Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Fevral, Cümə, Bakı vaxtı 18:29

İşi həkimə düşəndə seçki məntəqəsinə gedən vistənlilər...


3 il əvvəl yanmış bina

«3 ildir ki, kəndin uşaqları bağçasız qalıb, tibb məntəqəsi və kitabxana başqa inzibati binaların bir küncündə məskunlaşdırılıb. Mehriban xanıma (Birinci ledi və Birinci vitse-prezident), icra hakimiyyətinə müraciət etmişik ki, yanmış binanı təmir-bərpa edib özümüzə qaytarsınlar, ya da yenisini tiksinlər, ancaq heç daşı daş üstünə də qoyulmayıb».

Lerikin Vistən kəndindəki Mədəniyyət Evinin direktoru İlham Rəsulov AzadlıqRadiosuna danışır ki, kənddəki uşaq bağçası, mədəniyyət evi, tibb məntəqəsi və kitabxana yerləşən bina 3 il əvvəl yanıb. Avadanlıqlar və kitabxanadakı kitablar kənd sakinlərinin sayıqlığı ilə vaxtında xilas edilib. Bir müddət sonra kitabxana kənd məktəbinə, tibb məntəqəsi isə seçki məntəqəsinə müvəqqəti yerləşdirilib. Mədəniyyət evinin və uşaq bağçasının böyüklü-kiçikli kontingentinə gəlincə, necə, deyərlər, «hərə öz evinə dağılışıb».

TİBBİ AVADANLIQ DA YOXDUR

45 çarpayılıq uşaq bağçası 7 yataq və digər yardımçı otaqlardan, bir də uşaqların əyləndiyi, məktəbə hazırlıq keçdiyi iri salondan ibarət olub. Kənd sakini Mətin Abbasov deyir, 3 ildir ki, başqa valideynlər kimi, o da yanğından qaralmış və quru divarları qalmış binanın yanından köks ötürüb keçir:

«Uşaq bağçası uşaqların həyatında nə deməkdir, bunu hamı gözəl bilir. Bizim uşaqlar da o bağçada cəmiyyətə ilk sərbəst addım atmağı öyrənirdilər. Yatıb-duranda özləri geyimlərini dəyişir, məktəbə hazırlıqları ilə məşğul olur, bir sözlə, özləri özlərini idarə edirlər. Sovetdən qalma köhnə bina idi, vaxtında istismar müddəti ötmüş kabelləri, otaqlardakı elektrik yuvalarını dəyişsəydilər, yanğın da baş verməzdi».

3 ildir ki, vistənlilərin işi həkimə düşəndə kənddəki seçki məntəqəsinə gedir, çünki tibb məntəqəsi ora yerləşdirilib. Sakinlər deyir, bu, həm xəstələrə, həm də tibb məntəqəsinin həkim kontingentinə narahatçılıq yaradır. Seçki məntəqəsində hətta xəstəni ilkin müayinədən ötrü də tibbi avadanlıq və şərait yoxdur.

MƏKTUBLARA CAVAB VERƏN YOXDUR

O ki qaldı, kitabxanaya, sakinlərin iddiasına görə, kənddəki məktəbdə onsuz da sıxlıqdır, şagirdi çox, otağı az olan məktəb binasına üstəlik kitabxananın yerləşdirilməsi sıxlığı daha da artırıb.

Vistənlilər əsasən də uşaq bağçasına görə narahatlıqlarını rəsmi qurumlara dəfələrlə bildiriblər. Kənd sakini Məmməd Məmmədov deyir, bir kənddə eyni vaxtda dörd müəssisənin yersiz-yurdsuz qalmasından, demək olar ki, bütün rəsmi qurumlar xəbərdardır. Ancaq 3 ildə kəndlilər yazdıqları məktublara quru cavab da almayıblar:

«Şəxsən özüm icra hakimiyyətinə gedib gəlirəm, deyirlər, «hökumət özü nə vaxt münasib bilsə, o vaxt da məsələləri həll edəcək. Sən kimsən ki, hökumətə yol göstərirsən, ağıl verirsən?». Mən tibb məntəqəsi olmadığına görə xəstəsi qucağında qalan vətəndaşam. Övladını qışın sazağında başqa kəndə bağçaya aparan kəndliyəm».

«ÇƏTİNLİKLƏR MÜVƏQQƏTİDİR»

Lerik rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, 2014-cü ilin yanvarında ümumi sahəsi 300 kv.metr olan inzibati binada yanğın qısaqapanmadan olub. Kitabxana və tibb məntəqəsi başqa inzibati binalarda məskunlaşdırılsa da, mədəniyyət evi və uşaq bağçasına yer tapılmayıb:

«Tibb məntəqəsi ilə kitabxana da müvəqqəti məskunlaşdırılıb, daimi deyil. Elə çətinliklər də müvəqqətidir. Həmin müəssisələrin aidiyyəti üzrə nazirlikləri özləri bu məsələlərlə məşğul olurlar».

Qurumdan bildirilib ki, layihə mövcuddur və yaxın vaxtlarda vistənliləri sevindirmək mümkün olacaq. Kənddə həmin müəssisələrin ayrı-ayrılıqda inzibati binalarının tikintisi gündəmdədir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG