Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:24

‘Atasının vəzifəsindən istifadə edib əsgərlikdən yayınıb bu adam...’


"Atası vəzifədə olanda burdan pulları göndərirdi, o da Moskvada bizneslə məşğul olurdu. Atasının həbsindən sonra pullar kəsilib, bunun da işi qurtarıb. İndi də işsizdir. Atasının vəzifəsindən sui-istifadə edib, əsgərlikdən yayınıb bu adam. İndi mənə böhtan atır", – vəkil Məmmədvəli Cəfərov bunları 2008-ci ilə qədər Qaradağın icra başçısının birinci müavini, ondan sonra 2012-ci ilə qədər bu rayonun Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəhbəri olmuş Rəhman Yusifovun oğlu Rəşad Yusifov haqqında deyib.

Rəşad Yusifovun şikayəti əsasında CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə məhkəmə önünə çıxarılan vəkil Ali Məhkəməyə rüşvət vermək adıyla 150 min manat almaqda ittiham olunur. İddia edilir ki, rüşvətə görə 5 il həbs cəzası almış Rəhman Yusifov bu məbləğə Ali Məhkəmə vasitəsilə azadlığa buraxılacaqdı.

"Deyirdi ki, Gürcüstanda keçirilən poker yarışında 7-ci yeri tutub"

Ancaq Məmmədvəli Cəfərov ittihamı rədd edir, ona böhtan atıldığını deyir.

Aprelin 16-da məhkəmədə ifadə verən vəkil bildirir ki, Rəhman Yusifova rüşvət ittihamıyla onsuz da aşağı cəza verilmişdi, onun ümumiyyətlə, azadlığa çıxması isə mümkün deyildi:

"Bunu oğluna da demişdim. Mənimlə vəkil kimi müqavilə bağlayanda cəmi 500 manat pul verdi, atasına isə 2 min manat demişdi. Sonra gəldi ki, atasından qalma pullarla bizneslə məşğul olmaq istəyir. Dövlət Gömrük Komitəsinin Mərkəzi Aparatında çalışan Möhübbət Əhmədov adlı tanışım var idi. Onunla siqaret biznesi barədə razılığa gəldilər".

Təqsirləndirilən vəkil deyir ki, biznesdən ötrü 100 min manat pul verilib, onun da 91 mini qaytarılıb. Məmmədvəli Cəfərov hesab edir ki, Rəşad atasının pulunu dağıdıb, indi də öz canını qurtarmaq üçün ona böhtan atır:

"Rəşad bir dəfə məndən və Möhübbətdən 3 min manat borc pul istədi. Dedi ki, qumarda uduzub. Mənə deyirdi ki, Gürcüstanda keçirilən poker yarışında 7-ci yeri tutub. Bu işdə bir dostu ifadə verdi, guya Rəşad ondan borc alıb mənə verib. Həmin şəxs özü qanunsuz qumarxana saxladığına görə həbsdədir".

Rəhman və Rəşad Yusifovlar isə vəkilin yalan danışdığını, onlardan 150 min manatın Ali Məhkəməyə vermək adıyla alındığını və bu pulun təxminən 65 min manatının qaytarıldığını deyirlər.

Vəkil Məmmədvəli Cəfərov vaxtilə baş prokurorun müavini olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG