Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 00:51

Daha iki vəkilin fəaliyyəti dayandırılır


Ə.Mustafayev

Ə.Mustafayev: «Cinayət işlərini siyasiləşdirməkdə təqsirli bilinirik»

«İstər Nemət Kərimlinin, istərsə də mənim vəkillik fəaliyyətimin dayandırılması ilə bağlı şikayət Baş Prokurorluqdan Vəkillər Kollegiyasına keçən ilin oktyabrında daxil olub. Qərar da bu şikayət əsasında aprelin 23-də verilib».

Bunu baş prokurorun birinci müavini Rüstəm Usubovun şikayəti əsasında vəkillik fəaliyyətinin bir il dayandırıldığını bildirən Əshabəli Mustafayev AzadlıqRadiosuna deyib:

«Hətta ikimiz də cinayət işlərini siyasiləşdirməkdə təqsirli bilinirik. Fərq bundadır ki, N.Kərimli jurnalist Əfqan Muxtarlının, mən isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının cinayət işini siyasiləşdirməkdə günahkar sayılırıq. Bundan da irəli gələrək hər ikimizin vəkillik fəaliyyəti bir il müddətinə dayandırılıb».

Ə.Mustafayev qərarla bağlı məhkəmə perspektivi haqda da danışıb. O, deyib ki, qərarı hələ almayıblar, alan kimi məhkəməyə üz tutacaqlar.

Bu açıqlamaya Vəkillər Kollegiyasından və Baş Prokurorluqdan münasibət almaq mümkün olmayıb.

+++

Vəkil Nemət Kərimli və Əsabəli Mustafayevin vəkillik fəaliyyətinin bir illiyə dayandırıldığı bildirilir. Vəkillər Kollegiyasının Rəyasət Heyətinin aprelin 23-də bu haqda qərar çıxardığı deyilir.

Bu haqda yayılan məlumatları vəkil Nemət Kərimli də Azadlıq Radiosuna təsdiq edib. Onun deməsinə görə, hər iki şəxsin vəkillik fəaliyyətinə Baş Prokurorluğun təqdimatı ilə bir illik xitam verilib.

Ancaq o, qərarın detalları haqqında geniş danışmayıb.

Nemət Kərimli 6 il həbs cəzası alan jurnalist Əfqan Muxtarlının, Əsabəli Mustafayev isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının 3 il azadlıqdan məhrum edilmiş sədr müavini Gözəl Bayramlının vəkili idi.

Gözəl Bayramlı qaçaqmalçılıqda, Əfqan Muxtarlı isə həm qaçaqmalçılıqda, həm də sərhədi qanunsuz keçmək və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunub.

Onlar ittihamları qurama sayırlar.

Hələlik, bu deyilənləri Vəkillər Kollegiyasının Rəyasət Heyəti və Baş Prokurorluqdan dəqiqləşdirmək mümkün olmayıb.

XATIRLATMA

Vəkillər Kollegiyası Rəyasət Heyəti bu ilin yanvarında Fəxrəddin Mehdiyevin vəkillik fəaliyyətini də dayandırmışdı. O, Baş prokurorun birinci müavini Rüstəm Usubovun müraciəti əsasında cəzalandırılmışdı.

Bir qədər əvvəl, ötən il noyabrın 20-də isə Yalçın İmanovun vəkillik fəaliyyəti dayandırılıb.

İndiyədək sadalananlardan başqa Xalid Bağırov, Əlayif Həsənov və daha bir neçə vəkil Kollegiyadan uzaqlaşdırılıb.

Vəkillər bunu siyasi işlərə çıxmaları, yerli və beynəlxalq hüquq müdafiəçilərinin “siyasi məhbus” kimi tanıdığı şəxslərin hüquqlarını müdafiə etmələri ilə izah edib.

Ancaq Kollegiya bu deyilənlərlə razılaşmır.

XS
SM
MD
LG