AzadlıqRadiosu Erməni xidməti Azatutyun xəbər verir ki, iyunun 25-də həbs edilmiş dövlət mühafizə xidməti rəisinin birinci müavini, keçmiş prezident Serj Sarkisyanın mühafizə rəisi Vachagan Ghazaryana qarşı rəsmi ittiham irəli sürülüb.
Ghazaryana qarşı iyunun 27-də elan edilmiş ittihamnaməyə görə o qanunsuz varlanmada, əmlakı haqqında yalan bəyannamə verməkdə və bəyan edilməli olan əmlakı gizlətməkdə günahlandırılır.
Ermənistan Xüsusi İstintaq Xidmətinin müstəntiqləri Ghazaryan barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün iddia qaldırıblar.
Müstəntiqlərin verdikləri məlumata görə iyunun 20-də Ghazaryanın evində aparılmış axtarış nəticəsində 35 milyon dram (72 min 602 dollar), 1 milyon 110 min 400 dollar, 230 min avro aşkar edilib.
Bu da xəbər verilir ki, iyunun 25-də saxlanmazdan az əvvəl Ghazaryan Ardşinbankdakı hesabından 50 min dollar, Unibank-dan 120 min dollar və 453 milyon dram çıxarıb.
Vachagan Ghazaryan Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini vəzifəsindən mayın 17-də baş nazir Nikol Pashinian-ın sərəncamı ilə azad edilib.
Səlahiyyətlərinin dayandırılması ərəfəsində Ghazaryan bəyan etmişdi ki, onun 7 vahid şəxsi əmlakı – bir ədəd Range Rover avtomobili, 11 milyon dram, 9500 dollar, 12500 avro pulu var.
Ghazaryanın arvadı Ruzanna Beglyaryan ərinin vəzifədən azad edilməsindən sonra 25 milyon dramı, 29 min dolları və 17400 avrosu olduğunu bəyan etmişdi.
Vachagan Ghazaryana qarşı irəli sürülmüş ittihamlara görə onu 3 ildən 6 ilədək həbsxana cəzası gözləyə bilər.