Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 14:41

Bəşəriyyət tarixində ən güclü vulkan püskürməsi


Calbuco vulkanından qaçanlar... Chile--La Ensenada. 25 aprel, 2015
Calbuco vulkanından qaçanlar... Chile--La Ensenada. 25 aprel, 2015

Bundan düz iki əsr əvvəl, 1816-cı ildə Şimali Amerika və Avropanın bəzi hissələrində insanlar yay görməyiblər. Nəticədə tarlalardakı məhsul tələf olub ə aclıq başlayıb.

O zaman insanlar bunun səbəbini anlamasalar da hazırda alimlər bilirlər ki, bu İndoneziyanın Sumbava adasındakı Tambora vulkanının püskürməsi ilə bağlı idi. 1815-ci il aprelin 10-da baş vermiş bu hadisə bəşəriyyət tarixində ən güclü vulkan püskürməsi idi. Vulkan atmosferə milyonlarla ton toz, kül və kükürd dioksidi püskürmüşdü. Nəticədə dünyanın iqlimi müvəqqəti olaraq dəyişmiş, qlobal temperaturlar 3 dərəcəyə, torpağın temperaturu isə 3 dərəcəyə qədər enmişdi.

Bu təbii iqlim dəyişikliyi nəticəsində xeyli məhsul tələf olmuş, qida qıtlığı yaranmış, xəstəliklər yayılmışdı.

Baş verənlər hətta ədəbiyyata da təsir etmişdi. Məhz bu hadisə Mary Shelly-ni özünün epik qorxu romanı olan "Frankenşteyn"i yazmağa ilhamlandırmışdı.

Tambora vulkanının püskürməsi alimlər tərəfindən 8 ballıq şkala ilə 7 bal gücündə qiymətləndirilir.

William K. Klingaman və atasının yazdığı "Yaysız il" ("The Year without Summer") kitabında deyilir ki, vulkan 25600 kvadrat kilometrlik ərazini 3,7 metr qalınlığında örtə biləcək qədər kül və süngər daşı püskürmüşdü.

Bu vulkan nəticəsində 71.000 insan həyatını itirmişdi. "Progress in Physical Geography" jurnalı yazır ki, onların 12.000-nin birbaşa püskürmə nəticəsində tələf olub.

Bəs vulkanın püskürməsi iqlimə necə təsir edir? Məsələ burasındadır ki, vulkan püskürəndə atmosferə iri kül buludları buraxır ki, çbu da ərazini bir neçə günlüyünə soyudur və hava nəqliyyatının işinə mane olur. Üstəlik çox güclü püskürmələr nəticəsində çıxan kükürd dioksidi atmosferin 16 km yüksəkliyinə qədər gedib çıxa bilir. Orada kükürd dioksidi su buxarı ilə reaksiyaya girərək sulfat aerozoluna çevrilir.

Bu aerozollar yağış buludlarından daha yüksəkdə olduğuna görə yağış onları yuya bilmir. Nəticədə onlar atmosferdə ilişib qalır və gün işığını əks etdirir. Beləliklə günəş şüaları yerə çatmır və yerin səthi soyuyur. Məhz buna görə də Tambora vulkanının püskürməsinin iqlimə təsiri bir ildən də bir qədər çox sonra görünməyə başlayıb.

İyunun 7-8-də ABŞ-ın şimal-şərqində güclü qar yağdı. Qarın qalınlığı yarım metrə qədər çatırdı. "Amerika hava hekayələri" kitabında deyilir ki, Filadelfiyada "hər bir yaşıl ot tələf olmuşdu və hər növ tərəvəz xeyli ziyan görmüşdü".

İş o yerə çatıbmış ki, Monrealda donmuş quşlar göydən küçələrə tökülürmüş. Pensilvaniyada isə göllər və çaylar buzla örtülübmüş.

Avqustda bundan da betər soyuqlar gəlir və ABŞ-ın şimal-şərqində olan-qalan məhsulu da məhv edib. Deyilənə görə insanlar yenotları və göyərçinləri də yeməyə başlayıblarmış.

Avropada da soyuq və nəm keçən yay aclığa, bundan qaynaqlanan üsyanlara və hətta bu vaxta qədər sabit, oturaq həyat tərzi keçirən icmaların gəzən dilənçilərə çevrilməsinə səbəb olur. Üstəlik həmin vaxt Avropada tarixdə ən ağır tif epidemiyası qeydə alınır.

"Yaysız il" kitabının müəllifi Nicholas P. Klingaman deyir ki, iri vulkanların xəbərdarlıqsız istənilən vaxt püskürə biləcəyini nəzərə alsaq bu hal yenidən baş verə bilər.

Onun sözlərinə görə Tamboranın püskürməsi miqyasında vulkan püskürməsi 1000 ildə bir dəfə baş verir. Ancaq kiçik vulkan püskürmələri belə iqlimə ciddi təsir edə bilir. Məsələn, yenə də İndoneziyada yerləşən Krakatoa vulkanının 1883-cü ildə baş vermiş püskürməsindən beş il sonra yer səthində soyuma baş vermişdi. Halbuki bu vulkan atmosferə Tamboradan daha az material püskürmüşdü.

1991-ci ildə püskürmüş Filippindəki Pinatubo vulkanı isəqlobal temperaturların 1 dərəcə enməsinə səbəb olmuşdu. Bu miqyasda püskürmələr (Tambora püskürməsinin 1/6-i qədər) hər 100 ildən bir baş verir.

Klingaman deyir ki, vilkanların iqlimə necə təsir etməsi mövzusu nisbətən yenidir. Belə ki, alimlər bu iki fenomen arasındakı əlaqəni yalnız 1960-70-ci illərdə təsdiq edə biliblər.

Koloradoda yerləşən Milli Atmosfer Tədqiqatları Mərkəzindən atmosfer kimyaçısı Mike Mills deyir ki, onun özü vulkan püskürmələri ilə qlobal iqlim dəyişikliyi arasında əlaqəni aşkar edib. Onun fikrincə bu, bu əsrin əvvəlində vulkan aktivliyinin artdığı dövrdə qlobal istiləşmənin müvəqqəti olaraq yavaşıması bununla izah oluna bilər.

XS
SM
MD
LG