Keçid linkləri

2017, 25 İyun, bazar, Bakı vaxtı 23:08

Uşağı necə tamamilə pulsuz geydirmək olar


Dükanı Nurkhan Zhumabaeva özünün uşaq bağçasında yaradıb.

Bişkekdə qeyri-adi dükan açılıb. Burada əşyaları satmırlar, mübadilə edirlər. Dükanı açanlar onu «sosial» adlandırırlar. Əlindəki geyim kimə lazım deyilsə, gətirib bu dükana qoya bilər. Təzə paltar almağa imkanı olmayanlarsa gəlib mağazadan pulsuz geyim götürə bilərlər. Bu haqda CurrentTime.TV yazır.

«YENİDƏN GEYİNMƏK OLAR»

Bişkek sakini Ibragim Jabaev «sosial» mağazaya öz kiçik bacılarının köhnə paltarlarını gətirib. Deyir ki, bu paltarlar daha onlara lazım olmayacaq. Ancaq şəhərdə bu ətək və donlara ehtiyacı olan çoxdur. Ibragim bu qeyri-adi dükandan sosial şəbəkələr vasitəsilə xəbər tutub.

«Bəlkə bu, başqa uşaqları geydirməyə kömək edə bilər. Elə adamlar var ki, yaxşı paltar ala bilmirlər. Əgər yaxşı əşyalar varsa, onları yumaq, yaxşı görkəmə salaraq yenidən geyinmək olar», – Ibragim deyir.

Buna bənzər «xeyirxahlıq dükanı» artıq bir neçə aydır ki, Yekaterinburqda da fəaliyyət göstərir. Dükanı peşəsi elektrik olan Aleksei həyat yoldaşı ilə birlikdə açıb.

EVDƏ 3-4 UŞAQ VARSA...

Bişkekdəki dükanı isə iş adamı Nurkhan Zhumabaeva özünün uşaq bağçasında yaradıb. Elə uşaq bağçasının özü də adi bağça deyil. Bura bütün Qırğızıstanda diabetdən əziyyət çəkən uşaqların qayğısına qalındığı yeganə bağçadır. Burada körpələrə və onların valideynlərinə diabetlə düzgün yaşamağın yollarını öyrədirlər.

İlk vaxtlar yalnız xəstə uşaqlar üçün geyim toplanırdı.

«Resurs mərkəzimizə paltar gətirməyə başladılar. Yeganə şərtimiz o idi ki, geyimlər yaxşı durumda, təmiz, ütülü olsun. Beləliklə, bizim mərkəzdə paltar toplamağa başladılar. Ancaq bu paltarları təkcə diabetdən əziyyət çəkən uşaqlara yox, həm də sağlam uşaqlara paylayırıq. Valideynlərin evdə 3-4 uşağı varsa, özlərinin də sosial təminatı yoxdursa, yaxşı paltarları niyə də bölüşməyək?», - «Diabetsiz uşaqlıq» mərkəzinin direktoru N.Zhumabaeva deyir.

ÖZLƏRİ UTANIBLAR...

Gulnura Sultanova Zhumabaeva-nın mərkəzinin tipik müştərisidir. O, qonşu uşaqlar üçün paltara baxmağa gəlib. Onun sözlərinə görə, qonşunun ailəsi böyükdür, özləri də paltar üçün gəlməyə utanıblar. Əvəzində bunu Gulnura-dan xahiş ediblər.

«Bu sosial mağaza haqqında eşitdim. Qonşularım çoxuşaqlı ailədir. Dörd uşaqları var, kirayədə qalırlar. Onların belə köməyə çox ehtiyacı var. Qız birinci sinifdə oxuyur. Gəldim ona paltar tapım», – G.Sultanova deyir.

«Bizə uşaqlarının yaşı 14-dən yuxarı olan valideynlər çox müraciət edir. Bu yaşda həm bazarda, həm də dükanlarda nəsə tapmaq çox çətindir. Paltarlar ucuz deyil», – N.Zhumabaeva deyir.

Təşkilatçıların sözlərinə görə, bu yaxınlarda mərkəzə paltar götürməyə böyüklər də gəlməyə başlayıb. Səbəbsə sadədir: şəhərdə ikinci əl geyim dükanlarının sayı çox olsa da, orada paltardan ötrü pul ödəmək lazımdır. «Sosial» mağazada isə hər şey pulsuzdur.

Günün bütün mövzuları

XS
SM
MD
LG