologiyaları üzrə mütəxəssis Vahid Qasımov deyir. O bu sistemin yaradılmasını zəruri edən səbəbləri və faydasını da izah edir:

V.Qasımov
V.Qasımov

«Birincisi, belə sistem yaradılsa və bütün dövlət qurumları ona qoşulsa, vahid elektron hökumət kimi işləsə, o zaman hökumət orqanlarımızın göstərdiyi xidmət vaxtı bizdən hər hansı sənəd tələb olunmayacaq. Deməyəcəklər, şəxsiyyət vəsiqəni çıxar, doğum şəhadətnaməsi lazımdır, xarici pasport və ya sürücülük vəsiqəsini göstər, sığorta və ya sosial kart, ya da VÖEN-ni gətir. Bunların hamısı bazada duracaq, hamısı bir-birinə bağlı olacaq. Yəni ABŞ-dakı kimi, sosial kartının nömrəsini söyləmək kifayət edəcək, o nömrə əsasında gərəkən bütün məlumatlar bazadan çıxarılacaq. Sən VÖEN-in sənə məxsus olduğunu və ya filankəsin oğlun olduğunu isbatlamaq üçün notariusda imzayla təsdiq etdirməyə məcbur deyilsən. Bütün bunlar artıq bazada yerləşdiriləcək. Bunun üçün vətəndaş əlavə vaxt, enerji itirməyəcək. Bu, çox-çox lazımlıdır».

Vətəndaş: «Sistemi çökdürəcəklər»

«Qulağa xoş gəlir, olsa əlbəttə, yaxşıdır. Amma düzü, Azərbaycanda işləməsinə inamım yoxdur», – taksi sürücüsü Akif Hüseynov deyir. «Bizimkilər mütləq bir əngəl tapacaqlar, mütləq tapacaqlar, deyəcəklər kompüter işləmir, nə bilim nəsə orda yoxdur. Tapmasalar da, sistemi çökdürəcəklər...».

Taksi sürücüsünün nəyə eyham vurduğu aydındır. Sentyabrın 5-də Mənzil İnşaat Dövlət Agentliyi güzəştli mənzilləri satışa çıxardı və bu zaman quruma məxsus saytda problemlər ortaya çıxdı, vətəndaşlar qeydiyyata düşə bilməmələrindən şikayətləndilər. Hətta bəziləri dövlət qurumunun qəsdən sayta girişi əngəllədiyini iddia etdilər. Düzdür, rəsmilər deyilənləri təkzib etdilər, hərçənd vəlvələdən, ya zəlzələdən sistem çökmüşdü. Bu nümunədən sonra mərkəzləşdirilmiş elektron informasiya sisteminin etibarlığına inam olarmı?

etiraz
Gözlə
Embed

No media source currently available

0:00 0:10:52 0:00

«MİDA-da saat 3 tamamda eyni anda hamı eyni düyməni basanda sistem buna tab gətirməli idi, amma gətirə bilmədi», – «Multimedia» İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz söyləyir. Ancaq o, belə bir təcrübənin təkrarlanmayacağına inanır: «MİDA ilə yeni yaradılacaq sistemin fərqi var. Orda 9 min mənzil almaq istəyən iddiaçı eyni anda sistemə girmək üçün amansız mübarizə aparırdı. Amma – portalda eyni saniyədə, eyni anda girmək söhbəti olmayacaq. Yeni yaradılacaq portalda belə bir ehtimal sıfıra bərabərdir».

«Bir gündə 10 min müraciət nədir ki?.. Xəbər saytına milyonlar girir»

Amma ekspert V.Qasımov skeptik yanaşır və MEİS-in texniki baxımdan necə həyata keçiriləcəyinin böyük sual altında olduğunu bildirir. O, yaxşı bir sistemin yaradılmasının çətinliyini vurğulasa da, şübhələrini də gizləmir: «Yeyintiyə yol verilməsə, həqiqətən də sifarişçi onun düzgün işləməsini tələb etsə, yaratmaq da, işləmək də mümkündür. MİDA ilə bağlı yaranan problemsə böyük ehtimalla sifarişçi ilə bağlı ortaya çıxmış problemdir. Yəni onlar sadəcə, camaatın sistemə girməsini istəmirdilər, girişin əngəllənməsi tələb olunurdu. Yoxsa bir gündə 10 min müraciət nədir ki? Bir xəbər saytına gündə yüz minlərlə, milyonlarla insan girir. Amma o saytlar nədənsə çökmür. Yeni sistemin işlənməsi tələb olunacaqsa, o, normal qaydada işləyəcək. Yoxsa bizdə ASAN Xidmət var, bir damın altında çoxlu xidmətləri yığıblar ora, ancaq bir çox şey real olaraq işləmir. Niyə? Çünki hər bir xidmətdən təkrar-təkrar müxtəlif sənədlər istənilir. «Kupça» alanda özümüzlə şəxsiyyət vəsiqəsi aparırıq, nə bilim nə aparırıq. Halbuki onların hamısı elektron olaraq bazada var. Sadəcə uyğunlaşdırılmayıb, istəsələrdi, bir-biri ilə əlaqələndirərdilər. Necə ki Estoniyada bunu 25 il qabaq ediblər».

O.Gündüz
O.Gündüz

Osman Gündüz: «Yeni dönəm başlayır»

O.Gündüz isə son zamanlar sosial və məşğulluq sektorunda xidmətlərin asanlaşdırılması, effektiv və çevik imkanlar yaradılması yönündə işlərin görüldüyünü, bu sektorda «yeni dönəm» başladığını qeyd edir.

«Bu sahədəki elektron xidmətlər indiyə qədər effektiv olmayıb. Yəni mühafizəkar idi, köhnə texnologiyalar əsasında qurulmuşdu və s. Söhbət hesabatların verilməsi, məşğulluq, pensiya ilə bağlı ən vacib və populyar xidmətlərdən gedir», – mütəxəssis deyir. Onun fikrincə, indi prezident fərmanında olduğu kimi, yeni bir sistem qurulsa, hər şey kökündən dəyişəcək:

«O sektorda ictimai, sosial əhəmiyyətli xeyli xidmətlər var. Bu xidmətlərin sadələşdirilməsi, bir portala gətirilməsi, ondan istifadəyə imkanlar yaradılması vətəndaşların işini xeyli asanlaşdıracaq. Bundan başqa, sosial, məşğulluq, pensiya kimi xidmətlərlə bağlı korrupsiya amili aradan qalxacaq, insan amili sıfıra enəcək. Görünən odur ki, rəqəmsal mühitdə ASAN Xidmət yaradılır, indiyə kimi vətəndaş ASAN Xidmətin ofisinə getməyə məcbur idisə, indi işlərini onlayn mühitdə aparacaq. Yəni dövlət qurumları arasında da inteqrasiya qurulacaq. Əvvəl hər dövlət qurumu elektron xidmət yaradıb başında otururdu, başqa qurumlara girişə icazə verilmirdi. Bu da problem yaradırdı. Başqa bir nazirlikdən lazım olan sənəd kağız formasında istənirdi. İnteqrasiya dövründə isə vətəndaşın bir quruma müraciəti bəs edəcək».

Prezident fərmanına əsasən, sistem 3 aya yaradılmalıdır.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG