Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:12

Vahid Əhmədov: ‘Mingəçevir İES-də əvvəllər də problem olub’


Vahid Əhmədov
Vahid Əhmədov

“Mingəçevir İstilik Elektrik Stansiyası (MİES) ciddi bir yerdir, anbar olan yerdir, orda əvvəllər də problemlər olub, hətta çatlar da olub... Ona görə də bu cür mərkəzi yerləri diqqət mərkəzində saxlamaq lazımdır”.

Deputat Vahid Əhmədov AzadlıqRadiosu-na müsahibəsində belə deyir.

Vahid müəllim, iyulun 3-də ölkə elektriksiz qaldı. Sizcə, nə baş verib?

Bəlkə də son 50-60 ildə belə istilər olmayıb. Mən özüm dünən, srağagün Qubada idim, 46 dərəcə isti vardı. Mənə elə gəlir, belə istilərdə bu cür hadisələr ola bilər. Dünyanın bütün ölkələrində, ABŞ kimi ölkədə də belə hadisələr baş verir. Ona görə də bunu şişirtməyin tərəfdarı deyiləm. Amma hadisə baş veribsə, deməli, bunun qarşısı alınmalıdır ki, bir də təkrarlanmasın. Bunun üçün müəyyən tədbirlər görülməlidir. Əhali işığın, suyun olmamasından çox əziyyət çəkir. Bu gün yenə bəzi yerlərdə su yoxdur. Motorlarda fəsadlar olub, ona görə suyun verilməsində problemlər yaranır. Amma ümumi götürəndə hadisədir baş verib, dövlət başçısı Yaqub Eyyubovun başçılığı altında xüsusi komissiya yaradıb. Komissiya işləyir, birinci iclası keçirilib. Dövlət Təhlükəsizlik Xidməti, Daxili İşlər Nazirliyi, prokurorluq orqanları cəlb edilib, araşdırırlar. Yəqin günahı olan məsuliyyətə cəlb ediləcək.

Son 15 ildə bu sahəyə 5 milyard manat vəsait yatırıldığı deyilir. Bu qədər vəsait qoyulan enerji sektorunda belə qəzanın, fövqəladə durumun yaranması nə qədər məntiqlidir?

Mən də oxudum o informasiyanı. Sərmayə qoyulub. Amma bir vaxt vardı Azərbaycanda işığı iki saat, üç saat verir, sonra kəsirdilər. İndi elə problem yoxdur, 24 saat işıq yanır. Bu da əlavə stansiyaların tikilməsi hesabına başa gəlib. Ona görə bu yanaşmayla razılaşa bilmərəm. Yəni 10 il qabaqla indiki vəziyyət tam başqadır. Sərmayənin qoyulub-qoyulmamasında ola bilər problemlər olub. Ancaq fakt budur ki, 24 saat işıq olur.

Mütəxəssilər də deyirlər ki, ölkədə yetərincə elektrik enerjisi istehsal edilir, sadəcə, onun paylanmasında problem var...

Biz hətta Gürcüstana işıq veririrk. Lazım olanda Rusiyaya veririk, Rusiyadan götürürük və s. Belə mübadilələr o vaxtdan aparılır. Mən 1993-cü ildə baş nazirin birinci müavini olanda bu sahəylə yaxından tanışlığım vardı. Ona görə də belə hadisələr ola bilər. Əlbəttə, çalışmaq lazımdır ki, olmasın. Görünür, temperaturun yüksəlməsinə hazırlıq işləri zəif aparılıb. Ola bilər qızma nəticəsində qısa qapanma baş verib, məftildə ərimə gedib və sair...

Sizcə nə etmək lazım idi ki, bu hadisə baş verməsin?

“Azərenerji” son vaxtlar elektrik enerjisinin təminatı istiqamətində çox işlər görüb. Bunu görməmək mümkün deyil. Ancaq Mingəçevir İstilik Elektrik Stansiyası ciddi yerdir, anbar olan yerdir, orda əvvəllər də problemlər olub, hətta çatlar da olub... Ona görə də bu cür mərkəzi yerləri diqqət mərkəzində saxlamaq lazımdır. Mütəmadi araşdırmalar aparmaq lazımdır, yəni baxmaq lazımdır ki, problem yaranmasın. Həm də biz müharibə aparan dövlətik. Bu cür zonalara xüsusi diqqət verməliyik.

Yeri gəlmişkən, elektrik enerjisinin ikinci dəfə kəsilməsi sosial mediada müəyyən ehtimallara yol açdı ki, bəlkə bu təxribatdır və ya hansısa qüvvələrin işidir. Siz bu ehtimalları nə dərəcədə əsaslı sayırsınız?

Hər şey ola bilər, heç bir versiyanı istisna etmək olmaz. Son vaxtlar qonşu Ermənistanda yaranan kritik vəziyyət, Azərbaycan dövlətinin mövqe üstünlüyü, Rusiya kimi dövlətin mövqeyinin dəyişməsi və sair kimi hallar təsiredici amildir. Həmişə çalışmışıq ki, düşmən tərəfindən belə təxribatlar törədilməsin. Dilində düşmən deyirsən, hər şey gözləmək olar. Ancaq mən daha çox meylliyəm ki, bu hadisələr məhz istidən baş verib, səbəb qısaqapanmalar ola bilər. Komissiya, hüquq-mühafizə orqanları işləyir. Yəqin müəyyən nəticələrə gələcəklər.

Siz sərnişinlərin metroda qalmasını necə qarşıladınız? Orda generatorlar işləməli deyildi?

Mən həmişə onun tərəfdarı olmuşam ki, strateji obyektlərdə alternativ elektrik enerjisi olmalıdır. Yəni bu halda hər hansı hadisə baş verərsə, alternativ mənbədən istifadə etməklə problemdən qaçmaq olar. Həmin sistemə keçmək lazımdır. Baxıram, son illər yeni tikilən mənzillərdə alternativ enerji mənbələri olur ki, işıq kəsilsə də, heç olmasa, lift işləsin, bloklar qaranlıq olmasın, yəni bunu strateji obyektlərdə mütləq etmək lazımdır.

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə ölkənin böyük bir ərazisi elektriksiz qalıb.

Rəsmi məlumatda həmin vaxt Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji bloklarında partlayış baş verdiyi bildirilir.

İyulun 3-də səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişi tədricən bərpa edilsə də, saat təxminən 18-45 radələrində paytaxt və ölkənin bir çox hissələrində yenidən elektik kəsilib.

Sərnişinlər Bakı metrosunda tuneldə qalıblar.

Yalnız gecə saatlarında Bakıda və bölgələrdə elektirikin verilişi nisbətən bərpa edilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG