Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:54

Uşağının 'ya ölüsünü, ya da dirisini' istəyir


Doğuş. Foto arxiv
Doğuş. Foto arxiv

2016-cı il aprelin 6-da Respublika Klinik Xəstəxanasında uşaq dünyaya gətirən Günay Axundova övladının ya dirisini, ya da ölüsünü görmək üçün ilyarımdır ki, prokurorluq və məhkəmə qapılarında qalıb. Deyir ki, «ölübsə belə, heç olmasa, sümüklərini versinlər, aparıb özüm basdırım».

Oktyabrın 16-da Bakı Apellyasiya Məhkəməsində bu məsələyə baxılıb və G.Axundovanın xeyrinə qərar çıxarılıb.

«7-8 KÖRPƏ BİR QƏBİRDƏ BASDIRILIB»

Olayın mahiyyətinə gəlincə, uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Əməliyyatdan sonra ananı xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriblər, amma hər dəfə uşağı soruşanda «yaxşıdır» deyiblər. Bu müddətdə ata da xəstəxanaya uşağa lazımlı dərmanlar, bezlər aparıb verib. Ana üç gün sonra palataya köçürüləndə övladını görmək istəyib, aldığı cavab belə olub: «Uşaq ölüb». «Bəs meyiti hanı» sualına isə cavab olaraq bildirilib ki, meyit tibbi ekspertizaya göndərilib.

***Buna da bax-'Sonra da dedilər, 'daha bizlik deyil''

G.Axundovanın sözlərinə görə, o, həyat yoldaşı ilə birlikdə Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinə yollanıb. Orada da deyiblər ki, körpənin meyiti aprelin 7-də onlara daxil olub, soyuducu probleminə görə saxlaya bilməyib, elə həmin gün dəfn olunmaq üçün Hövsandakı yiyəsizlər qəbiristanlığına göndəriblər.

Valideynlər bundan sonra Hövsana yollanıblar:

«Qəbiristanlıqda qarovulçu siyahıya baxıb dedi ki, aprelin 12-də üzərində «Günay Axundova» yazılmış körpə meyiti gətirilib, dəfn olunub. Amma mənim uşağımla birlikdə 7-8 ölü körpə gətirilib, hamısını da eyni qəbirdə basdırıblar. Ona görə də açıb, hansının mənim uşağım olduğunu müəyyənləşdirmək qəliz məsələdir. Hamısı da artıq çürüyüb».

UŞAĞIN ONUN OLUB-OLMADIĞINI MÜƏYYƏNLƏŞDİRƏ BİLMƏYİBLƏR

Baş verənlərə görə Respublika Klinik Xəstəxanasının rəhbərliyini, o cümlədən həkim Vüsalə Ağalarovanı günahlandıran G.Axundova bundan sonra prokurorluğa müraciət edib. Amma Yasamal Rayon Prokurorluğunda cinayət işi başlanması rədd olunub. Ana prokurorluğun qərarından məhkəməyə şikayət edib. Məhkəmə qərarı ləğv edib və yenidən araşdırılması üçün prokurorluğa qaytarıb. Bu dəfə G.Axundovanın övladı olduğu iddia olunan uşaq meyitinin qalıqları eksqumasiya edilib. Amma ekspertiza o uşağın G.Axundovaya məxsus olub-olmadığını müəyyənləşdirə bilməyib. Buna baxmayaraq, yenə də Yasamal Rayon Prokurorluğu hadisəyə görə məsuliyyət daşıyan şəxslər haqqında cinayət işi başlamağı məqsədə uyğun saymayıb və bir daha rədd qərarı verilib.

***Buna da bax-'Doğum evi deyil, qəbiristanlıqdır, ora gedən sağ qayıtmır'

G.Axundovanın vəkili Aqil Layıcov prokurorluğun qərarını yenə məhkəmədə mübahisələndirib. Yasamal Rayon Məhkəməsi bu dəfə prokurorluğu haqlı çıxarıb – məhkəmə nəzarəti qaydasında verilmiş şikayət təmin olunmayıb. Həmin qərardan apellyasiya şikayəti verilib.

HƏKİMLƏ BAĞLI ZİDDİYYƏTLİ QƏRARLAR

Vəkil bildirib ki, Respublika Klinik Xəstəxanasının rəhbərliyi bu hadisə ilə əlaqədar adı hallanan həkim haqda bir-birinə zidd qərarlar təqdim edib. Məsələn, birinci dəfə prokurorluğun qərarının ləğvi üçün Nərimanov Rayon Məhkəməsində işə baxılarkən xəstəxanadan verilən arayışda yazılıb ki, «həkim Vüsalə Ağalarovanın heç bir günahı olmadığına görə ona töhmət verilməyib». Amma prokurorluğun sorğusuna verilmiş cavabda isə baş həkim yazıb ki, həkim V.Ağalarova cəzalandırılıb, ona töhmət verilib:

«Burda sənədlərin saxtalaşdırılması və vəzifə səhlənkarlığı açıq-aşkar görünür. Uşaq ölübsə, onun ailəsi dərhal bu haqda məlumatlandırılmalıydı, meyit ailəyə təhvil verilməli idi. Bu, valideynlərin haqqıdır. Təəssüf ki, birinci instansiya məhkəməsi bu məsələlərə diqqət yetirmədi».

Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin edib – Yasamal Rayon Məhkəməsinin qərarı ləğv olunub, iş yenidən araşdırılması üçün prokurorluğa qaytarılıb.

Respublika Klinik Xəstəxanasının rəhbərliyi isə ittihamlarla razılaşmır. Xəstəxananın baş həkiminin müavini Mahir Babayev bildirib ki, ana reanimasiyada olanda uşaq ölmüşdü, yarımçıq doğulduğu üçün onu xilas etmək mümkün olmamışdı:

«Uşaq öləndən sonra Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Qayda belədir. Bundan ananın da xəbəri olub. Amma vaxtında gedib oradan cəsədi götürməyiblər, ona görə də Mərkəzin əməkdaşları onu Hövsanda yerləşən qəbiristanlıqda basdırıb. Ananın səsləndirdiyi ittihamlar tam əsassızdır».

G.Axundova xəstəxanaya qarşı mülki iddia da qaldırıb. Ananın pul tələbi ilə bağlı iddiası da hazırda Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG