Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:12

‘Nazir dəyişdi, bəzi adamlar işdən çıxarıldı, ona görə alınmadı...’


Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik sahibkarlıqla iş departamentinin vergi ödəyicilərinə xidmət və uçot idarəsinin müfəttişi Ağa Məmmədov hakim önünə çıxarılıb.

O, bir sıra işadamlarından vergi ilə bağlı problemlərinin həlli, o cümlədən Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdən tutulmuş ikiqat verginin geri qaytarılması, vergi borclarının silinməsi üçün pul alıb onları aldatmaqda ittiham edilir.

Ağa Məmmədova CM-nin 34.312 (rüşvət verməyə təhrik) və 178-ci (dələduzluq) maddələrilə ittiham irəli sürülüb.

Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Ağa Məmmədov özünü təqsirli bilmir. O deyir ki, heç kimdən rüşvət almayıb, kimsəni də aldatmayıb.

Ağa Məmmədovun rüşvət aldığı iddia olunanlar arasında Türkiyə vətəndaşı olan işadamı Füsun Baştürk də var.

O, fevralın 26-da məhkəmədə şahid qismində dindirilib və deyib ki, Azərbaycandakı vergi işlərinin həllindən ötrü Ağa Məmmədova 1500 manat pul verib. Təqsirləndirilən vergi müfəttişini isə ortaq tanışları Elvin Manafov vasitəsilə tanıyıb.

“AĞA DA DEMİŞDİ Kİ, PULU RƏİSƏ VERƏCƏK”

Azərbaycanda biznes sahəsində fəaliyyət göstərdiyini deyən Füsun Baştürkün sözlərinə görə, 3 ilə yaxındır Vergilər Nazirliyindən 17 min manat alacağı var.

Şirkətinin gördüyü işlərə görə ondan tutulan ikiqat verginin bir hissəsi də məhz həmin 17 min manatdır:

“Həmin pulu geri ala bilmirdim. O zaman o pul 20 min dollardan çox eləyirdi. Devalvasiyadan sonra pul dəyərini itirdi. Amma yenə də ala bilmirəm. Mən Elvinlə birlikdə işləmişəm. O da vergi işindən anlayışı olan Ağa Məmmədovu tanıdığını dedi. Biz Ağa Məmmədovla görüşüb danışdıq. 1500 manata sənədləşmə işini aparacağını dedi”.

Türkiyəli şahid deyir ki, Ağa Məmmədovdan əvvəl başqa bir adamdan xahiş eləmişdi, amma həmin şəxs ona kömək edə bilməmişdi:

“Ağa bəy də bir müddət yox oldu. Məcbur qalıb Vergilər Nazirliyinə məktub yazdım. Sonra Ağa özü bizi tapdı. O zaman da dedim ki, şikayət və tələbim yoxdur”.

Füsun Baştürk deyir ki, pulu rüşvət kimi yox, sənədləşmə işlərini həll etməkdən ötrü vermişdi.

Hakim Füsun Baştürkə xatırladıb ki, məhz onun məktubu əsasında Ağa Məmmədov haqqında araşdırmalar başlayıb. Füsun Baştürk cavabında bildirib ki, həmin müraciəti şikayət kimi yox, işinin tezləşdirilməsi məqsədilə yazıb.

Vasitəçi kimi adıçəkilən Elvin Manafov da dindirilib. O deyir ki, Ağaya pul veriləndən az sonra Vergilər Nazirliyində kadr dəyişikliyi oldu, bu səbəbdən iş alınmadı:

“Nazir dəyişdi, bəzi adamları işdən çıxardılar. Ağa da demişdi ki, pulu rəisinə verəcək. Bu dəyişiklikdən sonra iş alınmadı...”

Şirniyyat mağazası işlətdiyini deyən Elvin Manafovun özü də vergiyə olan 5 min 700 manatlıq borcla bağlı problemin həlli üçün Ağa Məmmədova 1500 manat pul verdiyini deyir. Amma onun özünün də bu işi alınmayıb.

Bu işlə bağlı məhkəmə araşdırmaları davam edir.

Cinayət qanunvericiliyində dələduzluğa görə 5 ilə qədər, rüşvət verməyə təhrikə görə 4 ildən 8 ilə qədər həbs nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG