Keçid linkləri

Təcili xəbərlər
2023, 26 Mart, bazar, Bakı vaxtı 09:54

Özbək müğənnilərə ‘çarpayıda uzanıb oxumaq’ qadağan edilir


Özbəkistan müğənnilərinə bədənlərindəki döymə şəkil və yazıları, habelə bahalı avtomobillərininümayiş etdirmək və ya çarpayıda uzanıb mahnı oxumaq bundan sonra qadağan ediləcək. Hökumət bu barədə qaydalarını son günlərdə elan edib.

Ölkənin musiqi sənayesinə nəzarət edən Uzbekkonsertin saytında dərc edilmiş yeni qaydalara görə bundan başqa kişi müğənnilərə “qadınsayağı geyinib bərbəzək asmaq” da qadağan olunur.

Uzbekkonsert bildirir ki, musiqi videoklipləri xalqın mədəniyyətinə və ənənələrinə uyğun olmalı, dinləyici və tamaşaçılara yüksək dəyərlər, vətənpərvərlik aşılamalıdır.

Bu qaydaları pozanlar onlara ifaçılıqla məşğul olmaq icazəsi verən lisenziyalarını itirəcəklər.

Bu qaydaların “nalayiq hərəkətlər” adlı bölümü 13 maddədən ibarətdir.

Bunlara bahalı maşın və malikanələrin nümayiş etdirilməsi, “ədəbsiz rəqs hərəkətləri” və “açıq-saçıq” geyimlərə qoyulan qadağanlar daxildir.

Bruno Mars özbək olsaydı

AzadlıqRadiosunun müxbiri Farangiz Najibullah yazır ki, dünyanın ən populyar musiqi videosu - Luis Fonsi və Daddy Yankee-nin Despacito klipinə indiyədək az qala 5 milyard dəfə baxılıb, amma o yeni qaydalarla Özbəkistanda çıxış edə bilməzdi.

Pop müğənnisi Bruno Mars 2017-ci ildə 6 Grammy mükafatı alıb, amma onu Özbəksitanda heç səhnənin yanına da buraxmazdılar.

Yeni qaydalar özbək müğənnilərə çarpayıda, özbəkcə deyilsə “yonboş” uzanıb mahnı oxumağı qadağan edir. Uzbekkonsertin etik normalarına görə musiqi klipləri “tənbəl həyat tərzini, utanmazlığı və eyş-işrəti” təbliğ etməməlidir.

Əlbəttə, qaydalar terrorizmin, narkotiklərdən istifadənin və içki düşgünlüyünün təbliğini də qadağan edir.

Yeni qaydalarda mahnıların dini və etnik hissləri qızışdırmaması tələb olunur.

Musiqi senzurası

Sənəddə deyilir ki, dövlət simvollarından – bayraq, gerb və prezidentin portretindən məsiliyyətsiz istifadə qadağandır.

Uzbekkonsert bundan əvvəl prezidenti mədh edən mahnıların oxunmasını qadağan etmişdi.

Təşkilat 2017-ci ilin iyununda bəyan etmişdi ki, “dövlət başçısına musiqi klipləri həsr etmək qeyri-etik hərəkət” sayılacaq.

Dilfuza İsmoilova prezidenti mədh etdiyinə görə tənqid edilmişdi
Dilfuza İsmoilova prezidenti mədh etdiyinə görə tənqid edilmişdi

Uzbekkonsertin bu qadağanı konkret olaraq müğənni Dilfuza Saidovanın musiqi videosu ilə bağlı idi. Özbəkistanın yeni prezidenti Şavkat Mirziyoyevə həsr edilmiş həmin mahnıda dövlət başçısı “sultan” adlandırılırdı.

İndi artıq YouTube saytından silinmiş o videodakı mahnıda Mirziyoyevin “Allahın Yerdəki kölgəsi” olduğu deyilirdi.

Özbəkistan Mədəniyyət Nazirliyinin adının çəkilməsini istəməyən rəsmisi AzadlıqRadiosunun Özbək xidmətinə deyib ki, musiqi videolarına yoxlama-baxış keçirilməsi üçün fevralın 12-dən etibarən 15 nəfərlik komissiya tərtib edilib.

Bu rəsmi bildirib ki, yeni qaydalar özbək mədəniyyətinin təbliği və əksinə Qərb təsirinin önlənməsi üçün tətbiq olunur.

Zokirovlar narazıdır

Özbəksitan musiqiçiləri və sənətçiləri yeni qaydalara qarışıq reaksiya veriblər.

Məşhur Zokirovlar musiqi sülaləsinin nümayəndəsi Cavohir Zokirov deyib ki, “incəsənətdə məhdudiyyətlərin qoyulması yaxşı bir iş deyil”.

Sovet zəmanəsinin pop sənətçisi Botır Zokirovdan başlanan sülaləyə məşhur Yalla qrupunun başçısı Farrux Zokirov da daxildir.

Lakin yeni qaydalardan ən çox təsirlənə biləcək ailə üzvü Amerikada yaşayan Nargiz Zokirovadır.

Cavohir Zokirov deyib ki, Nargizin sənətini onun bədənindəki döymə şəkillərə görə rədd etmək absurddur.

Lakin Özbəkistanın tanınmış tənqidçilərindən Akmal Rizayev hökumətin qərarında müsbət aspektlər gördüyünü bildirib.

Onun fikrincə, yeni qaydalar narkotik və alkoqolun səhnədə tərənnüm edilməsinə son qoyacaq.

O deyir ki, o, həm də dövlət atributlarından sui-istifadənin qadağanını alqışlayır. Tənqidçinin fikrincə müğənni Dilfuzanın mədhiyyəsi “hoqqabazlığın nümunəsidir və əlbəttə belə şeylər qanunlarla qadağan olunmalıdır”.

Müğənni Aziza Niyozmetova qoluaçıq paltarda oxuduğuna görə xəbərdarlıq alıb
Müğənni Aziza Niyozmetova qoluaçıq paltarda oxuduğuna görə xəbərdarlıq alıb

AzadlıqRadiosu yazır ki, yeni qaydalar olmadan da özbək müğənnilər illər boyu məhdudiyyətlərlə üzləşiblər.

2016-cı ildə pop müğənnisi Aziza Niyazmetovaya rəsmi xəbərdarlıq edilmişdi. Buna səbəb onun videoklipə qolsuz paltarda çəkilməsi olmuşdu.

XS
SM
MD
LG