Keçid linkləri

Təcili xəbərlər
2018, 22 Sentyabr, şənbə, Bakı vaxtı 21:19

Vəkillər Kollegiyasının sədri: ‘Gülməli ittihamdır’


Anar Bağırov

İyunun 11-də Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə fəaliyyəti dayandırılmış vəkilin İradə Cavadova olduğu təsdiqləndi. Bu barədə Vəkillər Kollegiyasının özü məlumat yayıb.

Məlumatda bildirilir ki, şikayətçi xanım K.M.-in Kollegiyaya müraciəti əsasında İ.Cavadova haqqında belə qərar çıxarılıb:

"Şikayətçi teleqramda göstərib ki, İradə Cavadovaya etibarnamə vermədiyi və onunla hüquqi yardım barədə müqavilə bağlamadığı halda, özünün razılığı olmadan onun Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində qanunsuz saxlanılması barədə əsassız şikayətlər edib, bu barədə kütləvi informasiya vasitələrində məlumatlar yayıb. Şikayətçi həmin məlumatların həqiqəti əks etdirmədiyini, onun şərəf və ləyaqətinə toxunduğunu bildirib, Rəyasət Heyətindən xahiş edib ki, vəkil İradə Cavadova barəsində tədbir görülsün".

“O İŞLƏR VACİBDİR“

İradə Cavadova isə haqqındakı qərarı qərəzli və əsassız hesab edir. Vəkil AzadlıqRadiosu-na bildirib ki, iyunun 11-də fəaliyyətinin dayandırılması haqda qərar qəbul olunsa da, ona bu barədə heç bir məlumat verilməyib.

O, iyunun 12-də haqlı olduğunu təsdiqləyən sübutları da götürüb, VK Rəyasət Heyətinin sədri Anar Bağırovla görüşə getdiyini söyləyir. İradə Cavadova görüşün detalları haqda danışmasa da bildirib ki, Vəkillər Kollegiyası onunla bağlı məhkəməyə müraciət edəcək. Çünki Kollegiya özü vəkilin fəaliyyətinə xitam verə bilməz:

"Qərarı məhkəmə verəcək. Ondan asılı olaraq, müvafiq addımlar atılacaq. Lakin icraatımda vacib olan bir sıra işlər var. O işlərin davam etdirilməsinə imkan verilməsi xahişi ilə Kollegiyaya ərizə ilə müraciət etmişəm. Hələ qərar verilməyib. Ümid edirəm, anlayışla qarşılayarlar. Mənim üçün o işlər vacibdir".

İradə Cavadova belə cəzalandırılmasının səbəbini bilmədiyini deyir. Amma o fikirdədir ki, İntizam Komissiyası onunla bağlı qərəzli rəy verib.

İradə Cavadova
İradə Cavadova

Onun sözlərinə görə, şikayətçi xanımla müqaviləsinin olmaması barədə deyilənlər də yalandır: "2005-ci ildən vəkiləm, bu 13 ildə heç bir intizam tənbehim olmayıb. Bir xanım vardı, mənə müraciət edib, Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şahid qismində dəvət olunduğunu bildirib, onunla getməyimi istəmişdi. Mənimlə müqavilə bağlandı. Mənimlə müqaviləsi olmayan adamı niyə müdafiə etməliydim? Bu da absurddur. Anasının ərizələri var. Özünün dediyinə görə, mənim yanımdan çıxandan sonra onu həmin idarənin əməkdaşları qanunsuz olaraq tutub aparıb və o orada iki sutkadan çox saxlanılıb. Bu barədə mənə anası məlumat verib. Mən də vəkili kimi, anasına istinadən daxili işlər nazirinə açıq məktub yazmışdım. Çünki idarəyə müraciət etsəm də, dedilər, burada yoxdur. Xanım isə zəng eləyib deyirdi ki, oradadır. Ona görə müraciət etmişəm. Hesab etmirəm ki, xanım haqqında şəxsi məlumatlar yaymışam, onun şərəf və ləyaqətini alçaltmışam. O müraciət yayılandan sonra onu buraxdılar".

Şikayətçi xanımın vəkil kimi hələ də ondan imtina etmədiyini deyən İradə Cavadovanın sözlərinə görə, müştərinin ondan nazirə müraciətdə yazılanların təkzib olunmasını istədiyi, lakin onun imtina etdiyi barədə deyilənlər də həqiqətə uyğun deyil: "Xanım təkzib üçün mənə heç vaxt müraciət etməyib. Müraciət etsəydi, təbii ki, təkzib verərdim".

“GÜLMƏLİ İTTİHAMDIR”

Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov isə AzadlıqRadiosu-na bildirib ki, məsələ kifayət qədər araşdırılandan sonra belə bir qərar veriblər.

Onun dediyinə görə, şəxsən özü də şikayətçi xanımla görüşüb: "İradə xanım deyir ki, o xanım təzyiq altında ona qarşı şikayət edib. Amma həmin xanım mənimlə görüşdə də teleqramda yazdıqlarını təkrarladı. Deyir ki, o müraciət KİV-lərdə yayılıb, mən biabır olmuşam, şərəf və ləyaqətimə toxunur, hamı məndən o haqda soruşur. Hətta iddia edir ki, müqaviləni də özü imzalamayıb. Biz müqavilədə onun imzasının həqiqiliyi məsələsini araşdırmamışıq. O, bizim səlahiyyətimizdə olan məsələ deyil. Kimsə kiminsə imzasını saxtalaşdırıbsa, onu başqa qurumlar araşdırmalıdır. Amma mənimlə görüşdə öz imzasını göstərdi. Vizual baxışda həqiqətən də oxşamırdı. İntəhası, mən yenə deyirəm, biz ona qiymət vermirik. Hətta xanım mənə dedi ki, əksinə, İradə xanım ona təzyiq edir ki, şikayətindən imtina etsin".

Anar Bağırov hesab edir ki, İradə Cavadova haqlı olduğunu təsdiqləyə bilməyib, yetərli sübutlar təqdim etməyib. O deyir ki, düzdür, xanımla vəkili üzləşdirməyiblər, çünki istintaq və ya təhqiqat orqanı deyillər və belə səlahiyyətləri yoxdur. Amma İntizam Komissiyasının rəyini nəzərə alaraq, qanunu əsas tutaraq, o nəticəyə gəliblər ki, İradə Cavadovanın əməlində həm "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanunun, həm də vəkillərin davranış qaydalarına dair Əsasnamənin ciddi pozuntuları var. O, İradə Cavadovanın hələ ki, vəkil olduğunu, Kollegiyadan uzaqlaşdırılması haqda məhkəmədə iddia qaldıracaqlarını söyləyir.

İradə Cavadovanın, başqa bir vəkil Yalçın İmanovun uzaqlaşdırılması məsələsi müzakirəyə çıxarılarkən Rəyasət Heyətinin üzvü kimi onu müdafiə etdiyinə görə cəzalandırıldığı haqda deyilənlərə gəlincə, Anar Bağırov bildirib: "Rəyasət Heyətində qərarlar yekdilliklə qəbul olunmur. Rəyasət Heyətinin 15 üzvü var. Əleyhinə olan da olur, bitərəf qalanlar da. Hər dəfə kimsə əleyhinə olsa, yaxud bitərəf qalsa, biz onları Kollegiyadan xaric etməliyik? Absurd, gülməli ittihamdır".

XATIRLATMA

İradə Cavadova bir sıra ictimai-siyasi fəalların, o cümlədən “Nardaran məhbusları”nın da vəkili olub.

Son yeddi ayda xeyli vəkilin fəaliyyəti dayandırılıb. Onların arasında Yalçın İmanov, Əsabəli Mustafayev, Nemət Kərimli, Fəxrəddin Mehdiyev də var. Yalçın İmanov istisna olmaqla, digərlərinə bir illik məhdudiyyət tətbiq olunub.

Buna qədər isə Aslan İsmayılov, Xalid Bağırov, Əlayif Həsənov, Namizəd Səfərov, Müzəffər Baxışovun vəkillik fəaliyyətinə xitam verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirirlər. Vəkillər Kollegiyası bu iddiaları rədd edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG