Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:11

Vəzifəli məmurlar gəlirlərini niyə bəyan etmirlər?


İlham Əliyevin islahat açıqlaması: Gənc məmurlara kimlər problem yaradır?
Gözlə

No media source currently available

0:00 0:15:04 0:00

İlham Əliyevin islahat açıqlaması: Gənc məmurlara kimlər problem yaradır?

Nazirlər Kabineti 3 aya görməli olduğu işi az qala 15 ildir icra eləmir. Söhbət 2005-ci ildə təsdiqlənmiş “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi” qaydalarından gedir.

Həmin qaydalara görə, hər ilin əvvəlində yüksək vəzifəli məmurlar ildə bir dəfə gəlir və əmlaklarını bəyan eləməlidirlər. Digəl ki, 14 ildən çoxdur Nazirlər Kabineti bəyannamə formasının hazırlanması ilə bağlı prezidentin verdiyi tapşırığa əməl etmir. Niyəsini Nazirlər Kabinetindən öyrənmək cəhdlərimiz isə alınmadı.

Hökumətin tənqidçiləri bu qanunun məhz məmurların maraqlarına toxunduğundan icrasız qaldığını deyirlər.

Parlamentin Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Zahid Oruc isə bu cür fikirlərlə razılaşmır. Deyir ki, Azərbaycan hökuməti ən optimal mexanizmlərin üzərində işləyir:

“Qanunun icraya yönəlməsi üçün mexanizmlərin yaradılması istənilirdi. Amma bu baş vermədiyindən bu tələbin icrası yubanır. Təəssüfləndiricidir ki, bu halı bəzi qüvvələr hakimiyyət əleyhinə çevirməyə çalışırlar. Konkret elə məmurların özlərinin maraqlarına toxunduğu üçün bu qanunun icra olunmadığı bildirilir. Amma belə fikirlərin heç bir əsası yoxdur, qətiyyən belə deyil. Sadəcə olaraq, optimal bir mexanizmi işləyib, hazırlamaq üçün konsensium tapılmayıb. Lakin düşünürəm ki, hökumətin bu məsələdə ali iradəsi var, və burada heç bir siyasi amil yoxdur”.

2005-ci ildən bu yana icrasız qalan qaydalara görə, prezident, parlamentin sədri, millət vəkilləri, baş nazir, nazirlər və komitə sədrləri, müavinlər, baş prokuror, Prezident Administrasiyasının şöbə müdirləri və digərləri, eləcə də onların ailə üzvləri öz gəlir və əmlaklarını bəyan etməlidirlər. Bu zaman orta aylıq maaşı 2-3 min manat civarında olan hansısa bir məmurun malik olduğu sərvəti necə əldə etməsi şübhələrə yol açacaq. Məmur bu gəliri necə əldə etdiyini bildirməli olacaq.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Sizcə, məmurlar niyə öz gəlirlərini açıqlamırlar?
Gözlə

No media source currently available

0:00 0:01:07 0:00

Keçmiş millət vəkili, iqtisadçı ekspert Nazim Bəydəmirli isə hesab edir ki, məmurlar vəzifəyə pul qazanmaq yeri kimi baxır. Onlar öz gəlirlərini açıqlasalar, bu qədər pulu necə əldə etmələrini izah etməli olacaqlar. Bu da onlara sərf etmir.

Ekspertin sözlərinə görə, zaman-zaman müxtəlif beynəlxalq jurnalistika təşkilatları Azərbaycanın yüksək vəzifəli şəxslərinin, onların ailə üzvlərinin xaricdə alınan mülklərindən, məmur övladlarının bahalı avtomobillərindən, dəbdəbəli istirahətlərindən, dəyəri milyonlarla dollarla ölçülən qol saatlarından yazır. O, düşünür ki, bu yazılar ictimaiyyətdə xeyli suallar yaradır:

“Əgər məmur vəzifəyə qəbul olunduğu zaman və işlədiyi müddətdə gəlir və əmlak deklarasiyası versəydi, ictimaiyyət, o cümlədən də jurnalistlər bu suallara cavab tapmış olardı. Bu qədər pulun hardan qazanıldığını izləyə bilərdilər. Düşünürəm ki, Azərbaycanda məmurlar dövlət vəzifəsinə qazanc mənbəyi kimi baxır, haqsız varlanmaya yol verirlər. Bununla da korrupsiya və rüşvətin daha da çiçəklənməsinə şərait yaradırlar”.

Nazim Bəydəmirli hesab edir ki, hökumət korrupsiya ilə mübarizəni gücləndirmək istəyirsə, “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi” qaydalarının tətbiqinə başlamalıdır.

Azərbaycanın Seçki Məcəlləsinə görə hər bir namizəd əmlakı, gəlirlərinin miqdarı və mənbələri barədə məlumatı Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Bu bəyannamə seçkilərin təyin edildiyi gündən əvvəlki bir illik dövrü əhatə etməlidir.

Amma Mərkəzi Seçki Komissiyasının keçmiş üzvü, Demokratik Təşəbbüslərə Yardım təşkilatının rəhbəri Akif Qurbanlı deyir ki, birmənalı olaraq, özəlliklə, hakim partiyadan olan namizədin bəyannəmələri əlçatımlı deyil:

“Mən bir qədər israr etdikdən sonra bəzi sənədlərə çıxış imkanı əldə edə bilirdim. Amma bu bütün sənədlərə aid deyil. Onlardan biri də bütün namizədlərin, özəlliklə də hakim partiyanın namizədinin əmlak və gəlirləri ilə bağlı sənədlərə. Ötən prezident seçkilərində komissiya üzvü olaraq mən də məsələ qaldırmışdım. Milli Şuranın sədri Cəmil Həsənli də MSK-dan bu məlumatları istəmişdi. Təəssüflər olsun ki, MSK tərəflərə bu haqda məlumat verməmişdi”.

Akif Qurbanov əlavə edir ki, dünyanın bir çox ölkələrində öz seçiciləri qarşısında hesabatlı olan namizədlər gəlir və əmlaklarını açıqlayır. Hətta Rusiya prezidenti Vladimir Putin də vaxtaşırı öz gəlir və əmlakı haqda məlumatı ictimaiyyətə açıqlayır. Düzdür, onun bütün sərvətini açıqlamamaqda qınayanlar var. Amma Azərbaycanda ümumiyyətlə belə bir təcrübə yoxdur.

2018-ci il prezident seçkiləri zamanı Demokratik Rifah Hərəkatı Mərkəzi Seçki Komissiyasından bu məlumatları istəmişdi. Amma hələ də bu müraciətinə cavab almayıb.

Mərkəzi Seçki Komissiyası bildirir ki, bütün namizədlər bu məlumatları qanunvericiliyə uyğun onlara təqdim edir. Amma namizədlərin özləri istəsələr, ictimaiyyətə açıqlaya bilərlər, Mərkəzi Seçki Komissiyasının isə belə bir səlahiyyəti yoxdur.

Bəzi müstəqil ekspertlər hesab edirlər ki, hətta 2005-ci ildən icrasız qalan “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi” qaydaların qüvvəyə minsə oxşar hal təkrarlana bilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG