Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:22

Avropa İttifaqı ‘vergi cənnətlərinin’ qara siyahısını müzakirə edəcək


“Cənnət sənədləri” (Paradise papers) sızmalarının ardınca Avropa Tttifaqı ölkələri noyabrın 7-də ofşorların və ya “vergi cənnətlərinin” qara siyahısının tərtib edilməsi məsələsini müzakirə edəcəklər.

Reuters agentliyi xəbər verir ki, bu məsələnin Aİ maliyyə nazirlərinin aylıq görüşünün gündəliyinə əlavə edilməsi əsas etibarilə Appleby hüquq firmasından sızmış sənədlərdə Avropa şirkətləri və fərdlərinin adlarının olması ilə bağlıdır.

Almaniyanın Sueddeutsche Zeitung qəzeti tərəfindən əldə edilmiş bu sənədlər Təhqiqat Jurnalistlərinin Beynəlxalq Konsorsiumu və bir sıra başqa media qurumları ilə paylaşılıb.

Avropa Komissiyasının vise-prezidenti Valdis Dombrovskis bildirib ki, yeni sızmalar Avropada vergidən yayınmalarla mübarizənin vacibliyini bir daha gündəmə gətirib.

Avropa İttifaqı ölkələri bundan əvvəl “vergi cənnətlərinin” qara siyahısının tərtibi məsələsində razılığa gəlməyə çalışırdılar.

Buna baxmayaraq noyabrın 7-də keçiriləcək görüşdə yekun razılaşmanın əldə edilməsi gözlənilmir.

Hazırda hər bir Aİ ölkəsinin öz vergi qara siyahısı var. Bu siyahıya vergi məsələlərində açıqlıq və əməkdaşlıqdan imtina edən yurisdiksiyalar daxil edilir.

Problem bundan ibarətdir ki, “vergi cənnəti” anlayışının kriteriyası ölkədən ölkəyə fərqli başa düşülür.

Belə düşünülür ki, vahid Aİ qara siyahısı daha böyük sanbal daşıyacaq. Bu siyahıya daxil olan ofşor və başqa yurisdiksiyalar vergi orqanları ilə əməkdaşlıqdan boyun qaçırdıqları hallarda onlara qarşı sanksiyalar irəli sürülə bilər.

Hələlik sanksiyaların nədən ibarət ola biləcəyi barədə də razılaşma əldə olunmayıb.

Buna baxmayaraq mümkün sanksiyalar zənginləri qara siyahıda olan ərazilərdə pul saxlamaqdan çəkindirəcək.

Ötən il Avropa Komissiyası vergidən yayınmaya imkan yaratması riski olan 81 ölkə və ərazi müəyyən edib.

Avropa rəsmiləri bildirirlər ki, Avropa İttifaqı daxilində bu məsələyə dair konsensusun mümkün edilməsi məqsədilə qara siyahıya yalnız qeyri-Avropa ölkələri daxil ediləcək.

Avropa İttifaqında vergi məsələləri ilə bağlı razılaşmalar yalnız 28 üzv ölkənin hamısının konsensusu ilə qəbul edilə bilər.

Vergi cənnətlərinin daha az cazibədar edilməsi üçün Brüssel həmçinin ictimai qeydiyyatın təşkilini təklif edir. Bu reyestrlərdə ofşor ərazilərdəki balıqqulağı şirkətlərinin əsl sahibləri göstəriləcək.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG