Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Dekabr, bazar, Bakı vaxtı 13:56

Veteranlara çatası torpaqlar 'satılıb'


Torpaq sahəsi

«Azərbaycan Əfqanıstan Veteranları» İctimai Birliyinin sədri Məhəmməd Vəliyev və onun müavini Cavan Əhmədova prokuror 8 il cəza istəyib. Mayın 16-da məhkəmədə çıxış edən prokuror onları CM-nin 311-ci maddəsi ilə - rüşvət almaqda təqsirli saysa da, hər ikisinin şərti cəza ilə azadlıqda qalmasını istəyib.

Hərçənd, təqsirləndirilən şəxslər özlərini ümumiyyətlə, təqsirli bilmirlər. Deyirlər ki, veteranlar üçün ayrılmış torpaq sahələrini satmaları, rüşvət almaları haqda iş materiallarında yazılanlar da, məhkəmədə verilən ifadələr də böhtandır.

«Mən sədrliyə başlayanda məndən əvvəlki sədr bütün torpaqları vermişdi. Məhkəmədə ifadə verən şahidlərin heç biri sədri olduğum cəmiyyətin üzvü deyil. Onlar 1990-cı illərdə bir vəsiqə əldə ediblər. İndi də gəlib deyirlər ki, «biz veteranıq». Vəsiqələrinə baxsanız görəcəksiz ki, onların müddəti də keçib. Onlar təşkilatın ləğv edilməsi üçün məhkəməyə də müraciət eləmişdilər», – M.Vəliyev bildirib.

«Sədrin oğlu makler kimi o torpaqları satırdı»

Məhkəmədə dindirilən şəxslərin bəziləri istintaqa ifadələrindən imtina edib, bu adamlara qarşı şikayətlərinin olmadığını desə də, onların əleyhinə çıxanlar da oldu. Məsələn, birliyin Nərimanov rayon təşkilatının sədri Arif Əsgərov deyir ki, onu şahid yox, zərərçəkmiş qismində tanımalıydılar: «Mən 1985-1987-ci illərdə Əfqanıstan müharibəsində iştirak etmişəm. Nizami rayonu ərazisində qeydiyyatda idim. Lakin bu şəxslər məni aparıb Suraxanıda bataqlığa saldılar, oradan torpaq verdilər. Torpağa görə narazılıq elədim. Cavan Əhmədov dedi ki, sədrə məlumat verəcək. Sonra 2010-cu ildə ona 3 min manat verdim. O, mənə Nizami rayonu ərazisində torpaq verəcəkdi. 2013-cü ildə eşitdik ki, Nizami rayonu ərazisində olan torpaqlar biz veteranlara pulsuz verilməlidir. Məhəmməd Vəliyevin oğlu makler kimi həmin torpaqları satıb. İndi mənim yaşadığım ev suyun içindədir».

Hakim şahidə izah edib ki, əgər cinayət işində rüşvət almadan söhbət gedirsə, rüşvəti verən şəxs zərərçəkmiş qismində tanına bilməz.

Əfqanıstan müharibəsi veteranı Azad Əliyev də təqsirləndirilən C.Əhmədova 4 sot torpaq üçün 8 min 800 manat pul verdiyini iddia edib.

C.Əhmədov isə şahidin yalan danışdığını, ona pul vermədiyini söyləyib.

Mayın 23-də təqsirləndirilən şəxslər məhkəmədə son sözlərini deyəcək, ardınca onlara hökm oxunacaq.

Təşkilatın sədri və onun müavinindən narazı olan veteranlar 30 nəfərin imzası ilə Prezident Administrasiyasına məktub göndəriblər. Yazıblar ki, Veteranlar Birliyinin sədri və onun müavini veteranlar üçün nəzərdə tutulmuş güzəştlərdən özlərinə biznes qurublar, onlar üçün nəzərdə tutulmuş torpaq sahəsi, avtomobil pulla verilir.

Bu şikayətdən sonra Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi araşdırmalara başlayıb və təşkilatın sədri ilə onun müavini məsuliyyətə cəlb olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG