Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 09:12

Vəfa Məmmədova: 'İlqar əvvəl-axır bəraət alacaq'


İ.Məmmədov

«İlqar əvvəl-axır bəraət alacaq». 5 ildir həbsdə olan, Avropa İnsan Haqları Məhkəməsinin azadlığa çıxmasını tələb etdiyi REAL Partiyasının sədri İlqar Məmmədovun həyat yoldaşı Vəfa Məmmədova belə deyir. O, AzadlıqRadiosuna müsahibəsində həyat yoldaşının azadlığa çıxacağına inamını dilə gətirir.

Məsələ bundadır ki, iyunun 5-də Avropa İnsan Haqları Məhkəməsinin İ.Məmmədovla bağlı çıxardığı ikinci qərarın icra müddəti başa çatır. Qərar 3 ay ərzində icra edilməli idi. Bir gözlənti Ali Məhkəmənin Plenumunun REAL sədri ilə bağlı aşağı məhkəmələrin hökm və qərarlarını ləğv edəcəyi, onun azadlığa çıxacağı idi. Amma Ali Məhkəmədən hələ də soraq yoxdur. V.Məmmədova danışır:

- İyunun 5-dək Azərbaycan hakimiyyətinə vaxt qoyulub. Üç ay ərzində Avropa İnsan Haqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarına Ali Məhkəmənin plenumunda baxılmalı idi. Qanunla onun haqqındakı aşağı instansiya məhkəmələrinin qərarları ləğv olunmalı, İlqar bəraət almalıdır və ya başqa addımlar atılmalıdır. Artıq bu gün ayın 4-dür (müsahibə ayın 4-də götürülüb – A.R.), amma hələlik bizə hər hansı addımın atılması haqda məlumat verilməyib.

- Ali Məhkəmənin Plenumu iyunun 5-də də bu məsələyə baxmasa...

- Deməli, bu qərarı da yerinə yetirməkdən imtina edirlər. Səbəbi də açıq-aşkar ortadadır. Bunlar İlqarı azadlığa buraxmaq istəmirlər. Baxmayaraq ki, hüquqi baxımdan İlqar azadlıqda olmalıdır, hələ də onu qanunsuz şəkildə həbsdə saxlamaqda davam edirlər.

- Son illərdə hökumətlə Avropa İnsan Haqları Məhkəməsi arasında baş verənlərdən (hökumət məhkəmənin bundan öncə İlqar Məmmədovla bağlı çıxardığı qərarları yerinə yetirməyib – red.) sonra Ali Məhkəmənin Plenumundan müsbət qərar gözləyirsinizmi?

- Ümid var, əlbəttə. Baxılmaması mümkün deyil. Buna baxılmalıdır. Avropa Məhkəməsinin qərarı var və o yerinə yetirilməlidir. İndiyə qədər Avropa Məhkəməsinin birinci qərarıyla bağlı səbəb kimi onu göstərirdilər ki, iradlar istintaq dövrünə aiddir, Azərbaycandakı məhkəmələrin hökmü ilə bağlı qərar çıxarsınlar onu azadlığa buraxaq. Artıq ikinci qərar da verildi. Bəs niyə o yerinə yetirilmir? Mən ümid edirəm ki, gec də olsa, bu işə baxılacaq, yəni bu gün ya sabah, yaxın günlərdə baxılacaq, İlqar azadlığa çıxacaq. Bəraət alacağına ümid edirəm.

- Məhz bəraət alacağına ümid edirsiniz?

- Bəli. Çünki Avropa Məhkəməsinin qərarı var ki, bu adam haqsız yerə tutulub, haqsız yerə mühakimə olunub.

- İlqar Məmmədov özü bu haqda nə düşünür?

- O da Plenumu gözləyir. Düzü, İlqar bilirdi ki, bunlar Ali Məhkəmənin Plenumunun keçirilməsini son günə qədər uzadacaqlar, hətta bəlkə daha sonraya saxlayacaqlar... Biz amalımız uğrunda mübarizə aparırıq. Bu, heç də boş yerə deyil. İnşallah, hər şeyin vaxtı var. İnanıram, əminəm ki, apardığımız mübarizə boş yerə deyil. Ümidsiz deyilik. Düzdür, İlqar 5 ildən çoxdur həbsdədir. Ancaq bunun da sonu olacaq. Mütləq olacaq. Əminəm.

- Optimist danışdığınız bir vaxtda REAL Partiyasının üzvləri bir neçə sutka cəza alıblar.

- Belə bir təşəbbüs vardı ki, 28 Mayı, Cümhuriyyətin yüzilliyini siyasi fəallarla, gənclərlə, ziyalılarla birgə qeyd edək. Belə də oldu. Bu, etiraz aksiyası deyildi. Sadəcə, bayram keçirildi, orda yüksək əhval-ruhiyyə vardı, heç bir qanunsuz addım atılmadı. Belə çıxır ki, hakimiyyət özü yüzilliyi qeyd edə bilər, müxalifət qeyd edə bilməz? Burda qanunsuz bir iş yox idi. İlqarın mesajında da deyilir ki, sadəcə, yürüşdəki insanların ruhunu, ümidini gördülər və bundan qorxdularmı deyim, çəkindilərmi deyim... Çünki bu aksiyadan az sonra həbslərin başlanmasında bir məqsəd var, insanları qorxutmaq. Məqsəd odur ki, bir də kimsə çıxıb belə bayram etməsin, bir yerə toplaşmasın. Cümhuriyyətçilər belə şeylərdən qorxmurlar. İlqarın dediyi kimi, bu həbslərin sonu onların istədiyi kimi olmayacaq.

- Qızınız necədir?

- Doqquzuncu sinfi bitirir. İmtahanlara hazırlaşır. Yaxşıdır. O da atasının azadlığa çıxmasını gözləyir. İndiki vaxtda atası ona daha çox lazımdır. Çünki artıq iki ilə ali məktəbə qəbul olunmalıdır. Atası yanında olsa, daha yaxşı olar, atasının dəstəyi, məsləhətləri ona indi daha çox lazımdır.

Xatırlatma

İ.Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələri ilə bağlı kütləvi iğtişaşların təşkilində ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib.

AİHM hələ 2014-cü ilin mayında İ.Məmmədovun azadlıq hüququ və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Ancaq o, azadlığa buraxılmayıb.

Ötən il dekabrın 5-də Avropa Şurası Nazirlər Komitəsi (AŞNK) AİHM-in İ.Məmmədovla bağlı qərarının icra edilməməsinə görə Azərbaycana qarşı xüsusi prosedura başlanması barədə keçid qətnaməsi qəbul edib.

Ardınca AİHM Avropa Şurasının Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və həbsdə olan REAL Partiyasının lideri İ.Məmmədova məktub göndərib. Məktub AŞNK-in Azərbaycan tərəfinin İ.Məmmədovla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarının icra edilib-edilməməsi məsələsinə dair sorğusuna cavabdır. Məktubda tərəflərdən məsələ ilə bağlı mövqeləri soruşulurdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG