Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:10

Daşqalağa haqq qazandıran vəkili həmkarları da qınayır


Əkrəm Həsənov
Əkrəm Həsənov

“Mən deyirəm, o korrupsionerlərin əlləri kəsilməlidir”

“Zina edən kişi ya qadın daş-qalaq olunmalıdır, oğrunun əli kəsilməlidir”, – şəriət qaydalarının Azərbaycanda bərpasının tərəfdarı olan vəkil Əkrəm Həsənov belə deyir. Bu fikri sosial şəbəkələrdə qınaq və tənqidlə qarşılansa da, gülərək “gözlənilən idi” deyə cavab verir.

Siz hüquqşünas olaraq qadınların döyülməsinə, ailədəki problemlərin zor gücünə həllinə haqq qazandırırsınız?

Kiminsə döyülməsi, kiməsə zor tətbiq edilməsi normal deyil. Ancaq baxır hansı kontekstdə. Həyatda elə məsələ ola bilər ki, burda kimsə mütləq zor tətbiq etməklə problemi yoluna qoya bilər. Tutalım, ərlə arvad razılaşmır. Son nəticədə kiminsə sözü üstün olmalıdır. Hansısa məsələdə razılaşma alınmırsa, İslam deyir ki, ya boşanmalıdırlar, ya da əl atırsan... Burda məqsəd tərbiyələndirmədir. Əlbəttə, bu şəriət qaydaları ilə idarə olunan cəmiyyətə aiddir. Azərbaycanda şəriət qaydaları yoxdur. Azərbaycanda dünyəvi qanunlar işləyir. Tutalım, ər arvadı vursa, arvadın tam ixtiyarı var, gedib polisə versin və onu mütləq cəzalandıracaqlar. Bu gün belə şikayətlə bir qadın vəkil kimi mənim yanıma gəlsə, təbii ki, onun hüquqlarını qoruyacam. Bizdə qanun yol vermir ki, ər arvadı vursun. Mən sadəcə deyirəm ki, şəriət qaydalarının tərəfdarıyam. Amma qəbul olunmayana qədər kimsə onu tətbiq edə bilməz. Reallıqda isə münasibətlər belə həll olunur: ya zorla, ya da boşanırlar.

Bunu vətəndaşın hüquqlarını Azərbaycan Respublikasının qanunları əsasında müdafiə etməli olan vəkil deyir? Şəriət qaydalarının tətbiqini istəyir?

Bəli, burda nə problem görürsünüz?

Siz ürəyinizdə bir cür düşünüb, qanun qarşısında başqa cür danışmaqla öz prinsiplərinizin əleyhinə çıxmırsınız?

İstənilən ölkədə istənilən vəkil mövcud qanunların hamısı ilə razı deyil. O, hansısa qanunun düzgün olmadığını və dəyişmək lazım olduğunu düşünür. Misal üçün, bizdə ölüm cəzası yoxdur, amma bəzi vəkillər ölüm cəzasının tətbiqini istəyir. İndi deyək ki, o, prinsiplərinin əleyhinə gedir? Həyat kompromislərdən ibarətdir. İslama görə, müsəlman üzərinə götürdüyü öhdəliyi yerinə yetirməlidir. Eynilə mən də Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğun olaraq fəaliyyət göstərirəm.

Şəriət qaydaları sizcə, orta əsrlərdə qalmayıbmı? Siz niyə geri qayıtmaq istəyirsiniz?

Amerikada insanı elektrik stulunda öldürürlər. Biz indi hansı meyarlara görə deyirik ki, filan cəzanın tətbiq edilməsi vəhşilikdir, filan yox? Sadəcə, o cəzada elektrik sözü olduğu üçünmü müasirdir? Amma məsələn, əli bıçaqla, baltayla kəsmək vəhşilikdir, gerilikdir? VII əsrdən bu günədək texnologiya, elm inkişaf edib, ancaq insan dəyişməyib. Onda necəydisə, indi də elədir. Oğurluğu da, zinanı da eyni məntiqlə edir.

Ölüm hökmünün bəzi ölkələrdə ləğv edilmədiyini deyirsiniz, amma buna görə həmin dövlətlər mütərəqqi insanlar, hüquq müdafiəçiləri tərəfindən pislənir, tənqid edilir. Çünki bir çox ölkələrdə ölüm hökmünün, daş-qalağın ləğv edilməsi sayəsində bəşəriyyət, müasir dünya müəyyən yol qət edə bilib. Məsələn, artıq insanlar tonqalda yandırılmır, o, məhkəmə qarşısına çıxarılır, günahına görə sadəcə, azadlıqdan məhrum edilə bilər və s...

Bugünkü dünyada fikir azadlığı var, bəli. Amma o azadlıq nəticədə nəyə gətirir? İŞİD-çi, terrorçu yenə də terror törədir. Hamı bunu danlayır, söyür, amma nə dəyişir ki? Fikir olaraq da qalır. Hər şeyi pul, güc, zor həll edir yenə də. Dünya dəyişməyib. Azərbaycan cəmiyyətində mənim kimi düşünənlər çoxdur. Sadəcə, ümumi rəy yaranıb ki, bunu demək olmaz, köhnəfikirlilkdir, ona görə də hamı susur. İndiyə kimi bir adam deməyib ki, oğrunun əlinin kəsilməsi, yaxud zina etmiş kişi və ya qadının daş-qalaq edilməsinin nəyi vəhşilikdir?

Tutalım, insan zəiflik göstərdi və ya hər hansı bir səbəbdən arvadına ya ərinə xəyanət etdi, buna görə insanı həyatdan məhrum etmək, daşlamaq olarmı?

İnsan bir anlıq səhv nəticəsində kimisə öldürə də bilər, hər dəfə onun günahından keçək? Zinaya görə daş-qalaq da ancaq evli şəxsə aiddir! Evli omayan daş-qalaq edilmir.

Bu, iki insanın öz arasında həll edəcəyi məsələ deyilmi? Buna ictimaiyyətin qarışması nə qədər doğrudur?

Zina dövlətin əsasını sarsıdır. Bu gün hamı danışır ki, ərəblər qızlarımızla belə edirlər, elə edirlər. Cəmiyyətin əsası pozulub. Oturub baxırlar türk seriallarına, filmlərinə, deyirlər: “Qadın azaddır”. Buna görə də hər şey əldən getmiş olur, cəmiyyətin əsası pozulur, ailə institutu dağılır.

Siz Vəkillər Kollegiyasının üzvüsünüz?

Bəli.

Bu fikirlərinizlə bağlı kollegiyadakı həmkarlarınızın sizə qarşı münasibəti dəyişib və ya sizi tənqid edənlər olub?

Mənimlə heç kim bu haqda danışmayıb. Kollegiyada mənim kimi düşünənlər də var, bəziləri də tam əks mövqedədir. Onların fikrinə hörmət edirəm. Bu, bizim peşəkar fəaliyyətimizə aid olmayan şeydir. Şəriətdə müxtəlif qaydalar var, acından ölən çörək oğurlayırsa, qaçılmaz vəziyyətdədirsə, o adam cəzalandırılmır. Bu gün Azərbaycanda ən böyük problem korrupsiya, rüşvətxorluqdur. Mən deyirəm, o korrupsionerlərin əlləri kəsilməlidir.

Vəkillər Kollegiyasının sədri: “Bu, dövlətin dünyəvi quruluşu ilə uzlaşmır”

Vəkillər Kollegiyasının sədri Anar Bağırov AzadlıqRadiosuna deyir ki, hazırda xaricdə tədbirdə olduğundan vəkilin çıxışı ilə tanış deyil.

“Əgər hüquqşünas kimi fikir söyləyibsə, bizdə söz azadlığıdır, hər kəs öz fikrini söyləyə bilər, təkliflər irəli sürməkdə sərbəstdir”, – VK sədri bildirir. Amma bunu da deyir ki, Kollegiya üzvünün yanaşması ilə razılaşmır, üstəlik də təəssüflənir:

“Əgər bu cür fikir söyləyibsə, belə bir təkliflə razı deyiləm. Bu, dövlətin dünyəvi quruluşu ilə uzlaşmır və vəkil tərəfindən bu cür fikir səsləndirilməsinə təəssüf edirəm”.

Vəkil Əlayıf Həsənov: “Bu andı içib belə açıqlamayla çıxış edirsə...”

Vəkil Əlayıf Həsənov isə hesab edir ki, şəriət qanunlarının bərpası “çox-çox qüsurlu yanaşmadır”. O deyir ki, Azərbaycanda dünyəvi dövlət qurulub, Konstitusiya var:

“Bundan başqa, vəkil Vəkillər Kollegiyasında Respublika qanunları əsasında vətəndaşların hüquqlarını müdafiə etməyə and içib. Bu andı içib belə bir açıqlamayla çıxış edirsə, mənə belə gəlir ki, o, Vəkillər Kollegiyasında qalmaqdan özü imtina etməlidir, “burda qala bilmərəm” deməlidir”.

Əlayıf Həsənov şəriət qaydalarının tərəfdarı olan vəkilə sual edir:

“Hörmətli vəkil, görəsən şəriət qaydalarını təkcə cinayət hüququnda tətbiqini istəyir, ya başqa məsələlərdə də? Məsələn, vərəsəlik məsələsini götürək. Qadın kişidən daha az vərəsə payı ala bilər, yarıdan da az. Qadının şahidliyi məsələsi var... Ona görə qüsurlu yanaşmadır. Özü müəyyən etməlidir ki, Kollegiyada qalsın ya yox. Şəxsən mən o cür düşünsəydim Kollegiyada qalmazdım. Özüm istefa verərdim. Deyərdim ki, bu qanunlarla insanları müdafiə edə bilmərəm. Siyasi fəaliyyətə başlayardım”.

Əlayıf Həsənovun fikrincə, bu məsələ mütləq Vəkillər Kollegiyası rəhbərliyinin diqqətini cəlb etməlidir, vəkillə söhbət edilməli, araşdırma aparılmalıdır.

VK sədri Anar Bağırovsa hesab edir ki, Əkrəm Həsənov vəkil kimi fəaliyyətində dünyəvi qanunları rəhbər tutur, vəkillik haqda qanunun müddəalarını pozmur, “demokratik qaydalarsa onun absurd olan fikir söyləməsinə görə cəzalandırılmasını istisna edir”.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG