Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:24

'WannaCry' epidemiyası. Fayllarınıza virus düşübsə, nə etməli


«WannaCry» virusu 150 ölkədə 200 mindən çox «Windows» kompüterini blokladı.
«WannaCry» virusu 150 ölkədə 200 mindən çox «Windows» kompüterini blokladı.

Cümə günü, mayın 12-də son illərin ən böyük virus epidemiyalarından biri dünyanı bürüdü. «WannaCry» (WannaCrypt) virusu 150 ölkədə 200 mindən çox «Windows» kompüterini blokladı. Zərərçəkənlər arasında Rusiya Daxili İşlər Nazirliyi, Britaniya xəstəxanaları, Britaniya Milli Səhiyyə Xidməti, İspaniyanın ən böyük mobil rabitə operatoru, ABŞ-da yerləşən «FedEx» kuryer şirkəti, Fransa avtomobil istehsalçısı «Renault» və dünyanın bir çox başqa qurumu da var.

Virusun yayılmasının miqyası və sürəti unikal olsa da, onun iş mexanizmi artıq çox illərdir ki, bəllidir: zərərli şifrələmə proqramları istifadəçilərin fayllarını korlayaraq onları yenidən bərpa etmək əvəzində fidyə tələb edirlər. Bu fidyə, adətən, «anonim valyuta» sayılan bitkoynlarla istənilir.

Avropolun (Europol) kibercinayət mərkəzi bildirir ki, hazırkı hücum misli görünməmiş səviyyəyə çatıb.

«YETKİN» VİRUSLAR

Kompüter proqramlarının təhlükəsizliyi sahəsində ixtisaslaşmış məşhur «Symantec» şirkəti ötənilki hesabatında bildirirdi ki, fidyə tələb edən viruslar əvvəllər də mövcud olub, ancaq indi onlar «yetişiblər» və ziyanvericiliyin yeni səviyyəsinə çatıblar.

Adıçəkilən virus kompüterinizdəki faylları şifrələyibsə, nə etməlisiniz? Mütəxəssislər hələlik «WannaCry» virusuna yoluxmuş məlumatların şifrəsini açmağın yolunu tapmayıblar. «Kaspersky» Laboratoriyası istifadəçilərə kənar «şifrəaçan»lardan yararlanmamağı tövsiyə edir. Şirkət bildirir ki, bu, sonradan şifrələrin açılmasını qeyri-mümkün edə bilər.

Çarəsiz durumda qalmış insanlar artıq reketlərə 50 min dollardan artıq pul köçürüblər. Ancaq bununla onların öz məlumatlarını bərpa edib -etmədikləri bəlli deyil. Ekspertlər cinayətkarlara pul verməməyi tövsiyə edirlər.

Tarixin ən güclü kiber hücumu təkrarlana bilər
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

TƏHLÜKƏSİZLİK PROQRAMLARINI YENİLƏYİN

Kibertəhlükəsizlik mütəxəssisləri bir məsələdə həmrəydirlər: ən yaxşısı, «WannaCry» virusunu kompüterə yaxın qoymamaqdır. Bundan ötrü təhlükəsizlik proqramlarını yeniləmək tələb olunur. Məsələn, cinayətkar hakerlərin faydalandıqları problemi «Microsoft» artıq martda həll edib. Mütəxəssislər həmçinin, etibarlı antivirusdan və fayrvoldan (firewall), ən azı, «Microsoft»un uyğun proqramlarından istifadə etməyi məsləhət görürlər. Təbii ki, kompüterinizin əməliyyat sistemi daim yenilənmiş olmalıdır.

Məlumatlarınız başqa viruslar tərəfindən şifrələnibsə, onların bərpa şansı daha çoxdur.

Mütəxəssislər bildirirlər ki, köhnə, artıq dəstəklənməyən əməliyyat sistemlərindən istifadə edənlər daha böyük risk qarşısındadırlar. Məlumdur ki, «Microsoft»un dəstəkləmədiyi köhnə əməliyyat sistemləri çox sayda istifadəçi tərəfindən uzun müddət işlədilir. Məsələn, 2014-cü ildə «Microsoft» artıq XP-ni dəstəkləməyəcəyini elan etsə də, ABŞ-da bir çox yanacaq və elektrik enerjisi şirkətlərinin məhz həmin əməliyyat sistemindən istifadə etdiyi bəlli olmuşdu.

TÖVSİYƏLƏR

Kompüter təhlükəsizliyi sahəsində tanınmış ekspert Brian Krebs nomoreransom.org resursundan yararlanmağı tövsiyə edir. Bu layihə antivirus şirkətləri və rəsmi qurumlar, o cümlədən Avropolun kibercinayətlə mübarizə mərkəzi tərəfindən dəstəklənir.

Layihənin saytında müxtəlif virusların şifrələdiyi faylların deşifrə alətləri toplusunu tapmaq olar. Bundan başqa, öz kompüterinizdəki şifrələnmiş faylı mütəxəssislərə göndərə bilərsiniz. Onlar həmin faylın şifrəsinin açılması imkanlarını dəyərləndirib sizə bildirəcəklər.

B.Krebs bundan başqa, bleepingcomputer.com saytının forumundan yararlanmağı tövsiyə edir. Bu forumda kompüter və kibertəhlükəsizlik entuziastları bir-birinə faylların şifrəsini açmaqda kömək edirlər.

Ən sonda, bir çoxlarının çox vaxt gözardı etdiyi üç sadə, ancaq vacib məsləhəti sizinlə bölüşmək istərdik:

– Daim ən vacib məlumatların bir neçə ehtiyat surətini yaradıb saxlayın. Surətləri kompüterdə yox, başqa yerdə, ayrıca saxlamaq məsləhət görülür. Bu məqsədlə internetdə «back-up» üçün nəzərdə tutulmuş «bulud» xidmətlərindən də yararlanmaq olar.

– Daim kompüterinizin sistemini və əsas proqramlarınızı yeniləyin.

– Hətta tanışlarınızdan gəlmiş olsa belə, istənməyən faylları açmayın.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG