Keçid linkləri

2024, 09 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:35

Övladınıza ən böyük yaxşılıq onunla birgə kitab oxumağınızdır


Foto illüstrasiya
Foto illüstrasiya

Uşaqlara kitab oxumağın çoxlu faydaları var. Uşaqlar kitablar vasitəsilə söz ehtiyatlarını artırır, gündəlik danışıqda az işlədilən sözləri öyrənirlər. Kitablar uşaqların abstrakt düşüncə qabiliyyətini inkişaf etdirir. Yetkin adam uşağa kitab oxuyanda onlar birlikdə şəkilləri nəzərdən keçirirlər, kitabda göstərilən fəaliyyət növlərini müzakirə edirlər, birlikdə məsələlərin həllini axtarırlar. Beləliklə, uşaqlar yeni biliklərə və məfhumlara yiyələnir.

Təkcə kitab oxumaqmı?

Azyaşlı uşaqlara kitab oxumağın uzunmüddətli faydaları ola bilər. Bu, sonradan onların məktəbdə uğur qazanmasına, təkcə oxu və ədəbiyyata yox, həm də riyaziyyata da asanlıqla yiyələnməsinə kömək edə bilər. Bundan başqa, erkən yaşlarda birgə kitab oxumaq imkansız ailələrin uşaqlarına sosial-iqtisadi statusun gətirdiyi məhdudiyyətlərə qalib gəlməyə kömək edir. Beləliklə, əgər uşağınıza bircə yaxşılıq etmək imkanınız varsa, bu, onlarla birlikdə kitab oxumaq olmalıdır.

Valideynlərin uşaqlarına kitab oxuması ilə bağlı tövsiyələr yeni deyil. Bununla bağlı müxtəlif ölkələrdə çoxlu təşəbbüslər, yarışlar və proqramlar olub.

Valideynlərin uşaqlara kitab oxumasının məhz hansı spesifik bacarıqları inkişaf etdirməsi, hələlik, tam aydın deyil. Bəlkə, uşağın inkişafına müsbət təsir göstərən təkcə kitab oxumaq yox, həm də valideynin onunla birgə gördüyü başqa işlərdir? Çünki, bir qayda olaraq, uşaqlarına çoxlu kitab oxuyan valideynlər həm də onlara çox sayda başqa mənbələr təklif edir, onlarla müxtəlif oyunlar oynayır və onları maraqlı yerlərə aparırlar.

Birlikdə nə qədər çox kitab oxusaz...

Avstraliyada aparılmış bir araşdırmada 2004-cü ildən bəri 10 min uşağın və onların ailələrinin inkişafını əks etdirən məlumat bazasından (LSAC) istifadə olunub. Məlumat bazasının araşdırılan hissəsində yaşı 0-1 arasında olan 4768 uşağın inkişafına xüsusi diqqət yetirilib. LSAC mütəxəssislərinin keçirdiyi üzbəüz müsahibələr zamanı valideynlər uşaqlarına tez-tez kitab oxuduqlarını bildiriblər.

Uşaqlar üçün azərbaycanca kitab tapmaq müşkülə dönüb?
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

LSAC mütəxəssisləri sonradan bu uşaqları 4 və 8 yaşlarına çatanadək izləyiblər. Valideynlərin çoxu uşaqlarına həftədə ən azı 3 dəfə kitab oxuduqlarını bildiriblər. Onların 61.6%-i uşaqlarına hər gün, 21.1%-i isə həftədə 3-5 dəfə kitab oxuyurmuş.

Araşdırmanın nəticələrinə görə, erkən yaşlarda uşaqlarla birlikdə kitab oxumağın faydaları özünü uzun müddətə göstərir. Valideynlər uşaqları iki yaşında olanda onlarla birlikdə nə qədər tez-tez kitab oxusalar, uşaqlar 4-5 yaşına çatanda onların nitqi və erkən akademik bilikləri (həndəsi fiqurları tanımaq və üzünü köçürmək, hərfləri və rəqəmləri yazmaq və s.) bir o qədər güclü olur.

Bundan başqa, erkən yaşlarında valideynləri ilə birlikdə kitab oxuyan uşaqlar 8-9 yaşlarında, üçüncü sinifdə olanda daha güclü riyazi biliklər nümayiş etdirirlər.

Tövsiyələr

Araşdırmanın ən maraqlı və müsbət nəticəsi imkansız ailələrdən çıxan uşaqların valideynləri ilə birlikdə kitab oxumaqdan böyük fayda götürməsidir. İmkansız ailələrin uşaqlarına tez-tez kitab oxunduqda onların həm dil bilikləri və söz ehtiyatı, həm də ümumilikdə akademik uğurları daha güclü olur.

Tədqiqatçılar başqa amillərin də uşağın inkişafına və gələcək uğurlarına nə dərəcədə təsir etdiyini müəyyənləşdirmək üçün onların evlərindəki uşaq kitablarının sayı, evdə uşaqla oynanılan oyunlar və görülən işlər kimi amilləri də nəzərdən keçiriblər. Bura uşaqlarla birlikdə şəkil çəkmək, musiqi çalmaq, oyuncaqlarla oynamaq və idman etmək kimi fəaliyyət növləri daxildir.

Tədqiqatçılar valideynlərə hər fürsətdə, hətta cəmi 10 dəqiqə vaxtları olsa belə, uşaqla birlikdə kitab oxumağı tövsiyə edirlər.

Bundan başqa, valideynlərə oxu dəqiqələrini interaktiv etmək tövsiyə olunur. Məsələn, valideyn uşağa kitabdakı sözlərin mənasını bilib-bilmədiyi, hekayənin necə bitəcəyi və personajların növbəti addımları haqda suallar verə bilər. Yəni, oxu dəqiqələrini öyrənmə seansına çevirmək lazımdır.

Heç də bütün kitablar eyni deyil. Mütəxəssislər valideynlərə erkən yaşda birgə oxu məşğuliyyətindən maksimum faydalanmaq üçün uşaqlarının yaşına ən uyğun kitabları seçməyi tövsiyə edirlər.

XS
SM
MD
LG