Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 21:39

Dünyada 5 milyard dozaya yaxın vaksin vurulub


Tayvan
Tayvan

Artıq dünya əhalisinin üçdə birinə COVID-19 vaksininin azı bir dozası vurulub, 25 faizə yaxını isə tam peyvəndlənib

Dünyada COVID-19-a qarşı vaksinasiya başlayandan 9 ay ərzində 5 milyard dozaya yaxın vaksin vurulub.

Avqustun 23-də “Our World Data” portalı 4.93 milyard dozanın vurulduğunu açıqlayıb, bir neçə günə bu rəqəm 5 milyarda çatacaq.

1.4 faiz

Artıq dünya əhalisinin üçdə birinə COVID-19 vaksininin azı bir dozası vurulub, 25 faizə yaxını isə tam peyvəndlənib.

Bir çox vaksinlər ikidozalıdır və bəzi ölkələr artıq üçüncü dozanın vurulmasını tövsiyə edir. Səbəb vaksinin effektinin getdikcə azalması, yüksək yoluxucu delta ştammının yayılmasıdır.

Qitələr arasında və bir ölkənin gəlir səviyyəsinə uyğun olaraq vaksinlərə çıxışda böyük fərqlər yaranıb.

Vaksin ehtiyatı əsasən yüksək və orta gəlirli ölkələrdə yığılıb, azgəlirli ölkələrin əhalisinin cəmi 1.4 faizinə peyvəndin azı bir dozası vurulub.

Afrika

Afrikanın bir çox ölkələrində əhalinin 1 faizindən də azı peyvəndlənib, bəzilərində vaksinasiya heç başlanmayıb.

Dünya Səhiyyə Təşkilatı bildirir ki, pandemiyaya son qoymaqdan ötrü azgəlirli ölkələrin vaksinlərə çıxış əldə etməsi vacibdir.

Ekspertlər kütləvi immunitetin əldə olunması, həyatın normal tempə qayıtması üçün bir ölkədə əhalinin 80 faizə yaxınının peyvəndlənməsini vacib sayırlar.

Hazırda dünyada günə cəmi 34.25 milyon doza vaksin vurulur. Bu templə planetdə kütləvi immunitetin əldə olunmasına hələ çox var.

Üstəlik, peyvənd olunanlar arasında da yüngül formada yoluxmalar baş verir. Amma hospitalizasiya və ölüm halları əsasən peyvənd olunmayanları əhatələyir. Peyvənd olunanların, amma xəstələnənlərin də virusu yaya bildiyi bildirilir.

İsrail

İsrail əhalisini Pfizer dozaları ilə vaksinlənməsində önə çıxmışdı. Amma iyundan ölkə delta ştammı ilə mübarizə aparır və hazırda adambaşına yoluxmaya görə öncül yerlərdədir. Səhiyyə Nazirliyi yaşlılar, eləcə də nisbətən cavanlar arasında vaksin qorumasının zamanla zəiflədiyini bildirir.

Vaksinin effektinin azalmasına dair Birləşmiş Ştatlarda da oxşar data mövcuddur.

Epidemioloqlar vaksinin delta ştammına görə, yoxsa zaman keçdikcə təsiri azaldığından zəif nəticə göstərməsindən əmin deyillər.

Artıq İsraildə üçüncü dozaların vurulmasına başlanıb. Səhiyyə Nazirliyinin avqustun 22-də bildirməsinə görə, üçüncü doza yoluxmalara və xəstəliyin ağırlaşmasına ciddi təsir göstərib.

Birləşmiş Ştatlar, Kanada, Fransa, Almaniya, bir sıra digər ölkələr də buster kampaniyaları planlarını açıqlayıblar. DST isə buster dozaları peyvənd olunmayanlara çatdırmağı vacib sayır.

XS
SM
MD
LG