Azərbaycan xəbərləri
Vəkil polis şöbəsində zorakılığa məruz qaldığını deyir
Vəkil Bəxtiyar Hacıyev Nəsimi rayonu, 22-ci polis şöbəsinin rəisi Fəxrin Bektaşi tərəfindən zorakılığa məruz qaldığını deyir. Bu barədə AzadlıqRadiosuna danışan vəkil bildirib ki, hadisə iyunun 3-də günorta saat 12 radələrində baş verib. Vəkilin sözlərinə görə, o, şöbəyə çağrılan müvəkkili ilə birlikdə ora getmişdi. Onları polis əməkdaşlarından biri rəisin iş otağına aparıb.
"Rəis dedi ki, vətəndaş tək qalsın. Nəzakətli şəkildə bildirdim ki, onun vəkiliyəm. Mənə kobud cavab verdi. Dedi ki, "vəkil kimdir, səni çağırmışam?". Göstəriş verdi ki, "çıxarın atın bunu bayıra". İki polis əməkdaşı rəisin göstərişinə əməl edib, məni zorla bölmədən çıxardı", - Hacıyev danışır.
DİN məsələnin araşdırıldığını deyir
Onun sözlərinə görə, hüquqlarını qorumaq üçün birlikdə getdiyi vətəndaş vəkilinə qarşı baş verənlərdən şoka düşmüşdü.
Hacıyev deyir ki, ona qarşı olanlar haqda Vəkillər Kollegiyasının rəhbərliyinə, Ombudsman Aparatına, Daxili İşlər Nazirliyinə məlumat verib.
"Şifahi şəkildə şikayət etmişəm. Yazılı şəkildə də şikayət hazırlayıram. Vəkilə qarşı bu cür özbaşınalıq, qanunsuzluq cəzasız qalmamalıdır. Mən də hüquqi müstəvidə lazım olan bütün addımları atacağam", – vəkil vurğulayıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev AzadlıqRadiosuna bildirib ki, vəkil Hacıyevin şikayətiylə bağlı məsələ araşdırılır.
Fəxrin Bektaşi 2022-ci ilin martında 22-ci polis şöbəsinin rəisi təyin edilib. Bundan öncə o, Sabunçu rayonu, 15-ci polis şöbəsinə rəhbərlik edirdi.
Bir müddət öncə vəkil Zabil Qəhrəmanov Gəncə şəhər Baş Polis İdarəsində zorakılıqla üzləşməsindən prokurorluğa şikayət edib və şikayət hazırda araşdırılır.
Bütün xəbərləri izləyin
Əliyev Dublində Zelenski ilə görüşüb
Noyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev Dublində Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb.
Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısında iştirak etmək üçün İrlandiyada səfərdədir.
AZƏRTAC-ın məlumatına görə, görüşdə iki ölkə arasında ticarət-iqtisadi və özəl sektor üzrə əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri barədə fikir mübadiləsi aparılıb.
Məlumata əsasən, "Volodimir Zelenski Ukraynaya göstərdiyi humanitar yardımlara, xüsusilə də elektrik avadanlıqlarının təchizatındakı dəstəyə görə Azərbaycana təşəkkür edib".
Görüşdə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda apardığı bərpa və quruculuq işlərinin Ukrayna tərəfindən də böyük maraqla izlənildiyi, Azərbaycanın bu sahədəki təcrübəsinin Ukrayna üçün də faydalı olacağı vurğulanıb.
2022-ci il fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb. Bundan səkkiz il əvvəl isə Rusiya Ukraynanın bir hissəsini – Krımı ilhaq etmiş və elə o vaxtdan sanksiyalarla üzləşmişdi. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirib. Azərbaycan bu sanksiyalara qoşulmasa da, rəsmi Bakı Ukraynaya humanitar yardım göstərdiyini və onun ərazi bütövlüyünü tanıdığını bəyan edib.
Azərbaycan Ermənistanla münaqişə nəticəsində ərazilərinin 20 faizinə 30 ilə yaxın nəzarəti itirmişdi. Lakin 2020-ci ildəki 44 günlük müharibə və 2023-cü ildəki lokal hərbi əməliyyatlarla buna tam son qoyub. Ötən il tərəflər ABŞ-nin vasitəçiliyi ilə bir-birinin ərazi bütövlüyünü tanıyan sülh sazişini paraflayıblar. Hazırda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə bərpa işləri aparır.
Dublində Avropa Siyasi Birliyinin sammiti başlayır
Noyabrın 12–13-də İrlandiya paytaxtı Dublində Avropa Siyasi Birliyinin 9-cu sammiti keçiriləcək.
Azərbaycan da Avropa liderlərinin bu toplantısına dəvət olunub.
Ermənistanın baş naziri Nikol Paşinyanın sözçüsü onun sammitdə iştirak edəcəyini açıqlayıb.
Sammitə Avropa Şurasının prezidenti Antoniu Koşta və İrlandiyanın baş naziri Maykl Martin həmsədrlik edəcəklər. İştirakçılar Avropanın rəqabət qabiliyyəti, təhlükəsizliyi və müdafiəsi məsələlərini müzakirə edəcəklər.
Avropa Siyasi Birliyinin bundan əvvəlki toplantısı bu ilin mayında Yerevanda keçirilib. Ukrayna prezidenti Volodimir Zelenskinin həmin sammitdə iştirakı Moskvanı qəzəbləndirmişdi.
Azərbaycan prezidenti İlham Əliyev həmin tədbirə videomüraciət göndərmişdi.
Paşinyan isə 2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyi sammitinə qatılacağına ümid etdiyini bildirib.
Avropa Siyasi Birliyi 2022-ci ildə, Rusiya Ukraynaya qarşı tammiqyaslı müharibəyə başlayandan sonra Avropada təhlükəsizlik və sabitliyi möhkəmləndirmək məqsədilə təsis edilib. Sammitlər ildə iki dəfə keçirilir.
Azərbaycan Konstitusiyası 31 yaşına çatdı
Azərbaycanın müxtəlif vaxtlarda çoxsaylı dəyişiklik və əlavələr edilən Konstitusiyasının qəbul olunmasından 31 il keçir.
Mövcud Azərbaycan Konstitusiyası 31 il əvvəl, 1995-ci il noyabrın 12-də qəbul edilib.
Müstəqil Azərbaycanın bu ilk Konstitusiyası beş bölmə, 12 fəsil və 158 maddədən ibarət olub.
1995-ci ildən Konstitusiyaya üç dəfə — 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.
2002-ci il...
2002-ci il dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi ləğv edilib, baş nazir isə Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu alıb. (Proporsional seçki sistemi səslərin ayrı-ayrı namizədlərə deyil, partiyalara verilməsini nəzərdə tutur. 2002-ci ilə qədər Azərbaycan parlamentində yerlərin beşdə biri, yəni 25 deputat bu sistemlə seçilirdi).
2009-cu il...
2009-cu ildə bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırılıb. Bundan sonra prezident İlham Əliyev üçüncü, dördüncü və beşinci dəfə bu vəzifəyə seçilib.
2016-cı il...
Nəhayət, 2016-cı il referendumunda prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılıb. Ölkədə vitse-prezidentlik institutu təsis edilib. Bundan bir il sonra — 2017-ci ildə ölkəyə 2003-cü ildən rəhbərlik edən İ.Əliyev xanımı Mehriban Əliyevanı Birinci vitse-prezident vəzifəsinə təyin edib.
Ümumilikdə hər üç referendumda ölkənin Əsas Qanununa çoxsaylı dəyişiklik və əlavələr edilib.
2009-cu ilə kimi Konstitusiya Günü qeyri-iş günü olsa da, həmin vaxtdan etibarən artıq iş günüdür.
Xalq Cəbhəsinin rayon şöbəsinin sədri yoxa çıxıb, avtomobili isə yerindədir
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Sabunçu rayon şöbəsinin sədri Elnur Yusubovun yerinin məlum olmadığını açıqlayıb.
Partiyadan verilən məlumata görə, o, noyabrın 12-də səhər tezdən işə getmək üçün evdən çıxıb və hazırda ona zəng çatmır.
"Ailəsindən verilən məlumata görə, o, hər gün işə şəxsi avtomobili ilə gedir. Bu gün isə işə gedib çatmayıb, avtomobili də yerində qalıb. Maraqlı məqam odur ki, maşının qapısı açıq, açarı da içində olub. Ehtimala görə, uşaqlarını məktəbə aparıb-gətirən ailə üzvlərinin istifadə edə bilməsi üçün maşını açıq saxlayıb", – AXCP-dən bildirilib.
Partiya onun saxlanıldığını güman edir.
Hələlik bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyi və digər rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Son illər AXCP-nin bir çox üzvü vaxtaşırı inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20-dən çox fəalı uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var. Həmin şəxslər müxtəlif ittihamlarla üzləşsələr də, partiya onların siyasi sifarişlə həbs olunduğunu bildirir.
Hüquq müdafiəçilərinin hazırladığı son siyahıya əsasən, Azərbaycan həbsxanalarında ümumilikdə 322 siyasi məhbus var. Amma rəsmilər, bir qayda olaraq, ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı iddiaları əsassız sayırlar. Onlar vurğulayırlar ki, həmin şəxslər sırf törətdikləri əməllərə görə mühakimə ediliblər.
Azərbaycan sənayesi kiçilib
Dövlət Statistika Komitəsinin (DSK) noyabrın 11-də açıqladığı məlumata görə, 2026-cı ilin yanvar-oktyabr aylarında sənaye sektorunda 58 milyard 539.6 milyon manat dəyərində məhsul istehsal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0.7 faiz azdır.
Amma sənayedən fərqli olaraq, ümumi daxili məhsulda (ÜDM) qismən də olsa, artım müşahidə olunur. DSK bildirir ki, hesabat dövründə 115 milyard 930 milyon manatlıq məhsul istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1.7 faiz çoxdur.
Həm rəsmi qurumlar, həm də müstəqil iqtisadçılar ölkə sənayesindəki geriləməni əsasən neft-qaz sektorunda hasilatın aşağı düşməsi ilə əlaqələndirirlər. Məsələn, ötən il ölkədə 28 milyon tona yaxın neft çıxarılıb, halbuki 2009-cu ildə bu göstərici 50 milyon ton təşkil edirdi. Əvəzində bu il qazılan quyuların sayı artırılıb; hökumət neft hasilatındakı azalmanın qarşısını almaq istəyir.
Digər tərəfdən, bu il Yaxın Şərqdə sabitliyin pozulması və Hörmüz boğazında yaranan problemlər səbəbindən neft kəskin bahalaşıb, hətta Azərbaycan neftinin qiyməti 70 faiz civarında artıb. Müstəqil iqtisadçılar hesab edirlər ki, neftin kəskin bahalaşmasına baxmayaraq, sənayedəki geriləmə və DSK-nın açıqladığı 1.7 faizlik cüzi ÜDM artımı iqtisadiyyatda böhran təhlükəsinin yaxınlaşmasından xəbər verir.
17 sentyabr
Hökumət gələn il iqtisadiyyatın 2.7 faiz böyüyəcəyini desə də, ekspertlər buna şübhə edirlər
Azərbaycan hökuməti 2027-ci ildə ölkədə 141 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunacağını proqnozlaşdırır.
Bu barədə Maliyyə Nazirliyinin gələn il üzrə makroiqtisadi göstəricilərində qeyd olunub
Gələn il ölkə iqtisadiyyatının 2.7 faiz böyüyəcəyi gözlənilir.
Proqnoza əsasən, qeyri-neft-qaz sektorunda 4.4 faiz artım, neft-qaz sektorunda isə 1.8 faiz azalma nəzərdə tutulur.
Amma müstəqil iqtisadçılar belə bir artımın olacağına indidən şübhə ilə yanaşırlar. Onlar xatırladırlar ki, hökumət 2026-cı ildə iqtisadi artımın 3.5 faiz olacağını proqnozlaşdırsa, səkkiz ayın yekunlarına görə, bu göstərici cəmi 1.2 faiz təşkil edib.
Yaxın Şərqdəki münaqişələr fonunda bu il neft kəskin bahalaşıb. Ekspertlər vurğulayırlar ki, əsas ixracı neft və qazdan ibarət olan Azərbaycanda enerjidaşıyıcıların qiymətindəki ciddi artımdan sonra belə proqnozlar özünü doğrultmursa, bu, ölkə iqtisadiyyatında böhranın başlanğıcı kimi qiymətləndirilməlidir. Amma rəsmilər belə dəyərləndirmələri qəbul etmirlər.
Nisyə mal satanlara yeni tələb qoyulur
Nisyə mal satışı ilə məşğul olan şirkətlərə və fərdi sahibkarlara verilən kreditlər üzrə əlavə qiymətləndirmə meyarı müəyyən edilib. Mərkəzi Bankın sədri Taleh Kazımov bununla bağlı sentyabrın 15-də qərar imzalayıb. Qərarın bugünlərdə qüvvəyə minəcəyi gözlənilir.
Yeni qaydaya əsasən, həmin sahibkarlar nisyə satış portfelinin ümumi həcmi və alıcıların sayı barədə banka məlumat verməlidirlər. Bank isə bu rəqəmləri kredit bürolarına ötürülən müvafiq göstəricilərlə tutuşduracaq. Əgər göstəricilərdən hər hansı biri üzrə uyğunluq 90 faizdən aşağı olarsa, həmin kredit "qeyri-qənaətbəxş aktivlər" kateqoriyasına daxil ediləcək.
Davranış modeli (təxmini gəlir hesablama üsulu) ilə verilən kreditlər elə ilk gündən bank tərəfindən xüsusi nəzarətə götürüləcək.
Eyni zamanda, bankların borcalanın gəlirlərini hesablaması qaydası da sərtləşdirilib. Yeni tələbə görə, borcalanın gəlirlərini sənədlərlə və ya dövlət sistemlərindən öyrənmək mümkündürsə, bank ona davranış modeli ilə "təxmini gəlir" yaza bilməyəcək.
Bundan başqa, Mərkəzi Bank rəhbərliyinin digər bir qərarı ilə "Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda"ya da dəyişiklik olunur. Yeniliyə görə, istehlak kreditlərinə zamin duran şəxsin borc yükünün gəlirinə nisbəti 70 faizi keçməməlidir. Bu tələb müvafiq müddəa qüvvəyə mindikdən sonra rəsmiləşdirilən kreditlərə aid ediləcək. Məsələn, zaminin aylıq gəliri 1000 manatdırsa, onun mövcud borcları üzrə aylıq ödənişi 700 manatdan çox ola bilməz.
Xatırlatma
Mərkəzi Bankın son hesabatına əsasən, bu il oktyabrın 1-nə ölkə banklarında vaxtı keçmiş kreditlərin həcmi 754.3 milyon manata yüksəlib. Ötən ilin dekabrı, bu ilin iyun və avqust ayları istisna olmaqla, son bir ildə problemli kreditlərdə davamlı artım qeydə alınıb. Nəticədə, gecikmədə olan kreditlər ilin əvvəli ilə müqayisədə 35 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 42 faizdən çox artıb.
Ümumi portfeldə istehlak kreditlərinin payının artması da diqqət çəkir. İqtisadçılar bu tendensiyanı ölkə iqtisadiyyatı üçün müsbət hal hesab etmirlər. Rəsmi qurumlar problemli kreditlərdəki artımla bağlı hələlik açıqlama verməsələr də, müstəqil ekspertlər bunu birbaşa əhalinin maddi durumunun və alıcılıq qabiliyyətinin zəifləməsi ilə izah edirlər.
SOCAR Çinin neft şirkəti ilə strateji əməkdaşlığa başlayır
Çinin Şanxay şəhərində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə "China Petroleum&Chemical Corporation" (Sinopec Corp.) arasında Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
SOCAR-ın noyabrın 9-da yaydığı məlumata görə, sənədə qurumun vitse-prezidenti Fuad Musayev və "Sinopec Corp." şirkətinin vitse-prezidenti Li Yüsin imza atıblar. Memorandum şirkətlər arasında satınalma və təchizat zəncirinin idarə olunması sahələrində əməkdaşlığın genişləndirilməsini hədəfləyir.
Ümumiyyətlə, son illər Azərbaycanla Çin arasında həm iqtisadi, həm də siyasi müstəvidə nəzərəçarpacaq yaxınlaşma müşahidə olunur. Məsələn, bu ilin əvvəlində SOCAR, Çin İnvestisiya Korporasiyası və İndoneziya İnvestisiya Qurumu birgə "Galaxy Orientis" Çin–ASEAN İnvestisiya Platformasını (CAIP) təsis ediblər.
Xatırlatma
İki ölkə arasındakı tərəfdaşlıq rəsmi sənədlərlə də möhkəmləndirilib: 2024-cü il iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" qəbul olunub, ötən il isə ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında saziş qüvvəyə minib.
Hazırda Çin Azərbaycanın idxalında birinci yeri tutur. Eyni zamanda, rəsmi Bakı Pekinin əsas rol oynadığı bir sıra beynəlxalq qurumlarla da əlaqələrini gücləndirib.
Müxalifət düşərgəsi isə fərqli mövqedədir: onlar Çin və Rusiya kimi ölkələrlə əlaqələri dərinləşdirməkdənsə, Qərbə inteqrasiya prosesini sürətləndirməyi vacib sayırlar. Müxalifətin fikrincə, Çinlə yaxınlaşma ABŞ ilə güclənməkdə olan əməkdaşlığa da xələl gətirə bilər.
Elektrik sayğacları gec sıfırlanır: abonentlər zərərə düşəcəklərini deyir
Azərbaycanda bəzi abonentlər elektrik enerjisi ödənişlərində zərərə düşəcəklərindən şikayətlənirlər.
Ölkədə əhali abonentləri üçün pilləli tariflər tətbiq olunur:
- 0 – 200 kVt·saat: 1 kVt·saat üçün 8.4 qəpik
- 200 – 300 kVt·saat: 1 kVt·saat üçün 10 qəpik
- 300 kVt·saatdan artıq: 1 kVt·saat üçün 15 qəpik
Abonentlər deyirlər ki, bu limitlər hər ayın 1-də yenilənməlidir. "Lakin ayın ilk günlərində sıfırlanma olmasa, biz işığın pulunu ən yüksək tariflə, yəni 15 qəpikdən ödəməli olacağıq. Məsələn, artıq noyabrın 9-dur, amma bizim sayğac hələ də sıfırlanmayıb", – Abşeron sakinlərindən biri söyləyib.
Şikayətçilərin sözlərinə görə, "Azərişıq" ASC əməkdaşlarının bu problemi bilərəkdən, yoxsa bilməyərəkdən yaratdıqları onlara aydın deyil. "Fakt ondadır ki, bundan biz ziyan çəkə bilərik", – adının çəkilməsini istəməyən başqa bir sakin bildirib.
Şikayətlərə, hələlik, "Azərişıq" ASC-dən münasibət öyrənmək mümkün olmayıb.
Ekspertlər isə hesab edirlər ki, bu problem ancaq mexaniki sayğaclarda yarana bilər.
Onlar vurğulayırlar ki, "Smart" (kartlı) sayğaclarda hər ayın 1-də mərkəzi sistem limiti avtomatik yeniləyir. Karta pul yükləyib sayğaca daxil etdikdə yeni ayın güzəştli tarifi işə düşür.
Mexaniki və elektron (kodlu) sayğaclarda isə "Azərişıq" ASC əməkdaşları aylıq oxunma aparıb faktura çıxardıqdan sonra növbəti ayın limiti aktivləşir.
Bayraq günüdür
Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür.
2009-cu il noyabrın 17-də prezident İlham Əliyev "Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib.
Üzərində aypara və səkkizguşəli ulduz təsvir olunan bu üçrəngli (göy, qırmızı, yaşıl) dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci il aprelin 28-nə kimi (Cümhuriyyətin süqutuna qədər) dövlət rəmzi statusuna malik olub. Azərbaycan keçmiş Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) tərkibində olduğu dövrdə isə respublikanın ayrı bayrağı olub.
1991-ci ildə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini bərpa edib. Həmin il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olunub.
Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən, Dövlət Bayrağı Günü qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
2007-ci ildən etibarən Müstəqillik Günü (18 oktyabr) və Konstitusiya Günü (12 noyabr) isə iş günü elan olunub.
Beş il əvvəl Milli Məclis Müstəqillik Gününün adını dəyişərək Müstəqilliyin Bərpası Günü edib.
Naxçıvanın Bakıdakı Daimi Nümayəndəliyi ləğv edilib
Naxçıvan Muxtar Respublikasının (MR) Bakı şəhərindəki Daimi Nümayəndəliyi ləğv olunub. Bu barədə muxtar respublika Ali Məclisinin rəsmi orqanı olan "Şərq qapısı" qəzetinin saytı məlumat yayıb. Məlumata görə, bununla bağlı müvafiq qərar imzalansa da, detallar açıqlanmır.
Qərara əsasən, Naxçıvan MR İqtisadiyyat Nazirliyi daimi nümayəndəliyin ləğv edilməsi ilə əlaqədar mülki qanunvericilikdə nəzərdə tutulmuş məsələlərin həlli məqsədilə ləğvetmə komissiyası yaratmalıdır. Qərar noyabrın 5-də imzalanıb və elə imzalandığı gündən də qüvvəyə minib.
Bu ərəfədə Naxçıvan MR Konstitusiyasına edilən bir sıra dəyişikliklərlə mərkəzi hakimiyyətin (Bakının) muxtar respublika üzərindəki nəzarəti və idarəçiliyi əhəmiyyətli dərəcədə gücləndirilib. Həmin konstitusiya dəyişiklikləri regional idarəetmənin birbaşa mərkəzə bağlanmasını təmin edib.
Bakı şəhərindəki bu Daimi Nümayəndəlik 1992-ci il fevralın 24-də MR Ali Məclisinin qərarı ilə yaradılmışdı. Nümayəndəlik Naxçıvan MR Ali Məclisi və digər dövlət təsisatları ilə Bakı arasında gündəlik, hərtərəfli və operativ əlaqələrin qurulmasında mühüm rol oynamalı idi.
Xatırlatma
1995-ci ilin dekabrından Naxçıvan MR Ali Məclisinə sədrlik edən Vasif Talıbov dörd il öncə - 2022-ci ildə istefaya göndərilib. Bu hadisə muxtar respublikada ciddi dəyişikliklərə yol açıb. Həmin il dekabrın 22-də prezident İlham Əliyev Naxçıvana özünün səlahiyyətli nümayəndəsini təyin edib. Daha sonra muxtar respublikanın bir çox vəzifəli şəxsi mənimsəmə və digər ittihamlarla istintaqa cəlb olunub.
Azərbaycanın tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası 1924-cü ildə yaradılıb. Onun Azərbaycanın digər əraziləri ilə quru sərhədi yoxdur. Naxçıvan Türkiyə, Ermənistan və İranla həmsərhəddir.
Kənd təsərrüfatında 100 faizlik vergi güzəşti ləğv olunur
Yeni layihəyə əsasən, aqrar sektorda uzun illərdir qüvvədə olan 100 faizlik tam vergi azadolması ləğv olunur və onu 2027-ci il yanvarın 1-dən 5 il müddətinə 90 faizlik güzəşt mexanizmi əvəz edir.
Noyabrın 6-da Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxış edib.
AZƏRTAC-ın məlumatına görə, o, Vergi Məcəlləsindəki dəyişikliklərlə bağlı bildirib ki, istehsalçıların qazandığı gəlir və ya mənfəətin cəmi 10 faizi ümumi qaydada vergiyə cəlb ediləcək: "Bundan başqa, sadələşdirilmiş vergi üzrə tam vergi azadolması müəyyən edilmiş şərtlər daxilində daha 5 il müddətinə saxlanılacaq. Kənd təsərrüfatı güzəştlərindən istifadə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) uçota alınma və əməliyyatların vergi hesabatlarında bəyan edilməsi ilə şərtləndiriləcək".
Son illər Azərbaycanda dövlət büdcəsinin vergi daxilolmaları durmadan artır. Layihə ilə bağlı Maliyyə Nazirliyinin ilkin açıqlamasında vurğulanırdı ki, 2027-ci ildə Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 47 faizini və ya 18 milyard 430 milyon manat təşkil edəcək: "Bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 520 milyon manat (9 faiz), 2025-ci ilin icra göstəricisindən isə 2 milyard 74.8 milyon manat (12.7 faiz) çoxdur. Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 80.6 faizi (14 milyard 850 milyon manat) qeyri-neft-qaz sektorunun, 19.4 faizi (3 milyard 580 milyon manat) isə neft-qaz sektorunun payına düşür".
Məsələ burasındadır ki, bu ildən Azərbaycanda özəl sektorda 7 illik güzəşt müddəti başa çatıb və bu sahədə çalışanların əmək haqları yenidən gəlir vergisinə cəlb olunub. Üstəlik, bu vergi dərəcəsi 2027–2028-ci illərdə mərhələli şəkildə artacaq.
Eləcə də, bəzi istiqamətlər üzrə vergi güzəştləri müəyyən səviyyədə ya ləğv edilir, ya da tamamilə yeni formada tətbiq olunur.
Müstəqil iqtisadçılar isə bu addımı düzgün hesab etmirlər. Onlar bildirirlər ki, bu il neft kəskin bahalaşsa da, ümumi daxili məhsul (ÜDM) cəmi 1.5 faiz artıb. İqtisadçıların fikrincə, bu, real iqtisadi inkişaf demək deyil və əgər vergi siyasəti sərtləşdirilməkdə davam edərsə, bunun biznesə mənfi təsirləri qaçılmaz olacaq.
Hafiz Babalının həbsxanada dərmansız qaldığı bildirilir
"AbzasMedia işi" üzrə 9 il müddətinə azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalıya cəzaçəkmə müəssisəsində lazımi dərmanların verilmədiyi deyilir.
Yaxınlarının sözlərinə görə, o, artıq bir ay yarımdır ki, zəruri dərmanlarını ala bilmir. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan 55 yaşlı jurnalistin dərman təminatını dayandırdığı iddia olunur.
Yaxınları əlavə ediblər ki, damar xəstəliyindən əziyyət çəkən jurnalistin həm də üçüncü qrup görmə əlilliyi var. Onun hətta həkimin təyin etdiyi göz təzyiqini aşağı salan xüsusi dərmanı da əldə edə bilmədiyi söylənir.
Müəssisənin tibb-sanitar hissəsi isə dərmanların verilməməsini satınalma müsabiqəsinin hələ keçirilməməsi ilə izah edib.
Hələlik səsləndirilən bu iddialarla bağlı nə cəzaçəkmə müəssisəsindən, nə də bütövlükdə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olub.
Bundan əvvəl də həbsdə olan bir çox jurnalist və ictimai fəalın lazımi müayinə və müalicədən məhrum qalmaları ilə bağlı çoxsaylı şikayətlər yayılıb. Amma rəsmi qurumlar bu qəbildən olan müraciətlərin araşdırılması barədə hər hansı açıqlama verməyiblər.
Xatırlatma
H.Babalı 2023-cü ilin dekabrında "AbzasMedia işi" çərçivəsində saxlanılıb. Eyni iş üzrə "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova və Nərgiz Absalamova, eləcə də AzadlıqRadiosunun əməkdaşı, iqtisadçı Fərid Mehralızadə həbs olunublar.
2025-ci il iyunun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsi Ü.Həsənlini, S.Vaqifqızını, H.Babalını və F.Mehralızadəni 9 il, N.Absalamova ilə E.Qasımovanı 8 il, M.Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Onlara qarşı qaçaqmalçılıq və müxtəlif maliyyə pozuntuları ilə bağlı ittihamlar irəli sürülsə də, məhkumlar bu iddiaları qəbul etmirlər.
Hüquq müdafiəçilərinin hazırladığı siyahıya əsasən, hazırda Azərbaycanda 322 siyasi məhbus var. Rəsmi qurumlar isə ölkədə siyasi məhbusların olması fikrini rədd edir və həmin şəxslərin törətdikləri konkret əməllərə görə ədalətli mühakimə olunduqlarını bildirirlər.
Xalq Cəbhəsi üzvünə 30 sutka həbs verildiyi deyilir
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Sabirabad şöbəsinin fəalı Mircəmil Ağayevin 30 sutkalıq inzibati həbs olunduğu bildirilir. Noyabrın 4-də AXCP-nin yaydığı məlumatda qeyd edilir ki, fəal bir gün əvvəl — noyabrın 3-də AXCP sədri Əli Kərimli və müavini Məmməd İbrahimin məhkəməsində iştirak etmək üçün Bakıya gəlibmiş. Əlavə edildiyinə görə, elə həmin gün Sabirabada qayıdan M.Ağayevi evinin qarşısında mülki geyimli şəxslər saxlayaraq naməlum istiqamətə aparıblar.
AXCP-dən bildirildiyinə görə, o, rəsmi olaraq İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaqda) təqsirləndirilib. Partiya fəalın şərləndiyini iddia etsə də işlə bağlı başqa detallardan bəhs etmir. Rəsmi qurumlardan isə hələlik bu deyilənlərə hər hansı münasibət almaq mümkün olmayıb.
Son illər AXCP-nin bir çox üzvü vaxtaşırı olaraq inzibati qaydada həbs edilir. Hazırda partiyanın 20 civarında üzvü, eləcə də təşkilatın sədri Əli Kərimli uzun müddətdir ki, həbsdədir. Onlara qarşı müxtəlif ittihamlar irəli sürülsə də, AXCP bu həbslərin siyasi sifariş olduğunu bəyan edir.
Ə.Kərimli və M.İbrahim Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham olunurlar. Bu maddə 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Hər iki siyasətçi ittihamları əsassız və siyasi motivli sayır.
Hüquq müdafiəçilərinin son hesabatlarına görə, Azərbaycan həbsxanalarında 322 siyasi məhbus var. Rəsmilər isə ölkədə siyasi baxışlarına görə həbslərin olması barədə iddiaları rədd edir və həmin şəxslərin törətdikləri konkret cinayət əməllərinə görə cəzalandırıldıqlarını bildirirlər.
Gələn ilin büdcəsindən 2 milyard manatdan çox pul borclara gedəcək
Gələn il dövlət borcuna xidmət xərclərinin 2.2 milyard manat olacağı gözlənilir ki, bu da ümumi büdcə xərclərinin 5.2 faizini təşkil edir.
Bu rəqəm "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Noyabrın 4-də parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında layihənin təqdimatı keçirilib.
Rəsmi qurumlar bu rəqəmin dünyadakı orta göstəricidən xeyli yaxşı olduğunu bildirirlər.
Layihəyə əsasən, daxili borcun ödənilməsi üçün 772 milyon manat, xarici borc üçün isə 1 milyard 427 milyon manat vəsait nəzərdə tutulur.
Borcların qaytarılmasına ayrılan bu pul İcbari Tibbi Sığorta Fonduna ayrılan vəsaitdən düz iki dəfə çoxdur. Belə ki, büdcə layihəsində fond üçün cəmi 1 milyard 100 milyon manat ayrılıb.
Qanun layihəsində 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat həcmində planlaşdırılır.
Lakin müstəqil iqtisadçılar rəsmilərlə eyni fikirdə deyillər və borclara bu qədər böyük vəsaitin ayrılmasını ölkə vətəndaşları üçün müsbət hal hesab etmirlər. Onlar vurğulayırlar ki, Azərbaycanın xarici dövlət borcunun 3 milyard 52 milyon 700 min dolları, yəni təxminən 67.7 faizi məhz qarşıdakı 5 il ərzində ödənilməlidir.
Maliyyə Nazirliyinin açıqlamasına görə, bu ilin ilk doqquz ayında ölkənin ümumi dövlət borcu təxminən 2 milyard manat (8 faiz) azalaraq 23.8 milyard manata düşüb. Bunun üçdə biri — 7.6 milyard manatı (4.5 milyard dolları) xarici borcun payına düşür.
Bu il oktyabrın 1-nə olan məlumata görə, ölkənin strateji valyuta ehtiyatları 89.4 milyard ABŞ dolları həcmindədir.
Səbinə Əliyeva yenidən Ombudsman seçilib
Milli Məclisin bu gün, noyabrın 3-də keçirilən iclasında "Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) seçilməsi haqqında" məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra keçirilən səsvermədə Səbinə Əliyeva səs çoxluğu ilə növbəti müddətə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.
Bu vəzifəyə prezident İlham Əliyevin Milli Məclisə göndərdiyi sənəddə üç nəfərin namizədliyi irəli sürülmüşdü. Namizədlər Səbinə Əliyeva, Ceyhun Qaracayev və Elşanə Vəliyeva idi.
Ceyhun Yasinali oğlu Qaracayev 2010-2025-ci illərdə Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi olub.2016-cı ildən CPT-nin (İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Avropa Komitəsinin) müstəqil ekspertidir (mandatı 2028-ci ilədəkdir).
Elşanə Rafiq qızı Vəliyeva isə Ali Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvüdür.
Amma bir çox təhlilçilər digər namizədlərin formal xarakter daşıdığını və S.Əliyevanın seçiləcəyini qabaqcadan deyirdilər. Onlar bunu onun hakimiyyətin gerçək seçimi olması ilə izah edirdilər.
Ombudsman 7 il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz.
Xatırlatma
Azərbaycanda Ombudsman Aparatı 2002-ci ildən fəaliyyət göstərir. Bu quruma 17 il ərzində Elmira Süleymanova rəhbərlik edib. Hətta o dövrdə qanunla müəyyən olunmuş vəzifə müddətinin aşıldığı bildirilirdi.
2019-cu ildən onu S.Əliyeva əvəz edir. O, Milli Məclisin komitə sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçilərindən olan Siyavuş Novruzovun həyat yoldaşıdır.
Hüquq müdafiəçiləri, bir qayda olaraq, Ombudsmanın illik hesabatlarını tənqidlə qarşılayırlar. Bu tənqidlərdə əsasən hesabatda təcridxanalardakı konkret işgəncə halları ilə bağlı şikayətlərə toxunulmaması qabardılır. Ombudsman Aparatı isə bu tənqidləri əsassız sayır.
'Şəki Yaylası'nda ölümlərə görə sahibkar və bir şəxs həbs olunub
“Şəki Yaylası" istirahət mərkəzində 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar və digər bir şəxs həbs olunub.
Bu barədə noyabrın 2-də Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, istintaqla sahibkarlıq fəaliyyəti ilə məşğul olan Ramiz Hüseynovun istirahət mərkəzini idarə etdiyi müddətdə işə “laqeyd münasibət göstərərək” iki nəfərin ehtiyatsızlıqdan ölümünə səbəb olan səhlənkarlıq etməsinə əsaslı şübhələr müəyyən edilib:
“'Zipline' kanat yolu üçün nəzərdə tutulmuş qüllənin inşasını bu sahədə müvafiq lisenziyası və xüsusi təhsili olmayan Abasət Paşayevə şifahi qaydada həvalə edən Ramiz Hüseynov öz rəhbərliyi və birbaşa göstərişləri ilə qülləni qanunsuz inşa etdirib. Qüllənin üzərindəki dəmir konstruksiyanın deformasiyaya uğraması nəticəsində kanatlarda dalğalanma yaranıb və sürüşməni təmin edən əsas zipline qurğusu kanatdan çıxıb”.
Əlavə edildiyinə görə, kustar üsulla hazırlanmış tormozlama və əlavə təhlükəsizlik vasitəsinin plastik boru hissəsinin kanata keçirilməsi səbəbindən kanatın titrəməsi nəticəsində həmin qurğunun parça hissəsi cırılıb, nəticədə, kanatdan istifadə edən Ucal Bayramovla Coşqun Məmmədzadə hündürlükdən yıxılaraq aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.
Noyabrın 2-də Ramiz Hüseynov Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq), Abasət Paşayev isə 124.2-ci (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara ittihamlar elan edilib. Şəki rayon Məhkəməsinin qərarları ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində həbs qətimkan tədbiri seçilib.
Hələlik, rəsmi açıqlamaya həbs edilən şəxslərdən və onların yaxınlarından münasibət almaq mümkün olmayıb,
Həmin ittiihamlarla şəxslərə üç ildən yeddi ilədək (sahibkara verilən ittiham üzrə) və iki ildən altı ilədək (digər şəxsə) həbs cəzası verilə bilər.
10.09.2026
Şəkidə iki nəfərin öldüyü hadisə ilə bağlı cinayət işi başlanıb
Şəkinin Baş Küngüt kəndi ərazisindəki "Şəki yaylası" istirahət mərkəzində iki şəxsin hündürlükdən yıxılaraq ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.
Rəsmi açıqlamaya görə, ilkin araşdırma zamanı müəyyən edilib ki, 1999-cu il təvəllüdlü B.U.A. və 1995-ci il təvəllüdlü M.C.C. "Zipline" əyləncəsindən istifadə edərkən kanat sisteminin bərkidildiyi metal qurğu əyilərək formasını itirdiyi üçün əsas mexanizm kanatdan çıxıb və təhlükəsizlik avadanlığı zədələnib.
Nəticədə hər iki şəxsin hündürlükdən yerə düşərək hadisə yerindəcə həyatını itirdiyi bildirilir.
Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır.
Bu maddə üzrə təqsiri sübuta yetirilən şəxsləri 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyir.
Rəsmi açıqlamaya sözügedən istirahət mərkəzinin rəhbərliyi və həlak olan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
9 sentyabr
FHN ölümə səbəb olan qurğunun onun nəzarətində olmadığını bildirib. Suallar açıq qalır
Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki rayonunda ölümə səbəb olan qurğuya nəzarətin onların səlahiyyətinə aid olmadığını bildirib.
Qurumdan APA-nın sorğusuna cavab olaraq deyilib: "Mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərin siyahısına daxil deyil. Bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil".
Bu açıqlamaya, hələlik, istirahət mərkəzinin rəhbərliyindən münasibət almaq mümkün olmayıb.
FHN-in açıqlamasında onun nəzarət etmədiyi bir qurğunun istirahət mərkəzində quraşdırılmasına və istifadəsinə görə hansı qurumun konkret məsuliyyət daşıdığından bəhs edilmir. Hələlik, ölümlərlə bağlı hər hansı başqa versiya da səslənmir.
Üstəlik, istirahət mərkəzlərində texniki təhlükəsizlik məsələlərinin vaxtaşırı gözdən keçirilib-keçirilmədiyi sualı da açıq qalır.
8 sentyabr
Şəkidə kanatın trosu qırılıb, iki nəfər ölüb
Sentyabrın 8-də Şəki rayonundakı istirahət mərkəzlərinin birində bədbəxt hadisə olub, iki nəfər ölüb.
İlkin məlumata görə, mərkəzdəki əyləncə qurğusunda texniki nasazlıq baş verib və iki nəfər hündürlükdən yıxılaraq həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Hələlik məsələyə istirahət mərkəzinin rəhbərliyindən və ölənlərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Bu, ölkədəki istirahət yerlərində baş verən ilk belə hadisə deyil. Əvvəllər də oxşar qəzalarda ölənlər olub.
Digər tərəfdən, bəzi ekspertlərin qənaətinə görə, istintaq zamanı faciəni doğuran real səbəblərin üstündən çox vaxt sükutla keçilir.