Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:18

MEDİA Venesiya Komissiyasının rəyinə münasibət bildirib


Parlament etiraz doğuran qanunu qəbul etdi
Gözlə

No media source currently available

0:00 0:02:06 0:00

Parlament etiraz doğuran qanunu qəbul etdi

Medianın İnkişafı Agentliyi (MEDİA) də Venesiya Komissiyasının “Media haqqında” Qanuna dair rəyinə münasibət bildirib.

Əvvəlcə bildirilir ki, onların qeyd olunan məsələlərlə bağlı rəsmi mövqeyi yazılı şəkildə Venesiya Komissiyasına təqdim edilib, bu arqumentlərin bir qismi bu və ya digər formada yekun rəydə öz əksini tapıb.

Agentlikdən habelə vurğulanıb ki, qanun layihəsi heç də rəydə qeyd olunduğu kimi seçilmiş qruplarla yox, cəmiyyətin müxtəlif seqmentlərindən olan media nümayəndələri və ekspertlərin iştirakı ilə dəfələrlə müzakirə olunub:

“... “Media haqqında” Qanun “jurnalist” anlayışı ilə bağlı beynəlxalq təcrübəyə istinad edərək bu fəaliyyətə daha geniş prizmadan yanaşıb, yalnız ölkə daxilində deyil, həm də ölkə xaricində Azərbaycan jurnalistlərinin peşəkar fəaliyyətinin məhdudiyyətlərdən qorunmasına yönəlib.”

Bildirildiyinə görə, qanun fövqəladə vəziyyətlərdə jurnalistlərin təhlükəsiz peşə borclarını yerinə yetirməsini təmin edir.

Açıqlamaya görə, rəydə iddia edildiyi kimi Qanunun media subyektinə dair tələblərinin (Maddə 26) başa düşülməsində hər hansı çətinlik mövcud deyildir.

Üstəlik qeyd edilir ki, qanunda media subyektlərinin xarici şəxslər tərəfindən təsis edilməsi və xaricdən maliyyələşdirilmə qətiyyən istisna edilmir:

“Belə olan halda, sadəcə, nizamnamə kapitalında pay nisbəti müəyyənləşdirilir, çap mediası və onlayn media subyekti kimi fəaliyyət göstərmək üçün şəxsin Agentliyə məlumat verməsi icazə deyil, bəyanetmə xarakteri daşıyır ki, bunu lisenziya proseduru ilə eyniləşdirmək əsassızdır.”

Hesab edilir ki, Media Reyestrinə daxil edilmək üçün jurnalistlərə qoyulmuş tələblərin şərhi zamanı önəmli bir nüans diqqətdən qaçırılıb:

“Reyestrin onlar üçün könüllü olduğu, reyestrə daxil edilməmiş jurnalistlərə münasibətdə hər hansı məhdudlaşdırmanın tətbiqinin müzakirə mövzusu olmadığı bildirilib.”

Medianın İnkişafı Agentliyi 2021-ci ildə prezident fərmanı ilə Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında yaradılıb.

Venesiya Komissiyası media qanunu haqda: 'buxovlayıcı təsir göstərəcək'

Azərbaycanın yeni Media Qanunu həddən artıq məhdudlaşdırılmış müstəqil jurnalistika və media mühiti fonunda “buxovlayıcı təsir” göstərəcək. Avropa Şurasının konstitusiya qanunu üzrə ekspertlərindən ibarət Venesiya Komissiyasının iyunun 21-də dərc etdiyi rəydə belə deyilir. Rəy komissiyanın ötən həftəki plenar iclasında Avropa Şurasının İnsan Haqları və Hüququn Aliliyi üzrə Baş Direktorluğu ilə birlikdə qəbul edilib.

Açıq dialoq olmayıb

Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsi bu il fevralın 2-də o zaman hələ layihə formasında olan qanunu komissiyaya təqdim edib. Rəy qəbul edilmiş qanunun mətninə, jurnalistlər, media hüquqşünasları, beynəlxalq ictimaiyyət təmsilçiləri və ATƏT-lə onlayn görüşlər əsasında hazırlanıb. Komissiya məruzəçilərin hakimiyyətlə açıq dialoq apara bilməməsindən, hakimiyyətin qanunun müəyyən müddəaları ilə bağlı izahat verməməsindən, yalnız rəyin daha öncəki versiyasına yazılı şərhlər göndərməsindən təəssüfünü bildirir.

Venesiya Komissiyası bildirir ki, “Qanun Azərbaycanın media sektorunda demək olar hər şeyi, o cümlədən onlayn medianı tənzimləyə çalışır”, “medianın özünün ictimai keşikçi rolunu icra etməsinə gərəkən şərait yaratmaq əvəzinə medianın fəaliyyətini məhdudlaşdırmağa fokuslanır”. Rəydə deyilir ki, qanunun bir çox maddələri Avropanın ifadə və media azadlığı standartlarına uyğun deyil, ona görə də Qanun indiki formada yerinə yetirilə bilməz.

Qanun bu il fevralın 8-də prezident tərəfindən imzalanaraq qüvvəyə minib, ancaq bir sıra maddələri avqustun 8-dən tam həyata keçiriləcək, audio-vizual mediaya lisenziyalar veriləcək, Media Reyestri tam işə düşəcək.

“Ləğv edilsin”

Venesiya Komissiyası Azərbaycan hakimiyyətini təcili olaraq media orqanları təsis etmək üçün aşırı məhdudiyyətləri, o cümlədən xarici mülkiyyət və xaricdən maliyyələşmə ilə bağlı tələbləri ləğv etməyə çağırır.

Qeyd olunur ki, hökumət ya Media Reyestrini, ya da jurnalistlər və media qurumlarının bu reyestrə salınması üçün aşırı məhdudlaşdırıcı şərtləri, jurnalistlər üçün akkreditasiya sistemini ləğv etsin.

Qurumun digər tövsiyələri sırasında qanunun ifadə azadlığının qorunmasına dair Avropa Məhkəməsinin presedent hüququna uyğunlaşdırılması; jurnalistlərdən mənbələrin açıqlanmasını tələb etmək səlahiyyətinin yalnız məhkəmələrə verilməsi də var.

Lisenziya tələbi, gizli çəkiliş

Venesiya Komissiyası hesab edir ki, platforma yayımçıları üçün lisenziya tələbi ləğv edilməli, çap və onlayn media məhsullarının nəşri, yayılması üçün səlahiyyətli orqanlara yalnız məlumatlandırma yetərli olmalıdır.

Rəydə deyilir ki, audiovizual mediaya, həmçinin çap və onlayn media qurumlarının lisenziyasının ləğvi və xitam verilməsi şərtləri dəyişdirilsin, bu sanksiyaların adekvatlığı təmin edilsin.

Qurum həmçinin jurnalist anlayışını genişləndirməyə çağırır. Qanunun 7-9-cu maddələrinə əlavələri vacib sayır, fövqəladə vəziyyət zamanı ifadə azadlığının məhdudlaşdırılması üçün aydın və çatımlı hüquqi əsaslar təmin etməyə səsləyir.

Rəydə qeyd olunur ki, şəxsin razılığı olmadan gizli çəkilişə qadağa elə bir maddə ilə əvəzlənməlidir ki, belə bir materialın dərcinə aydın ictimai maraq olan hallar istisna sayılsın, üçüncü tərəflərin hüquqları təmin olunsun.

Mətbuat Şurası

Venesiya Komissiyası Mətbuat Şurasının mövcud modelinə Avropa standartlarına uyğun dəyişikliyi, onun müstəqil tənzimləyici orqan kimi fəaliyyətini təmin etməyi vacib sayır.

9 fəsil və 78 maddədən ibarət “Media haqqında” qanunda jurnalistlərin fəaliyyətinə dair məsələlər, Media Reyestrinə daxil edilmiş jurnalistlərə müvafiq vəsiqənin verilməsi, onlara bəzi imtiyazlar, dövlət qurumlarında jurnalistlərin akkreditasiya qaydaları, jurnalistin fəaliyyəti üçün şəraitin yaradılması və digər məsələlər əksini tapıb.

Yeni qanuna əsasən, yalnız dövlət reyestrində qeydiyyatdan keçmiş jurnalistlər müxtəlif tədbirlərə qatıla bilərlər. Qeydiyyatdan keçmək üçün onlardan ali təhsil, 3 il iş stajı, əmək müqaviləsi, çalışdıqları media qurumunun özünün də reyestrdə qeydiyyatda olması və digər məsələlər tələb edilir.

Yerli və beynəlxalq jurnalist qurumları bu qanunun ölkədə media mühitinə məhdudlaşdırıcı təsir göstərəcəyini deyirlər. Ancaq hakimiyyət təmsilçiləri qanunun medianın inkişafına xidmət etdiyini bildirirlər.

YAP-çı deputat: ‘Avropadan belə qeyri-mücərrəd fikrin gəlməsi təəccüb doğurur’

Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından (YAP) deputatı Aydın Mirzəzadə “Turan” Agentliyinə deyib ki, Avropa Şurasının Venesiya Komissiyasının "Media haqqında" Qanun barədə verdiyi rəy təəccüb doğurur:

"Mənim üçün maraqlıdır, onlar bu qənaətə nədən gəliblər? Nəyə görə hesab edirlər ki, Azərbaycanda informasiya yaymaq məhduddur? İstənilən nəticə müəyyən hesablamalara söykənir. Çox istərdim ki, bu rəyi verən qurum hansı texnologiya vasitəsilə bu nəticəyə gəldiyini açıqlasın".

Deputat qeyd edib ki, o texnologiya ortada yoxdur:

"Nə səbəbdən belə olduğu da ciddi analitik təfəkkürlü insanlara aydın deyil. Kimdən kimdən, Avropadan belə qeyri-mücərrəd fikrin gəlməsi təəccüb doğurur".

XS
SM
MD
LG