Rusiyada tanınmış təhlilçi, Kremlin tənqidçisi Valeri Solovey bir neçə saat dindiriləndən sonra azad edilib. Daha öncə isə onun Moskvadakı mənzilində axtarış aparılıb.
Soloveyin vəkili deyib ki, təhlilçi oğlu ilə birlikdə İstintaq Komitəsində bir neçə saatlıq dindirmədən sonra fevralın 16-da axşam buraxılıblar.
Solovey Rusiya hökumətini və Prezident Vladimir Putini tənqid etməsilə tanınır.
Nifrət qızışdırmaq
Rusiyanın RT dövlət televiziyası və Znak.com xəbər vebsaytı mənbələrə istinadla xəbər verirlər ki, ata-oğul nifrəti və ixtilafı qızışdırmaq iddiası üzrə aparılan istintaq çərçivəsində saxlanıblar. Onların kompüterlərinin və digər elektron cihazlarının müsadirə olunduğu bildirilir.
Vəkilin sözlərinə görə, Solovey və oğlu nifrət qızışdırmaq işi üzrə şahid kimi tanınıblar.
Moskvada polis Soloveyin qardaşı oğlu Fyodor Soloveyin evində də axtarış aparıb. Sonuncu hüquq-mühafizə əməkdaşlarının onun kompüterlərini və Ukrayna dilində yazılmış kitablarını müsadirə etdiyini deyib.
Valeri Solovey 2019-cu ilədək nüfuzlu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MGIMO) müəllim kimi çalışıb. Siyasi səbəblərdən işdən çıxdığını deyir.