Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:07

Putin Maduroya ‘dəstək ifadə edir’


Rusiya prezidenti Vladimir Putin venesuelalı həmkarı Nicolas Maduroya zəng edərək ona “dəstəyini ifadə edib”.

Kreml bildirir ki, Putin Maduro ilə telefon söhbətində “Venesuelanın qanuni hakimiyyətinə” dəstək bildirib və bu ölkədə baş verən daxili siyasi böhranın kənardan qızışdırıldığını deyib.

Rusiya prezidenti vurğulayıb ki, “destruktiv xarici müdaxilə beynəlxalq qanunun təməl normalarını tapdayır”.

***

Bundan əvvəl verilən xəbərlərdə deyilirdi ki, Rusiya Birləşmiş Ştatların Venesuela böhranına dair mövqeyini tənqid edir.

Kremlin sözçüsü Dmitry Peskov deyib ki, Gauido-nun özünü prezident elan etməsi “hakimiyyəti qəsb etmək cəhdidir” və bu, beynəlxalq hüquqa ziddir. O, Kremlin “xarici ölkələrdən gələn”, “xarici müdaxiləni istisna etməyən” bəyanatlardan narahat olduğunu söyləyib.

Rusiya Xarici İşlər Nazirliyi isə ABŞ-ın Venesueladakı hərəkətlərinin Qərbin beynəlxalq hüquqa əsl münasibətini ifşa etdiyini bildirib.

“Venesuelada baş verənlər qabaqcıl Qərb cəmiyyətinin beynəlxalq hüquqa, suverenliyə, digər ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə necə yanaşdığını ortaya qoyur”, – nazirliyin sözçüsü Maria Zakharova deyib.

***

Türkiyə prezidenti Recep Tayyip Erdogan venesuelalı həmkarı Nicolas Maduroya zəng edərək onu dəstəklədiyini bildirib. Qeyd edək ki, müxalifət lideri Juan Guaido özünü aralıq prezidenti elan edərək Vaşinqtonun və bir sıra Latın Amerikası ölkələrinin dəstəyini qazanıb.

Sosialist Maduro bu addımı dövlət çevrilişi cəhdi adlandırıb.

Türkiyə isə Rusiyaya və bir sıra digər ölkələrə qoşularaq Maduroya dəstək ifadə edib. Prezidentin sözçüsü Ibrahim Kalin Twitter-də yazıb ki, Erdogan Maduroya Türkiyənin onu dəstəklədiyini deyib.

“Qardaşım Maduro! Möhkəm ol, yanındayıq!” – Kalin Erdogan-ın Maduroya belə dediyini yazıb.

“Prezident Tayyip Erdoganın rəhbərliyi altında Türkiyə bütün dövlət çevrilişi cəhdlərinə qarşı prinsipial mövqe sərgiləyəcək. #BizMaduroyuq”, – Kalin yazıb.

Nicolas Maduro (solda) və Recep Tayyip Erdogan, 3 dekabr, 2018-ci il
Nicolas Maduro (solda) və Recep Tayyip Erdogan, 3 dekabr, 2018-ci il

Türkiyədə 2016-cı ildə dövlət çevrilişinə cəhd olmuşdu. 250 nəfərədək adam öldürülmüşdü.

Son vaxtlar Ankarayla Karakasın iqtisadi və siyasi əlaqələri güclənməkdəydi. Erdogan ötən ay Venesuelaya səfəri zamanı bu ölkəyə sanksiyaları tənqid etmişdi, amma birbaşa Birləşmiş Ştatların, yaxud Prezident Donald Trump-ın adını çəkməmişdi.

Xarici işlər naziri Mevlut Cavusoglu isə deyib ki, ABŞ və digər Latın Amerikası ölkələri mütəmadi olaraq Venesuelanın daxili işlərinə qarışırlar.

“Bir tərəfdə seçilmiş prezident var, digər tərəfdə konqres rəhbəri özünü de-fakto prezident elan edir. Bəzi ölkələr bunu tanıyır. Bu, xaos yarada bilər”, – Cavusoglu A Haber xəbər kanalına deyib.

Bəzi türklər də sosial mediada Maduronu dəstəkləyiblər, #BizMaduroyuq haştaqını yayıblar.

“Sən tək deyilsən, böyük qəlbli insan. Türkiyə səninlədir”, – bir istifadəçi yazıb.

***

ABŞ prezidenti Donald Trump bildirib ki, o Venesuela müxalifətinin lideri Juan Guaido-nu keçid dövrü üçün prezident kimi tanıyır.

Yanvarın 23-də ölkə boyunca on minlərlə insan yürüş keçirirərək sosialist prezident Nicolas Maduronun istefasını tələb edib.

Bu yürüşlərə çağırış etmiş Guaido paytaxt Karakas şəhərində minlərlə tərəfdarının qarşısında çıxış edərək prezident səlahiyyətlərini üzərinə götürdüyünü bəyan edib.

Müxalifərin başçılıq etdiyi Milli Məclisin sədri Guaido ordunu hökumətə itaətsizlik göstərməyə çağırıb.

Karakasdakı nümayişlərdə çəkilmiş fotolarda etirazçıların Milli Qvardiyanın əsgərləri ilə qarşı-qarşıya durduğu görünür.

Milli Qvardiya Karakasın küçələrinə çıxarılıb
Milli Qvardiya Karakasın küçələrinə çıxarılıb

Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə olunduğu xəbər verilib.

Bəzi xəbərlərə görə ötən gün keçirilmiş yürüş zamanı dörd nəfər həlak olub.

Bu arada Maduronu dəstəkləyən antinümayişlər də keçirilir.

Müxalifət Maduronun ötən il keçirilən prezident seçkisində ikinci müddətə saxtakarlıqla seçildiyini bildirir.

Maduro iki həftə bundan əvvəl ikinci müddətə prezident kimi andiçmə mərasimindən keçmiş, amma beynəlxalq tənqidlərlə üzləşmişdi.

Trump öz bəyantında Maduronu “qanunsuz” adlandırıb və deyib ki, o “Venesuelada demokratiyanın bərpası üçün Birləşmiş Ştatların iqtisadi və diplomatik gücünün tam çəkisindən istifadə edəcək”.

Avropadan dəstək, Rusiyadan tənqid

Kanada, Braziliya, Argentina və Kolumbiya Guaido-ya dəstək bildirən ilk dörd regional ölkə olub.

Avropa Şurasının prezidenti Donald Tusk isə yazdığı tvitlə bəyan edib: “Mən ümid edirəm ki, bütün Avropa Venesueladakı demokratik qüvvələrə dəstəkdə həmrəy olacaq. Madurodan fərqli olaraq Juan Guaido da daxil parlament assambleyasının Venesuela vətəndaşlarından demokratik mandatı var”.

Lakin Rusiya millət vəkilləri Birləşmiş Ştatları Venesuelada “növbəti rəngli inqilab səhnələşdirmək cəhdində” ittiham ediblər.

Dumanın xarici əlaqələr komitəsinin üzvü Vladimir Dzhabrailov deyib: “Düşünmürəm ki, biz bunu qəbul edə bilərik. Bu, mahiyyət etibarilə çevrilişdir”.

Rusiya Venesuelanın Maduro hökuməti ilə sıx bağlara malikdir. Moskva bu yaxınlarda yerli hərbi manevrlərdə iştirak etmək üçün Venesuelaya nüvə başlığı daşımağa qabil iki bombardmançı təyyarə göndərmişdi.

Venesuela son illərdə Rusiyadan milyonlarla dollarlıq hərbi avadanlıq alıb.

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez Twitter-də yazıb ki, ölkə hərbiyyəsi Guaido-nu və ya özünü prezident elan edən heç kəsi tanımayacaq:

"Ana vətənin əsgərləri bizim üzərimizə xarici maraqlarla qoyulan və özünü qanunsuz prezident elan edən şəxsi tanımayacaq. Silahlı Qüvvələr Konstitusiyanı müdafiə edir və milli suverenliyin qarantıdır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG