Keçid linkləri

2024, 16 İyun, bazar, Bakı vaxtı 05:01

Uşaqlarını izləyən valideynlər


Məkan izləmə əlavələri özlərini uşaq tərbiyəsinin mühüm parçası kimi təqdim edir...
Məkan izləmə əlavələri özlərini uşaq tərbiyəsinin mühüm parçası kimi təqdim edir...

BBC yazır ki, dünyada 32 milyon insan telefonuna "Life360" mobil əlavəsini yükləyib. Bu əlavə onlara yaxınlarını, xüsusən övladlarını izləməyə kömək edir. Onun köməyi ilə insanlar uşaqlarının harasa yollandığını, gərəksiz yerlərə getdiyini və s. öyrənə bilirlər. Uşaq məktəbə, yaxud evə çatanda mobil əlavədən bildiriş gəlir. Çoxları üçün bu, sadəcə, nigarançılığın azalması deməkdir.

Uşaq yetkinlik yaşına çatandan sonra...

Son 10 ildə ailə izləmə əlavələrinin populyarlığı kəskin artıb. Bu, əsasən, valideynlərin övladlarını qoruma instinkti ilə bağlıdır. Ancaq məqalədə iddia olunur ki, bu tip mobil əlavələrin get-gedə daha çox yüklənməsi əslində təhlükəlidir. Mütəxəssislər deyirlər ki, onlardan istifadə edən valideynlər bunu necə edəcəkləri və bunu uşaqlarına necə çatdıracaqları haqda çox ciddi götür-qoy etməlidirlər. Mobil əlavələrin günü-gündən daha da inkişaf edərək "ağıllanması" insanların şəxsi təhlükəsizliyi ilə bağlı ciddi suallar doğurur. Əlavələrin köməyi ilə izlənilən uşaqlar böyüyüb yetkin yaşa çatır, valideynlərsə əlavəni nə vaxt söndürəcəkləri ilə bağlı suallar qarşısında qalır.

"Life360" əlavəsi ailə izləmə bazarında dominantdır. O, hazırda Britaniya və ABŞ-da "iOS App" dükanında altıncı ən çox yüklənən mobil əlavədir. Ancaq onunla yanaşı, bazarda izləmənin bu və ya digər formasını təklif edən çox sayda başqa əlavələr də var.

İki izləmə variantı

Britaniyada fəaliyyət göstərən və valideynlərə internet təhlükəsizliyi ilə bağlı məsləhətlər verən "Internet Matters" rəqəmsal şirkətinin rəhbəri Qisleyn Bombusa deyir ki, əsasən, iki əsas izləmə variantı var. Ən sadə variant smartfona yüklənən məkan paylaşma əlavəsidir. "iOS" cihazları üçün "Find My Friends", "Android" cihazları üçün "Google Family" əlavəsi bu qəbildəndir. Ancaq üçüncü tərəflərin istehsalı olan və istifadəçilərə ona qoşulmuş insanlar haqda limitsiz məlumat toplamaq imkanı verən əlavələr də var.

"Geofencing" adlanan funksiya telefon müəyyən bir əraziyə daxil olanda, yaxud oranı tərk edəndə siqnal göndərir. Övladları sükan arxasında olan valideynlər üçün sürət monitorinqi və qəza tanıma funksiyaları da var. "FindMyKids" kimi əlavələrsə hətta daha uzağa gedib valideynlərə övladlarının telefonundakı mikrofonu məsafədən aktivləşdirmək imkanı da verir. "TeenSafe" əlavəsinin istehsalçıları isə iddia edirlər ki, uşaq heç vaxt valideynlərinin onları izlədiyini anlaya bilməyəcək.

Mobil əlavələr uşağın rəqəmsal həyatını izləməyə də imkan verir. "OurPact" kimi əlavələr valideynlərə uşağın internetdə keçirdiyi vaxtla bağlı skrinşotları görmək imkanı verir. "Bark" əlavəsi isə uşağın mesajlarını skan edib valideyni narahatedici ünsiyyətlə bağlı xəbərdar edir.

Böyüyən biznes

Britaniyada 2019-cu ildə keçirilən sorğunun nəticələrinə görə, bu ölkədə valideyn və qəyyumların 40 faizi bu və ya digər formada GPS izləmə əlavələrindən gündəlik istifadə edir.

Sözügedən əlavələr iri bizneslərə çevrilib. Məsələn, "Life360" artıq 1 milyard dollar dəyəri olan və 140-dan çox ölkədə işləyən şirkətdir. Bir çox əlavələrin pulsuz variantları da var. Əksər əlavələr müəyyən məbləğ müqabilində daha çox funksiyası olan və daha çox cihazı əhatə edən variantlara keçid təklif edir. İnternetdən istifadəni izləyən "Circle"ın aylıq abunəsi 9.99, "TeensSafe"in abunəsi isə 99.99 dollardan başlayır.

Məkan izləmə əlavələri özlərini uşaq tərbiyəsinin mühüm parçası kimi təqdim edir. Valideynlər övladlarının harada olduğunu bildikləri halda, onların təhlükədən uzaq olduğunu, yaxud izlənildikləri üçün özlərini "yaxşı" aparmağa çalışdıqlarını düşünürlər. Bu əlavələr də onların bu düşüncəsinə güvənir. Sözsüz ki, valideynlərin bu əlavələrin köməyi ilə qəza ilə üzləşmiş, yaxud oğurlanmış övladlarını tapdığı hallar da olub.

"Dağıdıcı nəticələr"

Ancaq London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) media və kommunikasiya kafedrasının professoru Sonya Livinqston bu əlavələrin uşaqları təhlükədən uzaq tutması ilə bağlı hər hansı dəlilə rast gəlmədiyini deyir.

Rəqəmsal dünyada uşaq tərbiyəsi mövzusunda bir neçə kitab yazmış Livinqston hesab edir ki, bu növ izləmə praktikaları valideyn-uşaq münasibətlərində qəsdən olmayan, lakin dağıdıcı nəticələrə yol aça bilər. Onun sözlərinə görə, bu növ izləmə bəzən valideynlər tərəfindən müdaxilədən sui-istifadəyə keçir. O, texnologiya şirkətlərinin bu tətbiqlər vasitəsilə topladığı nəhəng həcmdə datadan, bu gün 7-yaşlı uşağın məlumatını toplayan şirkətin gələcəkdə elə həmin uşağın taleyinə təsir imkanları əldə edə biləcəyindən də söz açıb.

Livinqston, eyni zamanda, daim izlənən, daim təhlükəli vəziyyətdən çıxarılan və heç vaxt öz yolunu özü tapmağa imkan tapmayan bu nəslin gələcəyindən də narahatdır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG