Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:45

Vəkillər Kollegiyasında 'mühafizəçidən başqa heç kim yoxdur'


Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası

Vəkillər Kollegiyasına üzvlük üçün keçirilən imtahanların ikinci mərhələsi – şifahi müsahibə də yekunlaşmaq üzrədir. Birinci mərhələdə – test imtahanında ciddi söz-söhbət olmasa da, şifahi müsahibə zamanı yaşananlar, onun nəticələri ilə bağlı qalmaqallar oldu. Hətta məsələ gedib məhkəmə müstəvisinə çıxıb.

Test imtahanında uğur qazansa da, şifahi müsahibə mərhələsindən keçə bilməyən bəzi namizədlər var ki, onlar bunu qərəzin nəticəsi hesab edirlər. Məsələn, Ramil Süleymanov REAL-ın üzvü olduğuna, müəyyən məsələlərə tənqidi yanaşmasına görə Vəkillər Kollegiyasına buraxılmadığını deyir. Bu yaxınlarda vəkillik fəaliyyəti bir illik dayandırılmış Əsabəli Mustafayevin oğlu Ruslan Mustafayevin, hüquqşünas-ekspert Ənnağı Hacıbəylinin oğlu Tural Hacıbəylinin atasının mövqeyinə görə şifahi müsahibə mərhələsində kəsildiyi iddia olunur.

«Ənnağı Hacıbəylinin oğluyam»

«Səkkiz illik iş təcrübəmdə Ədliyyə Nazirliyinin dövlət qeydiyyatına almaqdan qanunsuz olaraq imtina etdiyi qeyri-hökumət təşkilatlarını, siyasi baxışlarına görə işdən azad edilən 10-dan çox şəxsi, həmçinin siyasi motivlərlə inzibati məsuliyyətə cəlb edilən adamları ya məhkəmələrdə təmsil etmişəm, ya da onlar üçün ərizə və şikayətlər yazmışam. Nümayəndəlik institutunun ləğvinə etiraz edən Praktik Hüquqşünaslar Qrupunun üzvü olmuşam.

***Buna da bax-Cəzalandırılan vəkil Ə.Mustafayev: 'Bir statusumu tapıb çıxarıblar ortaya...'

Başlıcası isə heç bir əsas olmadan ölkədən çıxışına qadağa qoyulan, rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı qapadılan, Azərbaycanda məhkəmə-hüquq sistemini daim tənqid etdiyinə görə Vəkillər Kollegiyasına qanunsuz olaraq qəbul edilməyən Ənnağı Hacıbəylinin oğluyam...», – T.Hacıbəyli belə deyir.

R.Süleymanov artıq məhkəməyə üz tutub. Bu barədə AzadlıqRadiosuna danışan hüquqşünas bildirib ki, mayın 18-də 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib: «İddia tələbi Vəkillər Kollegiyasının üzərinə mənim bu quruma üzv qəbul olunmaq öhdəliyinin qoyulmasıdır».

R.Süleymanov
R.Süleymanov

T.Hacıbəyli də məhkəməyə müraciət etmək niyyətindədir: «Nəticə elan olunandan sonra Komissiyanın qərarından beş gün ərzində Vəkillər Kollegiyasının Rəyasət Heyətinə şikayət etmək olar. Biz də şikayətimizi vermişik. Onun cavabını gözləyirik. Uzağı bir ay ərzində cavab verilməlidir. Bu müddətdə cavab verilməsə belə, yenə də məhkəməyə müraciət olunacaq».

Kollegiyada «mühafizəçidən başqa kimsə yoxdur»

R.Süleymanov şifahi müsahibədən öncə Vəkillər Kollegiyasının sədri Anar Bağırovun ona söylədikləri, REAL partiyasının üzvü olmasının vurğulanması barədə bəyanatından sonra AzadlıqRadiosu Vəkillər Kollegiyasının rəyini öyrənmək üçün bu quruma müraciət edib. O zaman bildirilmişdi ki, R.Süleymanovun şikayəti Vəkillər Kollegiyasına daxil olub və Rəyasət Heyətinin növbəti toplantısında baxılıb qərar veriləcək.

***Buna da bax-'REAL-a və tənqidlərimə görə vəkil olmağa imkan vermədilər'

Mayın 16-da Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib. Radionun əməkdaşı toplantıda narazı namizədlərin şikayətlərinin müzakirə olunub-olunmaması, hansı qərarların verilməsi, ümumiyyətlə, şifahi müsahibə mərhələsində «arzuolunmaz» hüquqşünaslara maneə yaradılması barədə iddialara cavab almaq üçün beş gün ərzində Vəkillər Kollegiyası ilə əlaqə saxlasa da, cavab verməyə kimsə tapılmadı. Bildirildi ki, sədr A.Bağırov ölkədə yoxdur, sualları müavini Aydın Axundov cavablaya bilər. A.Axundovla əlaqələndirmək üçün bir neçə dəqiqə gözlədəndən sonra isə onun iş yerində olmadığı, ümumiyyətlə, Kollegiyanın binasında mühafizəçidən başqa kimsənin olmadığı deyildi.

Ertəsi gün başqa bir xanım əməkdaş Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatı ilə əlaqələndirməyə çalışdı. O da bir neçə dəqiqə gözlədəndən sonra belə cavabla qayıtdı: «Hazırda heç kim yoxdur, hamı təlimlərdədir...».

Növbəti günlərdə isə dəstəyi qaldıran şəxslərin cavabı hazır olurdu: «Heç kim yoxdur...».

***Buna da bax-Avropa Məhkəməsi hüquqşünaslarla bağlı qərarını açıqladı

Daha öncəki açıqlamalarında isə Vəkillər Kollegiyasının rəhbərliyi siyasi işlərə çıxan vəkillərin cəzalandırılması barədə fikirlərlə razılaşmayıb. Kollegiyanın Rəyasət Heyətinin sədri A.Bağırov AzadlıqRadiosuna bildirmişdi ki, cəzalandırılan vəkillər qanun pozuntularına yol veriblər.

Avropa Məhkəməsi hakimləri
Avropa Məhkəməsi hakimləri

Avropa Məhkəməsinin qərarına «hörmətlə yanaşılmır»

Ancaq bu olaylardan az öncə – aprelin 19-da Avropa İnsan Haqları Məhkəməsi insan hüquqlarının müdafiəsiylə məşğul olan Ənnağı Hacıbəyli və İntiqam Əliyevin Vəkillər Kollegiyasına üzv qəbul edilməməsiylə bağlı şikayət üzrə qərarını açıqlamışdı. Avropa Məhkəməsi hüquqşünasların Vəkillər Kollegiyasına qəbul edilməməsini Konvensiyanın 10-cu (ifadə azadlığı) maddəsinin pozuntusu kimi qiymətləndirib. Belə nəticəyə gəlib ki, adları çəkilən hüquqşünasların quruma qəbul edilməməsində onların Kollegiya rəhbərliyi haqqında və başqa problemlərlə bağlı söylədikləri tənqidi fikirlərin rolu olub.

Məhkəmə ərizəçi hüquqşünasların hər birinə mənəvi zərərə görə 7 min 500 avro, Ə.Hacıbəyliyə məhkəmə məsrəflərinə görə də 2 min 500 avro ödənilməsinə qərar verib.

Bir sıra ekspertlər hesab edirdi ki, bu qərar Vəkillər Kollegiyasına yeni qəbula müsbət təsirini göstərəcək, hansısa namizədlərin məqsədli şəkildə kənarda saxlanması praktikasına əngəl olacaq. Nəticə isə budur ki, hüququnun pozulduğu Avropa Məhkəməsi tərəfindən tanınan Ə.Hacıbəylinin öz oğlu belə, atası kimi kənarda qaldı.

Hüquqşünas-ekspert Fərhad Mehdiyev bu cür məsələlərdə Avropa Məhkəməsinin qərarlarının təsiri olduğunu düşünmür: «Ümumiyyətlə, Azərbaycan Respublikası Avropa Məhkəməsinin qərarlarına çox da hörmətlə yanaşmır. Kompensasiyalar ödənilmir, pozuntu aradan qaldırılmır. Bu halda, hansı müsbət gözləntidən danışmaq olar?».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG