Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:15

Hal şahidləri, yoxsa ‘peşəkar’ üzəduranlar?


Donuz qripi Azərbaycana da gəlib? Şikayətlənənlər var
Gözlə

No media source currently available

0:00 0:14:23 0:00

Donuz qripi Azərbaycana da gəlib? Şikayətlənənlər var

Azərbaycanda öyrədilmiş adamların ictimai fəalların üzünə durması, həbs məqsədilə onların cibinə narkotik maddələrin qoyulmasına dair cəmiyyətdə və sosial mediada geniş yayılmış iddialar var.

Bu barədə bir çox beynəlxalq təşkilatların Azərbaycana aid hesabatlarında da bəhs olunur. Bir çox vəkillər, jurnalistlər, müxalifətçilər belə bir təcrübənin Azərbaycanda geniş yayıldığına inanırlar.

Xalq Cəbhəsi Partiyasının fəalı Elvin Abdullayevin ailəsi də belə hesab edir. Onu 2015-ci ildə külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham edib tutmuşdular. O iki il həbs yatdıqdan sonra azadlığa çıxmışdı.

Zülfiyyə Abdullayeva deyir ki, oğlunu şərləmişdilər
Zülfiyyə Abdullayeva deyir ki, oğlunu şərləmişdilər

Anası Zülfiyyə Abdullayeva deyir ki, oğlunu şərləmişdilər:

“Elvinin üzünə durmuş şəxs başqa neçə nəfərin də üzünə durmuşdu. Əsasən də ictimai fəal və ya müxalifətçi şəxslərin… Eyni adam dəfələrlə ayrı-ayrı adamların üzünə durmuşdu”.

Üzəduranlar həmişə olub

Bu mövzu həm də ona görə aktuallaşdı ki, dünən, yanvarın 22-də həbsdəki bloger Mehman Hüseynov barədə açılmış növbəti cinayət işinə xitam veriləndən sonra, onun, ədliyyə leytnantı Əli Abdalovla barışmasını əks etdirən video yayıldı.

Mehman Hüseynovu cəza çəkdiyi müəssisədə Əli Abdalova zor tətbiq etməkdə ittiham edirdilər. Bloger və tərəfdarları ittihamı qurama sayırdılar.

Vəkil Fariz Namazlı deyir ki, Mehman Hüseynovun Abdalova doğrudan da zor tətbiq edib-etməməsini bilmək üçün sübut yoxdur. Bununla belə, Fariz Namazlı deyir ki, hüquq-mühafizə orqanlarının təşkil etdiyi üzəduranlar, yalançı şahidlər indiyə qədər həmişə olub.

Eyni adam müxtəlif işlərdə hal şahidi olur

Hüquq müdafiəçisi Oqtay Gülalıyev deyir ki, ictimai fəallara qarşı daha çox hal şahidlərindən istifadə olunur:

“Elə hal şahidi var ki, bir çox proseslərdə iştirak edib. Məndə olan məlumata görə, hətta bu hal şahidləri ilə bağlı problem o səviyyəyə çatıb ki, bəzi məhkəmələr iddianı qəbul etmir, çünki Daxili İşlər Nazirliyi aşkar edib ki, bu hal şahidləri eyni vaxtlarda başqa işlərdə də çıxıblar. Bu gün də hal şahidləri vasitəsilə günahsız insanların şərlənməsi var və davam edir”.

Yeni Azərbaycan Partiyasının üzvü Elman Nəsirov isə yalançı şahidlərin təşkil olunması iddiasını tamamilə əsassız sayır. Onun sözlərinə görə, Azərbaycanda ümumiyyətlə siyasi məhbus yoxdur, polis və hüquq-mühafizə orqanları öz işini şərəflə yerinə yetirirlər:

“Siyasi manipulyasiya etməyə ehtiyac yoxdur. Azərbaycan polisi heç bir zaman heç kimi şərləyə bilməz. Polisin vəzifəsi qanun-qaydanı təmin etməkdir. Bundan savayı polisin kiməsə təzyiq etməsi qeyri-mümkündür. Bunlar hamısı ayrı-ayrı dairələrin, ünsürlərin uydurduğu məsələlərdir”.

Vəkil Fariz Namazlı deyir ki, üzədurma hadisələri yalnız siyasi məzmunlu işlərdə yox, sadə adamların işlərində də baş verir:

“Əvvəllər qanunsuz narkotik saxlama ittihamı ilə saxlanan şəxslər statistika naminə həbs olunurlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən hal şahidləri iddia edirlər ki, həmin şəxslərin narkotik istifadə etdiklərini görüblər”.

Ümumilikdə beynəlxalq hesabatlarda Azərbaycan qeyri-azad ölkə kimi qeyd olunur. Tənqidçilər siyasi hakimiyyətin hüquq-mühafizə orqanlarından öz xeyrinə istifadə etdiyini deyirlər.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG