Keçid linkləri

Təcili xəbərlər
2018, 23 Sentyabr, bazar, Bakı vaxtı 04:27

Baba himayəsində olan uşaq niyə sünnət zamanı öldü?


Sünnət (arxiv fotosu)

"Gözümüzün ağı, qarası, bircə balamızı gözlə-qaş arasında əlimizdən aldı. Arzuyla, niyyətlə sünnətini etmək istədik, ölüsü əlimizdə qaldı".

Masallının Musaküçə kəndində yaşayan Qardaş Hüseynov AzadlıqRadiosu-na 5 yaşlı nəvəsi Kənanın faciəsindən qəhərdən boğula-boğula danışır. Kənanın atası ötən il bir qəzada öldüyündən, o, baba himayəsində yaşayırmış.

Buna da bax:​ 'Nəvəm həkimlərin səhlənkarlığına görə öldü'

“5 DƏQİQƏDƏ HƏLL ELƏDİ”

Ötən ayın sonlarından Kənanın sünnət məsələsi ortaya çıxıb. Hamı məsləhət görüb ki, kənddə bütün uşaqları sünnət edən Ramiz həkimlə danışsın:

“Ramiz həkimlə danışdıq, dedik, ‘hansı klinikaya lazımdır, gətirək’. Dedi, orda klinikalıq nə var ki, elə evdə 5 dəqiqəyə həll edəcək. Onunla razılaşmağımı özümə bağışlamayacam. Uşağın halı klinikada pisləşsəydi, heç olmasa, dərhal tibbi yardım göstərilərdi, uşaq ölməzdi. Bu həkim uşağın həyatını, elə dediyi kimi, 5 dəqiqədə "həll elədi"”.

Babanın sözlərinə görə, Kənan əməliyyatdan qorxub, həkim əsəbiləşib:

Buna da bax: 'Doğum evi deyil, qəbiristanlıqdır, ora gedən sağ qayıtmır'

"Əvvəl uşağa acıqlandı, dedim, ‘körpədir, qorxur’. Sonra tutdu, bir iynə vurdu, uşağın halı dəyişdi. Dedik, ‘nooldu buna?’ Heç nə demədi, qəfil uşağı götürüb öz maşınına cumdu, bir göz qırpımında həyətdən yoxa çıxdı. Düşmüşük, bir-bir gümanımız gələn klinikaları gəzirik, telefona da cavab vermir. Axırda gəldik öz işlədiyi özəl klinikaya, dedilər, burdaydı, indicə çıxdı, təcili yardım xəstəxanasına getdi. Getdik dalınca, dedilər, ‘uşaq burdadır, Ramiz həkim özü yoxdur’. Elə orda da uşağın keçindiyini öyrəndik".

“ÖLÜM QORXUDAN BAŞ VERMƏYİB”

Özəl klinikalardan birində çalışan həkim Ramiz Sadıqov "Qaynar xətt"ə bildirib ki, Kənanın cinsi orqanına keyidici sprey vurub: "Kim istərdi ki, belə olsun. Gördüm uşağın vəziyyəti yaxşı deyil, öz maşınıma qoyub, Masallı rayon Mərkəzi Xəstəxanasına apardım. Bütün lazımi tibbi yardımlar göstərildi, nəticəsi olmadı".

Buna da bax:​ 'Sağlam körpəm həkimlərin əlində öldü'

Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi Masallının Musaküçə kəndində sünnət zamanı dünyasını dəyişən 5 yaşlı Kənan Hüseynovun ölümünün ilkin səbəbini açıqlayıb. Mərkəzdən “Trend” informasiya agentliyinə verilən məlumata görə, meyit üzərində aparılan ilkin müayinə zamanı gəlinən nəticəyə əsasən, ölümə səbəb anafilaktik şok olub. Şok uşağa "Novokain” dərmanının vurulmasından yaranıb:

"Ölüm qorxudan baş verməyib. Uşaqda "Novokain”ə reaksiya baş verib. Uşağın sağlamlığı ilə bağlı başqa problem olmayıb”.

5 yaşlı Kənanın ölümünə görə Masallı rayon prokurorluğunda araşdırma aparılır. Həkim və Kənanın ailə üzvlərinin ifadələri alınıb. Ailə həkimin cəzalandırılmasını tələb edir.

XS
SM
MD
LG