Vergilər Nazirliyi təklif edir ki, aylıq gəliri 8 min manata qədər olan və əmək müqaviləsi ilə çalışan fiziki şəxslər, gəlir vergisindən azad olunsun.
ReAL partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli hesab edir ki, bu təklif həyata keçərsə, faktiki olaraq indiki 14 faiz gəlir vergisinin ləğvi demək olacaq. Beləliklə aşağı hədd 8000 manata qaldırılır, ölkədə isə bundan yuxarı maaş çox azdır deyə, ekspert təklifi faktiki olaraq gəlir vergisinin ləğvi sayır:
“Əvvəllər 176 manatdan yuxarı olan maaşlardan gəlir vergisi tutulurdu, indi o gəlir vergisi ləğv olunur Bu, özəl sektora aiddir, amma siz özəl sektora aid olub neft sektorusunuzsa, bu, sizə aid olmayacaq”.
Natiq Cəfərli deyir ki, gəlir vergisi ləğv olunsa da, Vergilər Nazirliyi sosial müdafiə fonduna ödəmələri artırmağı təklif edir. Belə ki, təklifə görə, indiyə qədər işçi əmək haqqının üç faizini bu fonda ödəyirdisə, indi maaşın 200 manatdan yuxarı olan hissəsinin 10 faizini, üstəgəl əlavə də altı manat ödəyəcək.
Onun sözlərinə görə, bu dəyişiklik 400 manatdan yuxarı maaşı alanlara sərf edir, yerdə qalanların yekunda ödənişi artacaq.
Bu dəyişiklik təklifi maaşı 8 min manata qədər olanlara aiddir. 8 min manatdan yuxarı maaş alanlardan bu məbləğin 14 faizi gəlir vergisi kimi tutula bilər. Hazırda bu məbləğ 25 faizdir.
Amma bunlar hələlik Vergilər Nazirliyinin təklifləridir, onun tətbiqi barədə konkret qərar verilməyib.
680 min nəfərə aid olacaq
Keçmiş deputat Nazim Bəydəmirli deyir ki, gəlir vergisinin azaldılması baş tutsa, ikili mühasibatlıq, kölgə iqtisadiyyatının azalacağını gözləmək olar:
“Artıq onun vergidən yayınmağa ehtiyacı qalmır. İndiyə qədər maaşları az yazaraq, dövriyyəni azaldırdılar ki, sadələşdirilmiş vergiyə düşsünlər. Beləliklə də, dövlət büdcəsinə ödənilməli olan mənfəət vergisindən qaçırdılar. İndi isə kiçik və orta sahibkarın öz maaş fondunu gizlətməsinə ehtiyac qalmır”.
Amma müxalifətdəki ReAl partiyasının icra katibi Natiq Cəfərli deyir ki, bu güzəşt yalnız özəl sektora aid olduğu üçün cəmi 680 min nəfərə şamil olunacaq.
Natiq Cəfərli bildirir ki, güzəşt, təşviq o zaman xeyirli olur ki, düşünülmüş şəkildə icra olunur, məsələnin təbliğat tərəfi yox, praktik tərəfi önə çıxır.
Əvvəllər yalnız regionlarda çalışan sahibkarlar sadələşdirilmiş vergini 2 faiz, Bakıda isə 4 faiz ödəyirdilərsə, indi bütün ölkə boyunca sadələşdirilmiş vergi iki faiz ola bilər.
Bundan başqa nəqdsiz ödəmələr aparan həm fiziki, həm də hüquqi şəxslərə vergi güzəştləri gözlənilir.
Müəyyən risklər var
Hesablama Palatası isə bu yeniliklərlə bağlı Vergilər Nazirliyinə xəbərdarlıq edib:
“Bu dəyişikliklər vergi sistemi üçün müəyyən risklərin artmasına səbəb ola bilər. Bununla əlaqədar biz nəzərdə tutulan yeniliklərin mərhələli şəkildə tətbiq edilməsi məqsədə uyğun olardı”.
İqtisadçı Nazim Bəydəmirli deyir ki, söhbət o riskdən gedə bilər ki, yaxın gələcəkdə vergi yığımları azala bilər, amma uzun müddətdə bu, iqtisadiyyatın güclənməsinə xidmət edə bilər.
“Qanun” nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyir ki, son bir neçə ilə qədər Vergilər Nazirliyi sahibkarlığın inkişafına mane olurdu, son illər isə yumşalma hiss olunur. Onun sözlərinə görə, nazirlik gərək sahibkarla əməkdaşlıq etsin:
“Biz istəyirik ki, vergi o həddə olsun ki, biz onu ürəkdən vermək istəyək. İkincisi isə vergi asan çatımlı olmalıdır. Beş vergi müfəttişinin birdən gəlib vergi yığmasına ehtiyac yoxdur, bizə formanı təqdim etsinlər, ödəyək. Vergilər Nazirliyi müşavirələr keçirməlidir, treninqlər aparmalıdır, verginin mahiyyəti sahibkarlara izah olunmalıdır”.
AzadlıqRadiosu Bakı sakinlərinin də fikrilərini öyrənib:
Vergilər sahəsində islahatlar -keçən ildən Mikayıl Cabbarov nazir təyin olunandan sonra sürətlənib.
Bu islahatlara baxmayaraq, tənqidçilər ölkə iqtisadiyyatının liberallaşması üçün başqa mühüm tədbirlərin görülməsini vacib sayırlar. Bunlar, korrupsiya ilə daha ciddi mübarizə, məmur sahibkarlığının azaldılması və sairdir.