Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:02

Vətəndaş cəmiyyəti amnistiya ilə bağlı kampaniyaya başlayıb


Azərbaycanda vətəndaş cəmiyyətinin üzvləri COVID-19 pandemiyası dövründə amnistiya aktının qəbulu və əfv sərəncamının verilməsi ilə bağlı imzatoplama kampaniyasına başlayıblar.

Onlar prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Müraciətdə deyilir ki, COVID-19 pandemiyasının yaratdığı tibbi böhran istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində saxlanılan insanlar üçün daha acınacaqlı fəsadlara səbəb ola bilər:

"Mövcud ağır şərait cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin həyati təhlükəsizliyi və sağlamlıq hüququnun qorunması üçün amnistiya aktının qəbul edilməsini müstəsna zərurət kimi önə çəkir".

Müraciətdə qeyd olunur ki, penitensiar müəssisələrdə koronavirusa yoluxma olacağı halda xəstəliyin zəncirvari yayılmasının qarşısını almaq çox çətindir və fəsadları ağır ola bilər.

Təklif olunur ki, amnistiya və ya əfv sərəncamı böyük ictimai təhlükə törətməyən cinayətlərə görə təqsirləndirilən və ya məhkum edilmişləri, azadlıqdan məhrumetmə cəzasından fərqli cəza çəkənləri (müəyyən istisnalarla), azadlıqdan şərti olaraq 3 ilə qədər müddətə məhrum edilənləri, az ağır cinayətlərə görə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi iki ildən artıq olmayan və cəzasının azı yarısını çəkmiş şəxsləri, qadınları, yetkinlik yaşına çatmayanları, müharibə veteranları və yaşı 60-dan yuxarı olan şəxsləri əhatə etsin.

Həmçinin “siyasi motivlərlə” həbs olunmuş şəxslərin adlarının da əfv siyahısına salınması istənilir.

Prezident istəsə...

Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Fazil Mustafa Turana bildirib ki, hazırda amnistiya aktının qəbul olunması real görünmür:

"İndi parlament buraxılıb və yenidən öz fəaliyyətinə oktyabrda başlayacaq. Ona görə də bu, bir az real görünmür, amma əfv fərmanları ilə bu prosesi gerçəkləşdirmək olar. Prezident birbaşa öz fərmanı ilə pandemiya dövründə müəyyən problemləri olan insanların əfvini təmin edə bilər".

Deputat pandemiya dövründə bir qrup məhbusun artıq azadığa buraxıldığını xatırladır:

"Pandemiyanın ilk dövründə prezident tərəfindən 65 yaşından yuxarı olan insanların cəzaları ya yüngüləşdirildi, ya da cəza çəkməkdən azad olundu. Bu da xəstəlik riski ilə bağlı məsələ olduğuna görə gerçəkləşdirildi”.

Fazil Mustafa deyir ki, əfv sərəncamının imzalanması prezidentin müstəsna səlahiyyətindədir və dövlət başçısı məqsədəuyğun sayarsa, həyata keçirilə bilər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG