Keçid linkləri

Təcili xəbərlər
2019, 06 Dekabr, Cümə, Bakı vaxtı 22:29

Valideynlər texnologiyadan istifadədə problemə çevrilirsə...


Azyaşlı uşaqların valideynləri gün ərzində telefonlarını orta hesabla 70 dəfə əllərinə götürürlər.

10 ilə yaxındır davam edən mobil texnologiyalar inqilabı valideynləri çoxlu problemlərlə üz-üzə qoyub.

«Telefon dünyada 50 milyon istifadəçini on illər ərzində yığıb. «Pokemon Go» oyunu isə bunu cəmi 2.5 həftə ərzində bacardı. Bu yeniliklər dalğası sanki hamımızı öz ağuşuna alıb», – valideyn, uşaq və yeni media mövzusunda ən tanınmış tədqiqatçılardan biri, xəstələrini Miçiqan Universitetində qəbul edən pediatr Jenny Radesky deyir.

Radesky və digər mütəxəssislər həm övladları, həm də texnologiya ilə münasibətlərini yaxşılaşdırmaq istəyən valideynlərə bəzi əsas məqamlara diqqət yetirməyi tövsiyə edirlər.

Uşaqlarınızla olduğunuz zaman mümkün olduqca telefonu kənara qoyun

Çoxumuz ailə üzvünün yemək masasına telefon, yaxud qulaqcıqla gəlməsini sevmirik. Ancaq telefonlar uşaqlarla ünsiyyətə də eyni dərəcədə mənfi təsir göstərir. Bəzi tədqiqatçılar bu fenomenə ad da qoyublar: «texnomüdaxilə» (technoference).

Radesky-nin bu yaxınlarda işıq üzü görmüş pilot tədqiqatında deyilir ki, azyaşlı uşaqların valideynləri gün ərzində telefonlarını orta hesabla 70 dəfə əllərinə götürürlər. Ancaq həmin araşdırmaya qatılan valideynlərin çoxu həm telefonlarını nə qədər tez-tez götürdükləri, həm də onunla nə qədər vaxt keçirdiklərini düzgün dəyərləndirə bilməyib.

Araşdırmada deyilir ki, telefonun ekranına baxmaq düşüncəsiz olmaqla yanaşı, yetərincə təhlükəli vərdişdir. Valideynlərin diqqətinin yayınması ən azı iki halda ölüm-dirim məsələsinə çevrilir: maşın sürəndə və hovuzun kənarında.

Telefonunuzdan uşağı, yaxud da özünüzü sakitləşdirmək üçün istifadə etməyin

Radesky-nin sözlərinə görə, buna həddindən çox rast gəlinir. Onun araşdırması uşaqların davranış problemləri ilə özləri və valideynlərinin ekran (telefon, kompüter, TV və s.) qarşısında keçirdiyi vaxt arasında ciddi əlaqənin olduğunu üzə çıxarıb.

O, valideynlərin və uşaqların cihazlardan istifadəsi ilə uşaqların emosional problemləri, tutmaları və kürlük etmələri, yaxud da əksinə, özlərinə qapanmaları arasında əlaqəni vurğulayır. Radesky bunu «iki istiqamətli axın» adlandırır. Başqa sözlə, uşaq özünü pis apardıqca, valideyn daha çox stressə düşür və həm özünü, həm də uşağı sakitləşdirmək üçün cihazlardan daha çox istifadə edir. Bu da öz növbəsində yenidən uşaqların davranış problemlərinə yol açır.

Radesky deyir ki, siz hər dəfə çətinə düşəndə telefona əl atanda daha yaxşı valideyn olmaq və gələcəkdə meydana çıxacaq çətin vəziyyətlərin qarşısını almaq imkanını qaçırırsınız.

«Biz uşaqlarımıza yerindəcə kömək etmək və özlərini idarə etməyi öyrətmək üçün daim onları izləməli, dinləməli və məlumat toplamalıyıq», – o deyir.

Tövsiyələr

Telefonda keçirdiyiniz vaxtı izləmək və cihazın işini müəyyən saatlarda bloklamaq üçün «Moment», yaxud «Screen Time» kimi mobil əlavələri işlədin.

Giriş qapısının yanında telefon yükləmə yeri yaradın. Stressli vaxtlarda, məsələn, səhər və axşam telefonu çantanızda saxlayın.

Siqnal və xəbərdarlıqları söndürün ki, telefona nə zaman baxacağınıza özünüz qərar verəsiniz.

Ancaq bəzən telefonu uşaqların yanında da əlimizə almalı oluruq. Bu zaman:

Uşaqlarınızın başının hansısa başqa işə qarışdığı anı gözləyin.

Gördüyünüz işi ucadan səsləndirin: «Gəl havanı yoxlayaq ki, məktəbə nə geyəcəyimizi bilək», yaxud da «gəl anaya deyək, işdən gələndə süd alsın».

Əgər telefondan uşağı sakitləşdirmək üçün istifadə edirsinizsə, özünü sakitləşdirmə üsullarını öyrədən qısa video, yaxud audioları qoşun. Radesky «Sesame Street» verilişindən Elmo «belly breathing» (qarın tənəffüsü) videosunu məsləhət görür. «GoNoodle»da da nisbətən böyük uşaqlar üçün oxşar videolar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG