Rusiyanın mərkəzi hissəsində yerləşən Ulyanovsk şəhərində çimərliyə gələnlər Kuybışev su anbarının sularına çatmaqdan ötrü 200 metr yol getməlidirlər.
Tatarıstanın paytaxtı Kazan yaxınlığında 1950-ci illərdən bəri Volqa çayının suları altında qalmış, çar zamanında salınmış yol üzə çıxıb və sakinlərin sevimli gəzinti yerinə çevrilib. YouTube videolarında burada insanların metal detektorları ilə orta əsrlərə aid əşyalar axtardıqlarını görmək olur.
Tatarıstanın başqa yerlərindənsə insanlar çayın yatağında yaranmış durğun palçıqlı gölməçələrin görüntülərini paylaşırlar.
Qış həmişəkindən isti keçib
Volqa çay sisteminin uzunluğu boyunca – Tver, Kostroma, Tolyatti, Saratov, Həştərxan və başqa yerlərdən çayın səviyyəsinin azaldığı haqda həyəcan siqnalları daxil olur. Tolyattidə suyun səviyyəsi Baltik Hündürlük Sisteminə əsasən, 49 metrə düşüb. Nəticədə gəmilərin hərəkətinə maneə yaranıb.
Rəsmilər vəziyyətin qeyri-adi, ancaq fəlakətli olmadığını deyirlər. Hazırda Volqa boyunca su anbarlarına su yığılır. Meşə nazirliyinin Samara bölməsinin verdiyi məlumata görə, iyunun əvvəlinə Kuybışev su anbarında suyun səviyyəsi 52.5 metr olmalıdır.
Ancaq mürəkkəb su yollarının idarə edilməsinə cavabdeh şəxslərin dəyişən şərtlərə uyğunlaşa bilməməsi sarıdan narahatlıq var. Bu il Volqa orta səviyyədən artıq qar suyu toplasa da, ərazidə qış həmişəkindən çox isti keçib.
«Son 20 ildə yer donur, onun üzərindəki qar yazda əriyib Volqaya axırdı. Hidroloqlar bu il də bunun baş verəcəyini gözləsələr də, yer donmadı və suyun böyük hissəsini özünə hopdurdu. Bu, torpaq üçün çox yaxşıdır. Ancaq hidroloqların düzgün hesablamaması Volqanı bu hala salıb», – Rusiya Yaşıllar Liqasının sədri Sergey Simak deyir.
Avropanın ən uzun çayı sayılan Volqa Rusiyanın şimal-qərbindəki Tver regionundan cənubda Xəzər dənizinədək 3520 kilometr uzanır. Çay Həştərxan şəhərinin aşağısında Avropanın ən iri estuarisini (mənsəb) formalaşdırır. Çayın 1.35 milyon kvadrat kilometrlik hövzəsi Rusiyanın Avropa hissəsini, demək olar, tam əhatələyir. Bu əraziyə ölkənin 20 ən böyük şəhərindən 11-i daxildir. Üzərində 13 su-elektrik stansiyası tikilmiş çay bu gün su anbarları kaskadına çevrilib. Bu çay sistemi, eyni zamanda, kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq və nəqliyyat yolları baxımından son dərəcə əhəmiyyətlidir.
Suyun səviyyəsi azalır
Mayın 14-də Federal Su Ehtiyatları Agentliyi axın yollarını bağlatdırıb. Bu vaxta qədər bu yollar 23 gün açıq qalıb. Qurumun Orta Volqa üzrə mütəxəssisi Aleksandr Yepifanov AzadlıqRadiosuna (RFE/RL) bu qərarın suyun kürü istehsalı üzrə ixtisaslaşan Aşağı Volqa bölgəsinə axması üçün verildiyini deyib.
«Bu, hər il, aprelin sonunda və mayın əvvəlində edilir. Ancaq bu il ərimiş qar suları buraxılmış suyun həcmini kompensasiya etməyib. Bu, yalnız indi baş verir, …buraxılan suyun həcmi daxil olan suların həcmindən çoxdur», – Yepifanov söyləyib.
Yepifanov daha sonra deyib ki, Orta Volqa ərazisindəki balıq vətəgələri cənubdakı daha mühüm vətəgələrin xeyrinə qurban verilib. «Bu, belədir, ancaq bu, məcburi addım idi…», - o vurğulayır.
Ulyanovsk Ovçu və Balıqçılar Təşkilatının eksperti Kirill Luninin sözlərinə görə, Volqa hövzəsinin orta hissəsinə aid durnabalığı, çapaq və karp məhv ola bilər. Çünki onların artıq öz yumurtalarını qoyduqları yerlər indi qurumaqdadır.
«Suyun səviyyəsinin azalması balıqların kürü tökdüyü vaxtla üst-üstə düşüb. Buna görə də növbəti nəsil normaldan daha xırda olacaq, bu isə ümumi populyasiyaya təsir edəcək», – o deyir.
K.Lunin Volqanın mərkəzi hissəsi boyu 3 mindən artıq belə kürütökmə yerlərinin qurumaya məruz qaldığını bildirib.