Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:35

Xırdalan məzarlığına görə həbs olunan fəal hakim önünə çıxarıldı


“Azərbaycan yazılmamış qaydalarla deyil, qanunlarla idarə olunsaydı, bu gün mən yox, məndən şikayətçi olub tutduranlar həbsdə olardılar”, - Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP-nin) fəalı Qorxmaz Əliyev belə deyir.

Qorxmaz Əliyev həbsindən öncə sosial şəbəkələrdə Xırdalan qəbirstanlığında baxımsız məzar daşlarının sökülməsi, həmin qəbir yerlərinin başqalarına satılması barədə materiallar paylaşırdı.

Üstündən təxminən iki ay ötəndən sonra onun özünün barəsində elə Xırdalan qəbirstanlığına görə cinayət işi başlandı və o həbs edildi. İddia olunur ki, Qorxmaz Əliyev Xırdalan qəbirstanlığında 130 metrlik daş hasarı bələdiyyənin razılığı olmadan ekskavatorla söküb. Bununla da Xırdalan şəhər bələdiyyəsinə 5 min 658 manat ziyan vurub. İttihamda vurğulanır ki, Qorxmaz Əliyevin məqsədi “kütləyə özünü xeyirxah adam kimi göstərib, nüfuz qazanmaq olub”.

AXCP fəalına CM-in 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə) və 322-ci (özbaşınalıq) maddələrilə ittiham verilib.

Yanvarın 22-də Abşeron rayon Məhkəməsində hakim önünə çıxarılan Qorxmaz Əliyev özünü təqsirli bilmədiyini söyləyib:

“Azərbaycanın məhkəmə sistemində 560 hakim var. Onların heç biri şəxsən mənim işimlə bağlı müstəqil qərar qəbul etmək iqtidarında deyil. Siyasi mənsubiyyətimə görə. Mən üç aydır ki, qanunsuz həbsdəyəm. Heç bir cinayət törətməmişəm”.

“Prezident fərmanında da tövsiyə edilib ki…”

Onun vəkili Fariz Namazlı məhkəmə hökmü çıxarılanadək onun ev dustaqlığına buraxılmasını istəyib.

O deyib ki, Qorxmaz Əliyevin ittiham olunduğu müddəalar böyük ictimai təhlükə törətməyən əməllər kateqoriyasındandır. Üstəlik, onun özünün də, ailəsinin də durumu ağırdır:

“Onun özü də ikinci qrup əlildir, himayəsində iki azyaşlı uşaq var. Uşaqlarından birinin sağlıq imkanları məhduddur. Prezidentin 10 fevral 2017-ci il tarixli fərmanında da hakimlərə tövsiyə edilib ki, zərurət olmadığı hallarda qətimkan tədbiri kimi, həbsə üstünlük verilməsin”.

Vəsatət təmin olunmayıb.

Qorxmaz Əliyevin dediyinə görə, 130 metrlik hasarı sökməsi haqda ittihamda yazılanlar da, bələdiyyəyə 5 min 658 manat ziyan vurması barədə ekspert rəyi də yalandır:

“Hansı çəpərə baxıb o qiyməti qoyublar? Orada 30 metrlik uçuq-sökük çəpər vardı. Bunu təqdim etdiyimiz videolar, fotolar da sübut edir. Məqsədim də hasarı yeniləmək idi”.

Məhkəmə araşdırmaları fevralın 5-də davam edəcək.

Anası deyir ki…

Qorxmaz Əliyevin anası Həlimə Əliyeva AzadlıqRadiosu-na danışır ki, oğlu həbsindən öncə Xırdalan qəbirstanlığında bulaq tikib, təmizlik işləri aparıb. Ardınca orada dağılmış çəpərlərin bərpasına başlayıb: “Oğlum bunları təmənnasız edirdi”.

Həlimə Əliyeva
Həlimə Əliyeva

Anasının sözlərinə görə, Qorxmaz atasının məzarını ziyarət etməyə gedəndə ətrafdakı səliqəsizliyi görüb və buraları təmizləmək qərarına gəlib. Bundan ötrü bir neçə tanışından da kömək istəyib. Onlar birlikdə abadlıq işləri aparıblar:

“Bu işləri görəndə bilmişdi ki, yiyəsi, gəlib-gedəni olmayan qəbirləri dağıdıb, yerləri satırlar. Bu barədə Abşeron Rayon Polis İdarəsinə, rayon prokurorluğuna, icra hakimiyyətinə yazdı. Onlar araşdırıb tədbir görmək əvəzinə, oğlumun özünü tutdular”.

Qorxmaz Əliyevin ittiham olunduğu müddələrdə cərimə, azadlığın məhdudlaşdırılması cəzalarıyla yanaşı, həm də 2 ilədək həbs nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG