Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:40

‘Əgər manata təhlükə yoxdursa, niyə valyutadəyişmə mətəqələri bərpa edilmir?’


Bakıda valyutadəyişmə məntəqəsi, 23 fevral 2017
Bakıda valyutadəyişmə məntəqəsi, 23 fevral 2017

Bu günlər Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov manatın taleyi ilə bağlı növbəti açıqlama verdi. Baş bankir Azərbaycanda devalvasiyadan ötrü heç bir fundamental səbəbin olmadığını bildirdi.

Cari ildə neftin orta qiymətinin 70 dollar təşkil etdiyini deyən E.Rüstəmov vurğuladı ki, bu, ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30 faiz yüksəkdir.

Elman Rüstəmov dedi ki, neftin qiymətinin yüksək olması ölkənin strateji valyuta ehtiyatlarının artmasına səbəb olub. Nəticədə strateji valyuta ehtiyatları 2.1 milyard dollar artıb:

Buna da bax: İqtisad Universitetinin əməkdaşı ətrafında 1 milyonluq qalmaqal

“Daxili bazarda valyuta ehtiyatları artırsa, deməli, valyuta təklifi tələbdən yüksəkdir…”

İqtisadçı Əli Əlirzayev baş bankir Elman Rüstəmovun manatla bağlı açıqlamasını əsaslı sayır.

“Mərkəzi Bankın siyasəti düzgündür”

Əli Əlirzayev
Əli Əlirzayev

​Əli Əlirzayev hesab etmir ki, neft ucuzlaşacaq.Onun fikrincə, hazırkı tendensiya buna əsas vermir:

“Yaxın gələcəkdə neftin qiymətinin enməsi qeyri-mümkündür və indiki qiymətdən də aşağı düşə bilməz. Hətta qiymət müəyyən qədər ensə də, Azərbaycan neft və qaz hasilatını artıracaq. Bununla da dollar gətirmək imkanları çoxlacaq və təklif tələbdən çox olacaq. Dolların təklifi tələbdən çox olandan sonra manatın qorunması üçün addımlar atılacaq. Bu mənada Mərkəzi Bankın siyasəti düzgündür”.

Əli Əlirzayev 2015-ci ildə neftin qiymətinin enməsi barədə xatırlamağımıza belə reaksiya verdi:

“Hər şey ola bilər. Ancaq ABŞ və digər neft ölkələrinin hasilatı artırdığını da unutmayaq. İkinci, neft ölkələrinin də siyasəti var, onlar qiymətin enməməsinə çalışırlar. Burda neft istehlakçıları və istehsalçılarının maraqları var. İstehlakçılar isə qiymətin aşağı düşməsində maraqlıdırlar. Azərbaycan üçün ehtiyat variantlar çoxdur və ölkəyə dollar gətirilir, bu baxımdan təklif də tələbatdan çox olanda qiymət aşağı düşməməlidir”.

Başqa bir iqtisadçı Nemət Əliyev isə deyib ki, son bir ildə yerli valyutanı hansı üsullarla saxlayıblarsa, Elman Rüstəmov da o qaydaya əsaslanaraq həmin bəyanatı verib:

Azərbaycan Mərkəzi Bankı
Azərbaycan Mərkəzi Bankı

“Mərkəzi Bank qarşısındakı vəzifələri yerinə yetirməyib”

“ Heç kəsə manatın məzənnəsinin inzibati üsullarla saxlanılması sirr deyil. Ancaq rəsmilər manatın məzənnəsinin inzibati üsulla saxlanılmasının yerli iqtisadiyyata nə verib? sualına aydınlıq gətirmirlər. Birinci, idxal sahibkarlığı kəskin şəkildə zəifləyib, ikinci, iqtisadi fəallığa ciddi zərbə dəyib. Əgər məqsəd manatın sabitliyini bu cür qoruyub saxlamaqdırsa, belə gedişat heç kəsə lazım deyil. Mərkəzi Bank milli valyutanı elə tənzimləməlidir ki, iqtisadi fəallığa nəinki zərbə vurmasın, əksinə, bir az da gücləndirsin. Təəssüf ki, bu olmadığından, Mərkəzi Bank qarşısındakı vəzifələri yerinə yetirməyib”.

Buna da bax: İcra başçısının polis oğlu verdiyi milyonları geri tələb edir​

Nemət Əliyev xarici valyuta ilə aparılan əməliyyatlara diqqəti yönəldərək bildirib ki, son 2-3 ildə 3 dəfədən çox azalma olub.

Onun sözlərinə görə, 2015-ci ildə xarici valyuta ilə əməliyyatlar 12 milyard dollar təşkil edirdisə, bu göstərici 2,5 milyard dollara qədər düşüb:

Nemət Əliyev, 2013
Nemət Əliyev, 2013

“Ona görə belə qaydada manatın tənzimlənməsi heç kəsə lazım deyil. Milli valyutanın məzənnəsini iqtisadi fəallığa təkan verəcəyi şərti ilə qorumaq olar. Əgər Elman Rüstəmovun dediyi ki, manat üçün heç bir təhlükə yoxdursa, o zaman niyə valyutadəyişmə məntəqəqlərinin fəaliyyətini bərpa etmirlər? Düzdür, neftin qiymətində artım müşahidə olunur və Azərbaycan dollar axını güclənib, bu, müəyyən ümidlər verir. Ancaq gedişat manatın məzənnəsinin kifayət qədər sabit olması anlamına gəlmir. Çünki ciddi əsaslar yoxdur”.

Xatırlatma

Azərbaycanda 2015-ci ilin fevral və dekabr aylarında devalvasiyalar baş verib. Nəticədə manat dollar qarşısında 2 dəfə dəyər itirib. Son bir il ərzində isə manatla dolların məzənnəsi sabit qalıb. Hazırda bir dollar bir manat 70 qəpiyə bərabərdir. İkinci devalvasiyadan sonra ölkədəki valyutadəyişmə məntəqəqlərinin fəaliyyəti dayandırılıb.Hazırda valyuta mübadiəsi əsasən bankların daxilində aparılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG