Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:03

‘Vartanyan cütlüyü’ – həqiqət, yoxsa, sovet mifi?


Gohar və Gevork Vartanyanlar şöhrətli vaxtlarında
Gohar və Gevork Vartanyanlar şöhrətli vaxtlarında

AzadlıqRadiosu yazır ki, sovet mənbələrinə görə II Dünya Müharibəsinin şıdırğı vaxtında, 1943-cü ildə nasistlərin “Böyük üçlüyü” qətlə yetirməsi planını önləyən sovet kəşfiyyatçılarından ibarət dəstədə 17 yaşlı bəstəboy bir qız da olub.

Guya Adolf Hitler tərəfindən xeyir-duası verilmiş “Uzun tullanış” adlı əməliyyatın məqsədi Tehranda keçirilən konfransda ABŞ prezidenti Franklin Roosevelt, Britaniya baş naziri Winston Churchill və sovet lideri İosif Stalinə sui-qəsd edilməsi olub.

Sovet kəşfiyyatçılarının dəstəsindəki qız isə milliyyətcə erməni Gohar Vartanyan idi.

Tarixçilər və sonradan toplanmış materiallar sözü gedən SS əməliyyatının reallıqda mümkünlüyüüzərinə şübhə kölgəsi salıb. Əksər tədqiqatçıların fikrincə bu, sadəcə bir uydurma casus əhvalatı idi.

Lakin bu şübhələrə baxmayaraq bir vaxtlar Anita kimi tanınan Vartanyan və onun casus əri Gevork Vartanyan SSRİ-nin ən məşhur və ən uğurlu casus miflərindən birinin qəhrəmanına çevriliblər.

Gohar və Gevork Vartanyanlar
Gohar və Gevork Vartanyanlar

İnformasiyanın 2-3 faizi

Gohar Vartanyan noyabrın 25-də vəfat edib və iddia edilən “Uzun tullanış” əməliyyatının sirlərinı də özü ilə aparır.

Rusiyanın Xarici Kəşfiyyat İdarəsi (SVR) bu həftə verdiyi məlumatda bildirir ki, Vartanyanlar “bir çox ölkələrdə, ekstremal şəraitlərdə fəal kəşfiyyat işi aparıblar”. SVR bu işlərin nədən ibarət olduğunuaçmayıb.

Gevork Vartanyan bir dəfə qürrələnmişdi ki, o və arvadı haqqında informasiyanın yalnız 2-3 faizi ictimaiyyətə məlumdur.

Onların nikahı da, əsasən elə sovet mənbələrində sədaqətli antifaşistlərin və kəşfiyyatçıların sarsılmaz izdivacı kimi tərənnüm olunurdu.

Goharın 1926-cı ildə Ermənistanın Gümrü şəhərində doğulduğu məlumdur. Onun 1930-cu illərdə hələ körpə ikən ailəsi ilə İrana köçdüyü bildirilir.

Sovet mənbələrində Goharın Gevorkla məhz Tehranda görüşdükləri qeyd olunub.

Bu da iddia edilir ki, o antifaşist qrupa 16 yaşında qoşulub və bundan dörd il sonra ərə gedib.

Cütlüyün 1951-ci ildə Sovet İttifaqına qayıtdığı bildirilir.

Rusiya kəşfiyyatı iddia edir ki, Gohar və Gevork 30 il müddətində Avropa, Asiya və Birləşmiş Ştatlarda kəşfiyyat işi aparıblar.

2015-ci ildə Gevorkun vəfatından sonra Gohar RIA Novosti agentliyinə demişdi:

"Mən ərimə onun işində çox kömək etmişəm, məxfi əməliyyatlara qatılmışam. Biz uğur və uğursuzluqları bölüşmüşük”.

Rusiya xəbərlərində Goharın 1986-cı ildə sovet casusu kimi təqaüdə çıxdığı, lakin gənc kəşfiyyatçıların yetişdirilməsində iştirakını davam etdirdiyi qeyd olunurdu.

Onun və ərinin kimliyi 2000-ci ildə açıqlanıb və bu, artıq postsovet Rusiyasında onlara məşhurluq və şöhrət qazandırıb.

Vartanyanlar və Vladimir Putin
Vartanyanlar və Vladimir Putin

Bakının Tehran rolunu oynadığı film

Mükafatlı Sovet-Fransa-İsveçrə istehsalı olan Tehran-43 filminin də leytmotivinin bu cütlüyün “kəşfiyyat fəaliyyətindən” götürüldüyünə inanılır. Filmdə məşhur fransız aktryor Alain Delon baş rollardan birinə çəkilmişdi.

Bu da deyilməlidir ki, sözü gedən filmin bir çox əsas kadrları Bakıda, İçərişəhərdə çəkilib. Daha doğrusu, bu filmdə Tehran rolunu Bakı oynayıb:

Londonda yaşayan casusluq tarixçisi Alexander Vassiliyev Vartanyanların şöhrətinin DTK uydurması üzərində qurulduğuna inananlardandır.

O AzadlıqRadiosuna müsahibəsində “Uzun tullanış” əməliyyatı barədə danışarkən deyib:

"Bu DTK mifi müharibə qurtarandan sonra düzəldilib. Nasistlərin Tehranda sui-qəsd əməliyyatına dair planı olduğu barədə heç bir tarixi sübut yoxdur. Bir çox tarixçilər inanırlar ki, Tehranda mümkün terror şayiələrini Stalin Roosevelt-ə yaxınlaşmaq və onu Churchill-in təsirindən çıxarmaq üçün özü yayırdı”.

Stalin, Roosevelt, Churchill Tehran konfransında
Stalin, Roosevelt, Churchill Tehran konfransında

Churchill-in nəvəsi də inanıb

Buna baxmayaraq 2007-ci ildə Churchill-in qız nəvəsi Celia Sandys Gevorkla Moskvada görüşmüş və babasının həyatını xilas etdiyinə görə ona təşəkkürünü bildirmişdi.

Bu görüşdə Vartanyan “böyük üçlüyün” - Stalin, Churchill və Roosevelt-in şərəfinə içində erməni konyakı olan badə də qaldırmışdı.

Kreml bu həftə dünyasını dəyişmiş Gohar Vartanyana ehtiramını bir daha ifadə edib.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitry Peskov jurnalistlərə deyib ki, Gohar Vartanyan və onun əri Gevork olmasaydı, “bəlkə də indi dünyamızın tarixi” tamam fərqli olardı:

“Bu adamlar bəşəriyyət tarixinə öz möhürlərini basıblar”.

Sözçü əlavə edib ki, özü də bir vaxtlar DTK zabiti kimi Şərqi Almaniyada xidmət etmiş Vladimir Putin Vartanyanın ailəsinə və qohumlarına şəxsən başsağlığı verib:

"Putin həm Goharı, həm də onun ərini yaxşı tanıyırdı…Gohar Kremldə Putinə qonaq gəlmişdi, Putin isə Goharın evinə baş çəkmişdi”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG