COVID-19 pandemiyası başlayandan insanlar evdən işləyir, görüşlərini onlayn videozənglər formatına keçiriblər. Bir çoxları üçün bu yorucudur. Yaranan texniki problemlər, eyni anda on cüt gözün ekrandan sənə baxması, üstəlik də, videogörüş bitən kimi ev və ailə qayğıları – bütün bunlar insanı yorur.
BBC Worklife insanların məhz nələrdən yorulduğunu araşdırıb. Avropadakı "Insead" biznes məktəbinin professoru Gianpiero Petriglieri iş yerində dayanıqlı tədris və inkişafı öyrənir. Klemson Universitetinin professoru Marissa Shuffler-sə iş yerində rifah və komanda işinin effektivliyini araşdırır.
Sükut
Professor Petriglieri deyir ki, videozəng insandan üzbəüz görüşə nisbətən daha çox fokus tələb edir. Videoçat zamanı biz insanların üz ifadələrini, səs tonlarını, bədən dilini anlayıb ayırd etmək üçün daha çox diqqət və enerji sərf edirik. "Düşüncələrimiz birlikdədir, ancaq bədənimiz hiss edir ki, biz birlikdə deyilik. İnsanlara ziddiyyətli hisslər yaşadan bu dissonans yorucudur. Söhbət zamanı təbii olaraq rahat vəziyyət almaq mümkün deyil", - o deyir.
Onun sözlərinə görə, bu məsələdə sükutun da rolu var. Normal, real vaxtda baş verən söhbət zamanı sükut təbii ritm yaradır. Ancaq videozəngdə sükut yarananda insan texnologiyadan narahat olur. Alman alimlərinin hələ 2014-cü ildə apardığı bir araşdırma üzə çıxarıb ki, telefon və konfrans sistemlərindəki ləngimələr bizim insanlar haqda təsəvvürlərimizin mənfiyə dəyişməsinə səbəb olub. Hətta 1-2 saniyəlik ləngimələr insanların öz həmsöhbətlərini kobud və diqqətsiz hesab etməsinə səbəb olub.
Shuffler-sə buna əlavə olaraq deyir ki, biz fiziki olaraq kamera qarşısında oturanda bilirik ki, bizə baxırlar. Bu, bir növ sosial basqıdır: əgər səhnədəyiksə, oynamalıyıq. Bu halın özü kifayət qədər stresslidir. Bundan başqa, insanlar ekranda öz üzlərini görəndə ona baxmaya, kamera qarşısında hərəkətlərinə fikir verməyə bilmirlər.
"Hamımız yorğunuq"
Əlbəttə, ümumi stressə görə təkcə "Zoom"u günahlandırmaq olmaz. Bütün bu vəziyyət – təcrid, karantin, evdən işləmək, uşaqların dərsi - hər şey təsir edir.
Petriglieri deyir ki, bu videozənglərin doğurduğu məcburiyyət də diqqətdən kənarda qalmamalıdır: "Videozəng hər dəfə həmkarlarımızı onlayn görəndə bizə indi birlikdə iş yerində olmalı olduğumuzu xatırladır. Mən görürəm ki, introvert, yaxud ekstrovert olmağımızdan asılı olmayaraq hamımız yorğunuq. Hamımız pandemiya dövründə öyrəşdiyimiz kontekstin qəfil qırılmasını yaşayırıq".
Məqalədə daha sonra deyilir ki, adətən, həyatımızın fərqli aspektləri sayılan şeylər – iş, dostlar, ailə - indi eyni məkanda cəmləşib. Psixologiyadakı özmürəkkəblik (self-complexity) nəzəriyyəsinə görə, fərdlər müxtəlif aspektlərə - kontekstdən asılı olan rollara, münasibətlərə, fəaliyyətlərə və məqsədlərə malikdirlər. Petriglieri-nin sözlərinə görə, insanlar bu halı sağlam sayır. "Bu aspektlər azalanda biz neqativ fikirlərə daha həssas oluruq", - o deyir.
"Bizim sosial rollarımız müxtəlif yerlərdə oynanılır. İndi isə kontekst dağılıb. Təsəvvür edin ki, bir bara gedirsiniz. Eyni barda professorlarınızla da danışırsınız, valideynlərinizlə də, sevglinizlə də görüşürsünüz. Bu, qəribə deyil? Bizim hazırda etdiyimiz budur… Biz qorxu yaradan böhran kontekstində öz məkanımıza bağlı qalmışıq. Ünsiyyət üçün yeganə məkanımız isə kompüterin ekranıdır", – Petriglieri deyir.
Yalnız zəruri zənglər etmək
Professorun sözlərinə görə, çox sayda insanın iştirak etdiyi qrup zəngləri xüsusilə stressli ola bilər. İnsanlar televizora ona görə baxırlar ki, bu zaman düşüncələrini sərbəst buraxa bilirlər. Böyük video zənglərində isə "sanki sən televizora baxırsan, televizor da sənə baxır".
Hər iki ekspert hesab edir ki, zənglərin sayını məhdudlaşdırmaq, yalnız zəruri zəngləri etmək lazımdır. Kameranı işə salmaqsa məcburi olmamalıdır. Ümumiyyətlə, hər görüşdə kameranı işə salmağın vacib olmadığı fikrinə alışmaq yaxşı olardı. Ekranı özünüzdən kənarlaşdırmaq konsentrasiyaya da yaxşı təsir edəcək. Ekspertlər deyirlər ki, bu üsulları tətbiq etməklə yorğunluğu azaltmaq olar.
Shuffler insanların sağlamlıq durumu ilə maraqlanmağı tövsiyə edir: "Bu, dünya ilə yenidən bağlanmağın, etibar yaratmağın və yorğunluqla narahatlığı azaltmağın bir üsuludur". Petriglieri isə hətta köhnə üsulla məktub yazıb insanlar haqda düşündüklərinizi, onların qayğısına qaldığınızı ifadə etməyi təklif edir.