Aktyor Will Smith Instagram-da fanatlarına Koreya, fransız, rus, ivrit və yapon dilləri də daxil olmaqla 15 dildə təşəkkür edib. Onun sevinməyə ciddi səbəbi var: «Ələddin» filmi aktyorun karyerasında ən çox uğur qazanmış və ən çox müzakirə olunan filmdir. Bu, çox böyük uğurdur və Will Smith-in on illər ərzində onlarla filmə çəkildiyini, onların arasında «Qara geyimli adamlar» (Men in Black), «Müstəqillik günü» (Independence Day) və «Əli» kimi filmlərin olduğunu nəzərə alsaq, heç də asan başa gəlməyib.
«Disney»in 1992-ci ildə çəkdiyi, klassikaya çevrilmiş cizgi filmində Robin Williams-ın səsləndirdiyi cini rimeyk edən Will Smith Instagram-da video paylaşaraq bu filmi karyerasının ən böyük filmi etdiklərinə görə fanatlara təşəkkür edib.
«Müstəqillik günü»nü ötüb
«Bu qədər uzun müddət bu oyunda olduğuma görə karyeramın bu nöqtəsində ən böyük filmimi gördüyüm üçün sadəcə sizə təşəkkür etmək istəyirəm», – 50 yaşlı Smith Instagram-da yazıb.
««Ələddin» karyeramın ən böyük filmi oldu! Bu mənim üçün şərəfdir və söz tapmıram. Deyə biləcəyim tək şey… Çox sağ olun!», – deyə Smith yazıb və yeni filmin saundtrekinin olduğu videonu yerləşdirib.
1992-ci ildə çəkilmiş orijinal animasiya filmi beş Oskara namizəd göstərilsə də, «Disney»in klassikasına çevrilsə də, üstündən 30 il keçmiş çəkilən yeni filmin heyətindəki müxtəliflik, xüsusən də Will Smith-in komik performansı tamaşaçıların ürəyinə yatıb.
Bütün dünyada 897.3 milyon dollardan çox gəlir əldə etmiş «Ələddin» bu baxımdan Will Smith-in baş rolu oynadığı məşhur «Müstəqillik günü» filmini də ötüb keçib. Bu filmin bütün dünyadakı kassa gəliri 817.4 milyon dollar olmuşdu. 1996-cı ildə çəkilən film yadplanetlilərin hücumu haqdadır. Filmdə Will Smith, Bill Pullman və Jeff Goldblum Yer kürəsini onlardan xilas etməkdən ötrü mübarizə aparır.
«Disney»in altı canlı oyun (animasiya olmayan) filminin kassa gəliri 900 milyon dolları keçib. «Ələddin»in də bu siyahıya qoşulacağı gözlənilir. Sözügedən siyahıda «Gözəl və bədheybət» (Beauty and the Beast), «Cəngəllik kitabı» (The Jungle Book), «Alisa möcüzələr ölkəsində» (Alice in Wonderland) və «Karib dənizinin quldurları» (Pirates of the Caribbean) filmləri də var.
Ümumilikdə isə «Ələddin» «Disney»in 900 milyon dollarlıq kassa gəliri xəttini keçə bilmiş 55-ci filmi olacaq.
Dünyada kassa gəliri 584 milyon dolları keçib
Filmin bütün dünyada topladığı kassa gəliri 584 milyon dolları ötüb. Bu siyahıda ilk yeri 72 milyon dollarla Yaponiya, ikinci yeri 63 milyon dollarla Cənubi Koreya, üçüncü yeri isə 53 milyon dollarla Çin tutur. Daha sonra Böyük Britaniya (43 milyon dollar) və Meksika (32 milyon dollar) gəlir.
Rejissor Guy Ritchie-nin çəkdiyi «Ələddin» bu il mayın 24-də kinoteatrlara çıxıb. Filmdə oğrunu Mena Massoud, Şahzadə Jasmini isə Naomi Scott canlandırıb.
Filmin ekranlara çıxmasından öncə Will Smith-in oynadığı cin obrazı fərqli reaksiyalara səbəb olmuşdu. Tamaşaçıların bir qismi Robin Williams-ın oynadığı cindən sonra ekranda yenə ona bənzər bir cin görməyə ümid edirdi. Ancaq film kinoteatrlara çıxandan sonra bu fikir dəyişib. Smith-in oynadığı mavi cin tamaşaçıların ürəyinə yatıb.
Will Smith ilk dəfə 1980-ci illərdə reper kimi populyarlıq qazanıb. «Beverli-Hillzin şahzadəsi» (The Fresh Prince of Bel-Air) komik serialındakı rolu ilə televiziyaya qədəm basıb. Daha sonra «Pis oğlanlar» (Bad Boys), «Qara geyimli adamlar» (Men in Black) və «Henkok» (Hancock) kimi uğurlu filmlərdə rol alıb. Karyerası ərzində iki dəfə Oskar, beş dəfə Qızıl Qlobus (Golden Globe) mükafatlarına namizəd göstərilib.