Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:55

Vəkil zorakılığa məruz qaldığını deyir


Vəkil Nemət Kərimli
Vəkil Nemət Kərimli

Vəkil Nemət Kərimli bu gün, sentyabrın 20-də Ədliyyə Nazirliyin Penitensiar Xidmətinin 16 saylı cəzaçəkmə müəssisəsində kobud davranışıyla üzləşdiyini bildirib.

"Səhər cəzaçəkmə müəssisəsinə jurnalist Əfqan Muxtarlı ilə görüşə getdim. Çox gözlətdilər, sonra üzərimdə axtarış aparacaqlarını bildirdilər. Bu qanunsuz olsa da, razılaşdım. Ayaqqabımın içini, corablara qədər axtardılar. Görüşdən çıxarkən yenidən üzərimdə axtarış aparmaq istədilər. Qərar tələb etdim, fikir vermədilər".

“Məni təxminən 45-50 dəqiqə otaqların birində girov saxladılar”

Nemət Kərimlinin sözlərinə görə, qərar tələb etdikdən sonra özünü rəis müavini kimi təqdim edən şəxs də axtarışda iştirak edib:

"Mənim qeydlərimi oxumaq istədilər, icazə vermədim. Həmin şəxs müdaxilə etdi və məni rəisin yanına aparmaq istədi, imtina etdim. O isə köynəyimin yaxasından dartdı, divara tərəf möhkəm itələdi. “Sən kimsən? sənə göstərərəm, kimə istəsən şikayət et” deyərək qışqıra-qışqıra əlimdəki çantanı zorla aldı, içərisindəkiləri stolun üstünə tökdü, şəxsi qeydlərimi götürüb oxudu. Sonra rəisə mərüzə etdi və sənədləri onun yanına apardı. Məni təxminən 45-50 dəqiqə otaqların birində girov saxladılar. Sonradan sənədlərimi verib, yola saldılar".

Vəkil olayla bağlı Penitensiar Xidmətə şikayət edəcəyini bildirib.

“Turan” agentliyinin xəbərinə görə, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə bildirib ki, məsələdən xəbəri yoxdur:

"Vəkil belə bir hadisənin olduğunu iddia edirsə, rəsmi şəkildə Penitensiar Xidmətə müraciət etsin".

Məsələyə, hələlik, Vəkillər Kollegiyasından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2018-ci ilin aprelin 23-də Nemət Kərimli və Əsabəli Mustafayevin vəkillik fəaliyyəti bir illiyə dayandırılmışdı. Vəkillər Kollegiyasının Rəyasət Heyəti bununla bağlı qərar vermişdi.

Hər iki şəxsin vəkillik fəaliyyəti Baş Prokurorluğun təqdimatı ilə dayandırılmışdı.

Son illər Azərbaycanda bir sıra vəkillərin fəaliyyəti müvəqqəti, ya da müddətsiz dayandırılıb.

Onların bəziləri müxalif siyasətçiləri, müstəqil jurnalistləri müdafiə edən şəxslər olub.

Həmin şəxslər bunu əsasən müstəqil vəkillərin sıradan çıxarılması kimi dəyərləndiriblər.

Vəkillər Kollegiyasının rəhbəri isə əksinə onları qanunverciliyin tələblərini pozmaqda günahlandırıb.

Nemət Kərimli 6 il həbs cəzası alan jurnalist Əfqan Muxtarlının vəkilidir.

Əfqan Muxtarlı isə qaçaqmalçılıqda, sərhədi qanunsuz keçməkdə və hakimiyyət nümayəndəsinə zor tətbiq etməkdə ittiham olunaraq 2017-ci ildə həbs edilib.

O ittihamları qurama sayır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG