Keçid linkləri

Təcili xəbərlər
2023, 02 Dekabr, şənbə, Bakı vaxtı 10:12

Vahid Əhmədov: 'Biz uşaq pullarının bərpasının tərəfdarıyıq'


Azərbaycan manatı
Azərbaycan manatı

Sentyabrın 1-dən Azərbaycanda minimum əməkhaqqı 250 manata olacaq. İyunun 18-də prezident İlham Əliyev minimum əməkhaqqının 180 manatdan 250 manata qaldırılması ilə bağlı sərəncam imzalayıb. Bununla yanaşı müəllimlərin 20, bəzi güc orqanlarında çalışanların 40, Mərkəzi Seçki Komissiyası (MSK) üzvlərinin isə maaşları da 50 faiz artırılıb. Minimum əməkhaqqı, müavinət və təqaüdlər sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı.

Amma dəfələrlə Milli Məclisdə bəzi deputatlar və müstəqil ekspretlər aylıq uşaq müavinətlərin verilməsinin bərpasını gündəmə gətirsələr də, bu barədə hər hansı yenlik yoxdur.

Bununla belə deputat Vahid Əhmədov deyir ki, uşaq pullarının bərpası gündəmdədir:

“Ancaq necə qəbul ediləcək, yaxud hansı sistem əsas götürüləcək, bu, artıq hesablamalardan asılıdır”.

"Mən bir daha deyirəm..."

Vahid Əhmədov, Baku, 13 aprel 2012
Vahid Əhmədov, Baku, 13 aprel 2012

​Vahid Əhmədov onlara uşaq pullarının bərpası haqqında müraciətlərin olduğunu və qanunverici orqanda məsələni qaldırdıqlarını xatırladır:

“Bizə aylıq uşaq pullarının bərpa edilməsi barədə müraciət edirlər. Səhv etmirəmsə, yanvar-fevral aylarında prezident doğulan uşaqlara birdəfəlik yardımın artırılması haqqında sərəncam imzaladı ( Bu il aprelin 1-dən həmin birdəfəlik məbləğ təqribən 2 dəfə artırılaraq 200 manata çatdırılıb-red). Biz bunun da az olduğunu düşünürük, uşaqların ehtiyacını qarşılamaq, sağlam böyüməsi üçün uşaq pulunu bərpa etmək lazımdır. Amma neçə yaşa qədər uşaq pulu verilməlidir, o artıq prosedur məsələlər olduğundan, müzakirə edilməlidir. Mən bir daha deyirəm, biz uşaq pullarının bərpasının tərəfdarıyıq”.

Deputat güman edir ki, hökumətdə bununla bağlı müəyyən təcrübələr öyrənilir:

“Eyni zamanda, iqtisadi tərəfinə baxılır ki, bunun üçün nə qədər məbləğə ehtiyac var. Yəni məsələ gündəmdədir”

Vahid Əhmədov daha sonra da deyib:

“Amma mən hər hansı ölkənin təcrübəsinin tətbiqinin tərəfdarı olmamışam. Azərbaycan müstəqil dövlətdir, əgər insanların bu tələbatı varsa, uşaqların pormal, sağlam böyüməsini istəyirksə, bunu etmək lazımdır”.

“Hökumət neçə müddətdir bu məsələni arxa plana keçirdib”​

Nemət Əliyev, 2013
Nemət Əliyev, 2013

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) İqtisadiyyat komissiyasının sədri Nemət Əliyev isə vurğulayıb ki, 18 iyun sərəncamları uşaqlara aylıq müavinətlərin verilməsi ilə müqayisədə az vəsait tələb edir:

“Həm də nəzərə almaq lazımdır ki, 18 iyunda əsasən güc strukturlarında çalışanların əməkhaqqı artdı. Təsəvvür edin ki, 19 ildir seçkilərin saxtalaşdırıldığı ATƏT hesabatlarında qeyd edir və 18 iyunda MSK üzvlərinin maaşı 50 faizin üzərində artırıldı. Ümumiyyətlə, hökimətin əməkhaqqı siyasati əvvəldən yanlış olub. Xüsusən indiki dövrdə hökumət aztəminatlı əhalinin maaşlarını artırmalıydı. Uşaq pulunun bərpası bütün ailələrə təsir edə bilərdi. Ancaq hökumət neçə müddətdir bu məsələni arxa plana keçirdib. Minimum əməkhaqqının artırılması xalqın maraqlarını təmin etməkdən daha çox büdcəyə daha çox vəsaitin daxil olması məqsədi güdülür”.

N.Əliyev xatırladıb ki, minimum maaş ilin əvvəlində 130 manat olub.Onun deməsinə görə, martın 1-də minimum əməkhaqqı 180 manata qaldırarkən ortaya çox rüsvayçı mənzərə çıxıb:

“Bəlli oldu ki, rəsmən daimi əməkhaqqı alanların 1 milyon 580 min nəfərinin 600 mini 76 dollar, 130 manat alırmış. İndi də aydınlaşdı ki, minimum əməkhaqqının səviyyəsi 250 manata qaldırılıb, amma bunun təsir edəcəyi çevrə 950 min nəfəri əhatə edir. Təsəvvür edin, rəsmən daimi əmək haqqı alanların sayı 1 milyon 580 min nəfərdir, bunların da 950 min nəfəri 250 manat alacaq. Deməli, rəsmən əməkhaqqı alanların 60 faizinin maaşı 250 manatdır”.

"Problem ondadır ki..."

Nemət Əliyev sonda da deyib:

“Problem ondadır ki, maaşların bu qədər artırılması böyük bahalaşma riski yaradır. Hesablamalarımız görə, daxili bazarlarda idxalın çəkisinin artması nəticəsində yerli malların ticarət dövriyyəsi kəskin azalıb. Bəlkə yerli istehsalı inkişaf etdirmək hesabına daxili bazarlara əlavə mal kütləsi çxıartmaqla qiymətlərin səviyyəsini aşağı salmaq olardı. Təəssüf ki, yerli istehsalda durum bərbad olduğundan bunu etmək mümkün deyil. Hətta yerli istehsalçılarımız yanvar-apreldə 2,1 milyard manat gəlir itkisinə məruz qalıblar. Deməli, bahalaşma prosesi davamlı və artan xarakter alacaq, bu mənada 250 manat artım nəyə yarayacaq sualı gündəmə gəlir”.

Azərbaycan rəsmiləri isə minimum əməkhaqlarının və bəzi sahələrdə maaşların artırılmasının inqlabi “ sosial paket” adlandırırlar.Onlar hesab edirlər ki, maaş artımı ciddi inflyasiya ilə də nətcələnməyəcək.Üstəlik, rəsmilər Azərbaycanda seçkilərin saxtalaşdırıldığı ilə də bağlı fikir və tənqidləri qəbul etmirlər.Onların deməsinə görə, MSK-nın keçirdiyi seçkilər beynəlxalq standartlara cavab verir.

Xatırlatma

Azərbaycanda 2006-cı ildə - ünvanlı sosial yardım sisteminin tətbiqi ilə uşaqlara aylıq müavinətin verilməsi dayandırılıb. Son illər sosial müavinət alan aillələrin sayında da kəskin azalma olduğu bildirilir.

Təkcə son iki ildə 100 mindən çox ailənin sosial müavinətinin dayandırıldığı qeyd edilir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin hesablamasına görə, hazırda ölkədə 17 yaşınadək olan uşaqların sayı 2 milyon 614 min nəfərdir.

Bəs bu uşaqların nə qədəri yoxsul ailədə böyüyür?

Rəsmi statistikaya görə, yoxsulluq cəmi beş faizdir, müstəqil iqtisadçılar isə bu rəqəmin daha böyük olduğunu deyirlər.

XS
SM
MD
LG