Keçid linkləri

2025, 21 İyun, şənbə, Bakı vaxtı 22:25

Xaçatryan ürəyindən əməliyyat olunmaq istəyir


Vaqif Xaçatryan
Vaqif Xaçatryan

1991-ci ilin dekabrında Xocalı rayonunun Meşəli kəndində azərbaycanlıların kütləvi qətli və deportasiyasında suçlanan Vaqif Xaçatryan ürəyindən əməliyyat olunmaq istəyir. O, yanvarın 15-də Bakı Apellyasiya Məhkəməsindəki çıxışında bu istəyini dilə gətirib. Həmin məhkəmə iclasında V.Xaçatryana 15 il həbs cəzası kəsilməsi barədə noyabrın 7-də çıxarılmış hökmdən verilən şikayətə baxılıb.

69 yaşlı Xaçatryan sözügedən çıxışında Meşəli kəndinə silahlı hücuma qatılmadığını söyləyərək, apellyasiya məhkəməsi hakimlərindən azadlığa buraxılmasını xahiş edib:

“Mən deyilən cinayəti törətməmişəm. O hadisələr vaxtı, ümumiyyətlə, orada olmamışam. Xahiş eləyirəm, məni azad eləyin. Xəstəyəm, ürəyimdə problemlər var. Xahiş edirəm, ürəyimdən əməliyyat olunmalıyam”.

Vəkili Radmila Abılova də çıxışında ona bəraət istəyib. Müdafiəçi yada salıb ki, Xaçatryan Bakı Hərbi Məhkəməsində çıxışlarında da Meşəli hadisələrində iştirak etmədiyini, orada cinayət törədilən vaxt başqa kənddə - evində olduğunu deyirdi.

Prokuror onun təqsirsiz olması fikriylə razılaşmır. Dövlət ittihamçısı bildirib ki, Xaçatryanın Meşəliyə silahlı hücuma qatılmaması haqda söylədikləri özünümüdafiə məqsədi güdür:

“Hadisə vaxtı onu orada görənlər olub. 14 nəfər məhkəmədəki ifadəsində də bunu təsdiqləyib”.

Bakı Apellyasiya Məhkəməsinin hakimləri qısa müşavirədən sonra Xaçatryanın 15 il azadlıqdan məhrum edilməsi barədə hökmü qüvvədə saxlamağa qərar veriblər.

Xatırlatma

Vaqif Xaçatryan iyulun 29-da Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılıb. O, həmin vaxt müalicə üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyilə Ermənistana getmək istədiyini bildirmişdi. O zaman Ermənistan Xarici İşlər Nazirliyi Azərbaycanı beynəlxalq humanitar hüququ kobud şəkildə pozmaqda günahlandırmış, Qarabağ sakininin saxlanmasını “adam oğurluğu” adlandırmışdı.

Azərbaycan Baş Prokurorluğu isə Xaçatryanın Meşəli kəndində azərbaycanlıların kütləvi qətliamı ilə əlaqədar hələ 2013-cü ilin noyabrından Cinayət Məcəlləsinin 103 (soyqırım) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə beynəlxalq axtarışda olduğunu bəyan edib.

Xocalı rayonunun Meşəli kəndinə silahlı hücum 1991-ci il dekabrın 23-də səhər saatlarında baş verib. Baş Prokurorluğun məlumatında Meşəli kəndindəki hadisələr zamanı 25 azərbaycanlının öldürüldüyü, 14 nəfərin xəsarət aldığı, 358-ninsə yaşadığı yerdən didərgin düşdüyü bildirilir.

XS
SM
MD
LG