Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 10:56

CIA Whatsapp-ın parolunu qırırmış. 'Wikileaks' sirləri açdı


Haker. Foto illüstrasiya
Haker. Foto illüstrasiya

Qərb mətbuatı «WikiLeaks»in dünən – martın 7-də yayımladığı sənədlərdən danışır. «The New York Times» qəzeti yazır ki, budəfəki məlumat sızması CIA (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi) tarixində ən böyük sızmadır və təşkilata çox böyük zərbə sayıla bilər.

SƏNƏDLƏRİN SAXTALIĞI BARƏDƏ BƏYANAT OLMAYIB

«WikiLeaks» yaydığı sənədlərdə CIA-in telefonlara, kompüterlərə, hətta internetə bağlı televizorlara müdaxilə məqsədilə yararlandığı alət və texnologiyalardan söz açılır. Casusluq məqsədiylə «Skype» onlayn zəng xidmətindən, Wi-Fi şəbəkələrindən, PDF formatlı sənədlərdən, hətta milyonlarla istifadəçinin kompüterini qorumaqdan ötrü yararlandığı antivirus proqramlarından istifadə edildiyi deyilir. Məsələn, «Wrecking Crew» adlı proqram hədəfə alınmış kompüteri sıradan çıxarmağın, başqa bir proqram isə parolları oğurlamağın yollarını öyrədir.

«The New York Times» «WikiLeaks»in üzə çıxardığı yeni sənədlərin təkcə CIA yox, xarici hədəflərlə mübarizədə hakerlik qabiliyyətindən yararlanan bütün kəşfiyyat orqanlarına zərbə vurduğunu qeyd edir.

Əndişəyə səbəb məqamlardan biri CIA və digər kəşfiyyat idarələrinin «Apple» və Android smartfonlarına giriş əldə etməsi barədə iddialardır. «WikiLeaks»in dediyinə görə, kəşfiyyat «Apple»ın iOS, «Google»un Android əməliyyat sistemləri ilə işləyən telefonlarda «Signal», «WhatsApp» və «Telegram» kimi populyar xidmətlərin də şifrələmələrini yarıb keçə bilir. Hökumətin hakerləri, «WikiLeaks»in iddiasına görə, smartfonlara daxil olub şifrələmənin tətbiqindən öncəki bütün səs və mesajları ələ keçirə bilirlər.

«The New York Times» sənədlərin saxtalığı haqda hələ heç bir bəyanat verilmədiyini vurğulayır. Yalnız bir dövlət rəsmisi sənədlərin real olduğunu bildirib. Bir keçmiş kəşfiyyat agenti isə CIA proqramlarından bəzilərinin adlarının, təşkilatın blok sxeminin və haker bazasının olduğu kimi təsvir edildiyini söyləyib.

CIA-in Baş qərargahı.
CIA-in Baş qərargahı.

«CIA ETMƏSƏYDİ DƏ...»

CIA-in sözçüsü Dean Boyd isə deyib ki, onlar kəşfiyyat sənədləri kimi təqdim olunan materialların məzmunu və bu məzmunun reallığa uyğun olub-olmaması haqda fikir söyləmirlər.

«Təhlükəsizlik və hakerlikdən anlayışı olanlar CIA-in bu vasitələrə, ən azı, sərmayə qoyduğunu onsuz da bilirlər. Bunu CIA etməsəydi də, kimsə – Çin, İran, Rusiya, ya da başqa biri edəcəkdi». Bunu Vaşinqtonda Atlantik Şuranın Kiber İdarəçilik Təşəbbüsü Mərkəzindən Beau Woods deyib. Onun sözlərinə görə, «WikiLeaks»in açıqlamaları həm Birləşmiş Ştatların özündə, həm də xaricdə, kiber təhlükəsizliyin insan həyatı və ictimai sabitlik üçün önəmli olduğu yerlərdə texnologiyalara etimadla bağlı narahatlıq yaradacaq.

CIA-in haker alətlərindən amerikalıların özünə qarşı istifadə edib-etmədiyi bəlli deyil. Ancaq Amerika Vətəndaş Azadlıqları Birliyindən Ben Wizner deyir ki, «WikiLeaks»in açıqladığı sənədlər hökumətin telefon və digər cihazlarda bilərəkdən boşluqlar yaratdığını, bununla da insanları güdməyi asanlaşdırdığını göstərir.

V.Putin
V.Putin

YENƏ RUSİYA?

«WikiLeaks» sənədlərin mənbəyini açıqlamır. Bəziləri isə bu proseslərin də arxasında Rusiyanın dayandığını, CIA-in sənədlərini məhz rus hakerlərinin oğurlayaraq, «WikiLeaks» ötürdüyünü güman edirlər. Konqresin Silahlı Qüvvələr Komitəsinin sədri John McCain, həmçinin Vaşinqtonda Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin kiber təhlükəsizlik üzrə mütəxəssisi James Lewis bu haqda şübhələrini dilə gətirib. J.Lewis kəşfiyyatın məlumatlarını – Rusiyanın seçkiyə müdaxilə cəhdlərini, əldə etdiyi sənədləri əvvəllər də «WikiLeaks»ə ötürdüyünü xatırladıb.

«WikiLeaks»in «Vault 7» adlandırdığı yeni sənədlərin həcmi 8 min veb-səhifəyə yaxındır, 943 əlavə var. «The New York Times» səhifələrin çoxunun «WikiLeaks» tərəfindən redaktə edildiyini, bununla da qurumun kiber silahların əsl kodunu, CIA hədəflərinin adını gizlətməyə çalışdığını qeyd edir.

«WikiLeaks» isə bu yaydıqlarının hələ ilkin buraxılış olduğunu, CIA-in bütün arxivinin yüz milyonlarla kompüter kodundan ibarət olduğunu bildirib.

XS
SM
MD
LG